Lənkəranda çay bayramı keçirildi
Göyşaban dairəsində
salınmış xalq sənətkarlığı şəhərciyi
bayramsayağı bəzədilmişdi. Şəhərciyin
girəcəyində iri samovar və armudu stəkan
qoyulmuşdur. Yaşıl çay kolları, limon
ağacları meydana xüsusi yaraşıq verirdi. Lənkəranda
istehsal olunan çay məhsullarından nümunələr,
cürbəcür şirniyyatlar, mürəbbələr
stolların üstünə düzülmüşdü.
Ağ xalat geyinmiş
çayçılar tədbir
iştirakçılarını samovar çayına dəvət
edirdilər. Bir qədər aralıda sacların üstündə
lavaş bişirilirdi. Beynəlxalq kulinariya müsabiqələrinin
qalibi, dünya şöhrətli aşpaz Şahhüseyn Kərimov
çəkisi 107 kiloqram olan iri ərzuman küftəsini
hazırlayırdı.
Lənkəran və
onun simvollarından biri olan yaşıl çay haqqında
şən mahnılar ətrafa yayılırdı. Milli geyimli
qızların rəqsləri, "Nənələr"
ansamblının ifa etdiyi folklor nümunələri hamıda
bayram əhval-ruhiyyəsi yaradırdı.
Respublikamızda ilk dəfə
olaraq Lənkəranda çay bayramı keçirilirdi. Tədbirə
rayonun əmək adamları, çay-becərənlər,
ziyalılar, ictimaiyyətin nümayəndələri dəvət
olunmuşdular.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov, Milli Məclisin üzvü Rüfət Quliyev,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,
qonaqlar "Lənkərançay", "Lənkərançay-1",
"Lənkərançay-5" və "Lənkəran
Onur" MMC-lərin hazırladığı məhsulların
nümunələrinə baxdılar.
Bayram mərasimini Qafqaz
çay assosiasiyasının prezidenti, kənd təsərrüfatı
elmləri doktoru, professor Fərman Quliyev açaraq
çayçılığın tarixi barədə məlumat
verdi. Lənkəranda yaşıl çayın 1896-cı ildən
əkildiyini, Lənkəran çayının dəfələrlə
dünya sərgilərində qızıl medala layiq
görüldüyünü, bu yaxınlarda Tbilisi şəhərində
beynəlxalq çay festivalının keçirildiyini məmnunluqla
qeyd etdi. Çayı strateji ərzaq məhsulu kimi dəyərləndirən
alim ölkəmizdə çayçılığın
inkişafına göstərilən qayğıdan söhbət
açdı.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov tədbirin keçirilməsində
ağsaqqalların, ziyalıların, sadə zəhmət
adamlarının rolunu yüksək qiymətləndirdi.
İcra başçısı Azərbaycan Prezidenti cənab
İlham Əliyevin aqrar sahənin inkişafına xüsusi
qayğı göstərdiyini, son illər Lənkəranda
çayçılığın inkişafı sahəsində
ardıcıl tədbirlərin həyata keçirildiyini
bildirdi və tədbir iştirakçılarına ən
xoş, səmimi arzularını çatdırdı.
Sonra aşpaz
Şahhüseyn Kərimovun bişirdiyi ərzuman küftəsi
tədbir iştirakçılarına təqdim olundu. Ən
yaxşı çayçı müsabiqəsinin qaliblərini
şəhər icra hakimiyyətinin başçısı
qiymətli hədiyyələrlə mükafatlandırdı.
Həsənov Ə.
Respublika.- 2008.- 30 dekabr.- S.11.