Heydər Əliyev Məktəb-Muzeyində tədbir

 

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Dəyirmi masa"nı giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev öncə Heydər Əliyev irsini öyrənmək üçün yeni istifadəyə verilmiş məktəb-muzeyin fəaliyyətə başlaması münasibətilə hamını təbrik etdi.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mədəniyyətini, dilini, tarixini göz bəbəyi kimi qoruyan ümummilli liderimiz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı azərbaycançılıq idealları ətrafında milli birliyə və milli həmrəyliyə çağırırdı. Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən fəaliyyət proqramı Heydər Əliyev zəngin irsinin gələcək nəsillər tərəfindən tədqiq edilərkən daha böyük əzəməti duyulacaqdır.

Çünki dərin düşünülmüş və uzaq gələcəyə hesablanmış həmin proqramlar təkcə dünən və bu gün üçün deyil, qərinələr və əsrlər bundan sonra da xalqımızın milli birliyinin, vəhdətinin proqramına çevriləcəkdir. Azərbaycanın bugünkü inkişaf və tərəqqisi taleyüklü məsələlərdə milli həmrəyliyinin təntənəsi üçün biz Heydər Əliyevin uzaqgörən siyasətinə çox borcluyuq.

Heydər Əliyev Məktəb-Muzeyinin elmi işlər üzrə mütəxəssisi Asif Əsgərli dahi öndərimizin azərbaycançılıq məfkurəsi ətrafında gördüyü işləri xronoloji ardıcıllıqla diqqətə çatdırdı. Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının tarixi əhəmiyyətindən də danışdı. Məhz həmin komitənin yaradılmasından sonra Azərbaycan diasporu fəaliyyətinin milli maraqlarımızın gerçəkləşməsi istiqamətində mərkəzləşdirilməsinə imkan verdi.

Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsidir, - deyə çıxış edən Yasamal Rayon Gənclər İdarəsinin sədri İlham Səfərov ölkəmizdə həm də dövlət gənclər siyasətinin yaranmasında və inkişafında ümummilli liderimizin xidmətlərini xüsusi qeyd etdi".

Sonra BDU Tələbələrin Həmkarlar Komitəsinin sədri Daşqın Qəmbərov, 158 saylı məktəbdən əməkdar müəllim Babək Xubyarov, Heydər Əliyev Məktəb-Muzeyinin bələdçisi Günay Qasımova, 20 saylı məktəb-liseyin direktoru Əkbər Qocayev çıxış etdilər.

Tədbirin sonunda Yasamal RİH başçısı İbrahim Mehdiyev yekun sözündə söylədi: "Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diasporun gücləndirilməsini prioritet istiqamətlərdən biri hesab edərək bu məsələyə xüsusi əhəmiyyət verir. Xüsusilə xaricdə türk-Azərbaycan diasporunun gücləndirilməsinə diqqət artıran Prezident onları vahid mərkəzdə birləşməyə və vahid mövqedə fəaliyyət göstərməyə səsləyir. Hər bir azərbaycanlı da öz növbəsində bu çağırışa əməli işi ilə nümunəvi cavab verməlidir", - deyə RİH başçısı bir daha hamıya uğurlar dilədi.

 

 

Rəhimzadə M.

 

Respublika.- 2008.- 28 dekabr.- S. 3.