Uğurlu il, böyük perspektivlər
Müstəqillik yolunda
inamla addımlayan respublikamızın dinamik inkişafında əsaslı
rolu olan 2008-ci il özünün bir çox tarixi hadisələri
ilə yadda qalacaqdır. İqtisadi artım tempinə görə
dünyada lider mövqeyini qoruyub saxlayan Azərbaycanda
iqtisadiyyatın inkişafı uğurla davam etdirilmişdir.
Sosial sahədə aparılan islahatlar da sevindiricidir. Əmək
haqları, pensiya və müavinətlər bir neçə dəfə
artırılıb, müasir infrastruktur layihələri həyata
keçirilib. Yeni sənaye və emal müəssisələri,
müasir təhsil, səhiyyə və digər xidmət
obyektləri, olimpiya idman kompleksləri tikilib istifadəyə
verilib. Qərb standartlarına uyğun magistral yollar,
körpülər salınıb. Nəqliyyat, energetika, tikinti
və digər sahələri əhatə edən infrastruktur
layihələri uğurla icra olunur.
2008-ci ilin ən
böyük hadisəsi ölkədə prezident seçkilərinin
keçirilməsi olmuşdur. Bu seçki şəffaf,
demokratik şəkildə aparılmış, Azərbaycan
xalqı yekdillik nümayiş etdirərək cənab
İlham Əliyevi ikinci dəfə Prezident seçmişdir.
Məlumdur ki, neft sənayesi
özünün inkişaf mərhələsindədir və
bununla yanaşı, qeyri-neft sektorunun inkişafı da ön
plandadır. Qeyri-neft sektorunda əsas məsələlərdən
biri iqtisadiyyatın diversifikasiyasını təmin etməkdir.
Bu o deməkdir ki, ənənəvi olaraq məlum sahələr
neft gəlirləri əsasında inkişaf etməlidir. Bunlar
ərzaq təhlükəsizliyi, yüngül sənaye və
turizm sahələridir.
15 ilə yaxın bir
müddətdə fəaliyyət göstərən ASPİ
bu və digər məsələlərin həlli ilə
bağlı bir çox mühüm layihələri həyata
keçirmişdir. Əsas diqqəti regionların və
özəl sektorun inkişafına yönəldən şirkət
son vaxtlar Dövlət Əmlakının İdarə
Olunması üzrə Dövlət Komitəsi ilə birgə
işləyir. Artıq 2 ildir ki, mütəmadi olaraq
respublikanın bütün regionlarında kiçik və orta
özəlləşdirilmiş müəssisələrdə
işçi seminarlar, treninqlər keçirilmişdir. Azərbaycanda
istehsalçıların texnoloji cəhətdən yeniləşmə
imkanlarını artırmaq üçün xaricdə
biznesturlar təşkil edilmiş, yeni avadanlıqların
ölkəmizə gətirilməsi istiqamətində işlər
görülmüşdür.
İlin yekunu Azərbaycanda
tekstil sənayesinin inkişafına dair layihələrin
müvəffəqiyyətlə həyata keçirilməsi ilə
yadda qalacaqdır. Bu layihə çərçivəsində
özəlləşmiş 12 müəssisə
üçün inkişaf strategiyaları
hazırlanmış, onların reklam və marketinq imkanları
genişləndirilmişdir. Eyni zamanda müəssisələrin
internet səhifələri, bukletlər, mühasibat
uçotunda beynəlxalq standartlar tətbiq olunmuş və
texnoloji yeniləşmə və investisiya cəlb olunması
məqsədilə Türkiyənin ən qabaqcıl
istehsalçıları ilə işgüzar əlaqələr
qurulmuşdur.
Məmmədzadə İ.
Respublika.- 2008.- 27 dekabr.- S.5.