ABB-Moskva Milli Bank mükafatına layiq görülmüşdür

 

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan ABB-Moskva, Rusiya banklar assosiasiyası və Rusiya regional banklar assosiasiyası tərəfindən Rusiya Bankının dəstəyi ilə təşkil olunmuş "Milli Bank mükafatı"na layiq görülmüşdür.

ABB-Moskvadan verilən məlumata görə, 2008-ci ilin yekunlarına görə ABB-Moskva "Rusiya iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə vermiş xarici bank" nominasiyasında mükafata layiq görülmüşdür.

Qeyd edək ki, bu mükafat ABB-Moskva üçün yalnız layiqli iddiaçılar sırasından ən yaxşılarını seçmiş ekspert şurasının rəyini ifadə edən yüksək qiymət deyil, həm də bank tərəfindən seçilmiş, pozitiv inkişaf strategiyasının düzgünlüyünün növbəti təsdiqidir.

Hazırda ABB-Moskva özündə mükəmməl xidmət və yüksək etibarlılıq məfhumlarını birləşdirən, müştərilərin inamla yanaşdığı və işgüzar dairələrdə kifayət qədər tanınmış müasir maliyyə təşkilatıdır. Bank Azərbaycan və Rusiya biznes strukturları arasında ənənəvi iqtisadi münasibətlərin möhkəmləndirilməsində diqqətəlayiq rol oynayır.

 

 

Adilqızı N.

 

Respublika.- 2008.- 27 dekabr.- S.8.