Azərbaycan Gənclərinin lideri
Ümummilli liderin əsasını
qoyduğu gənclər və idman siyasəti bu gün onun
layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir
Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra ölkədə
uğurla həyata keçirilən gənclər və idman
siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi
potensialının möhkəmləndirilməsi və bu
potensialın tam açılmasına xidmət edən kompleks
tədbirlərin gerçəkləşdirilməsi
olmuşdur. Son beş ildə bu strateji xətti uğurla davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə
layiq olduqları imkanlar səviyyəsində geniş meydan
verilməsinə, bu təbəqənin zəruri tələbat
və ehtiyaclarının ödənilməsinə
çalışmışdır. Dövlət
başçısının bu çevik sosial zümrəyə
diqqət və qayğısı ulu öndər Heydər Əliyevin
möhkəm təməllərlə əsasını
qoyduğu gənclər siyasətinin məntiqi
davamıdır.
Xatırlatmaq
lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
cəmiyyəti təhlükələrə sürükləyən
siyasi, iqtisadi, mənəvi-ideoloji problemlər üzündən
ölkədə gənclər və idman siyasəti tam diqqətdən
kənarda qalmışdı. O zaman hakimiyyətdə olan
qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin
başsız, nizamsız, pərakəndə topluma
çevrilməsinə gətirib
çıxarmışdı. Öz siyasi ambisiyaları naminə
Azərbaycanı böhranlara sürükləyən möhtəkir
qüvvələr məqsədlərinə çatmaq
üçün, ilk növbədə, gəncliyimizdən bir
vasitə kimi istifadə edir, ölkənin gələcəyinə
qəsd yolu tuturdular. Həmin illərdə Azərbaycanda
müxtəlif adlar altında çoxsaylı gənclər təşkilatları
ortaya çıxmışdı. Ölkədəki mövcud
hərcmərclik şəraitində yaranan bu təşkilatların
çoxunda siyasiləşmə, populizm meyilləri
özünü büruzə verirdi. Bu təşkilatların
bir çoxu o dövrdə fəaliyyət göstərən
müxtəlif yönlü siyasi partiya və qurumların təsiri
altına düşmüşdü.
Ümummilli lider Heydər
Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan
xaos və anarxiya girbadından çıxdığı kimi,
idmanımızın inkişafı, gənc nəslin mənəvi-əxlaqi
tərbiyəsinin gücləndirilməsi məsələləri
də dövlət siyasətinin mühüm qollarından
birinə çevrildi. Gənclər, bədən tərbiyəsi
və idman sahəsində ciddi irəliləyişlər təmin
olundu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə
tanınması, olimpiya hərəkatına qoşulması
prosesi geniş vüsət aldı. O ağır dövrdə
xalqının səsinə səs verərək xilaskar kimi
özünü yetirən, qardaş
qırğınlarının qarşısını alan,
ölkənin parçalanmasına imkan verməyən, Azərbaycan
dövlətini işıqlı bir yola çıxaran Heydər
Əliyevin 1993-cü ilin 15 sentyabrında - ölkədə
ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir
zamanda gənclərlə görüşə vaxt tapması,
onların problemlərini dinləməsi ümummilli liderin Azərbaycan
gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi
böyük önəmin, onun Azərbaycan gəncliyinə
böyük rəğbət və qayğısının
göstəricisi idi. Ulu öndərin Milli Məclisdə gənclərlə
məlum görüşü Azərbaycanın müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünün
qorunması, ölkədə hüquqi, demokratik dövlət
quruculuğu prosesinin uğurla həyata keçirilməsi, gənclərin
ayrı-ayrı siyasi partiya və qurumların deyil,
ümummilli və dövlət mənafeləri əsasında
səfərbər edilməsi, vahid gənclər siyasətinin
işlənib hazırlanması zəruriliyini ortaya qoydu. Azərbaycan
gəncliyinin yenidən təşkilatlanması, ölkədə
gənclər hərəkatının, gənclik əzmi və
enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə
böyük öndər 1994-cü ilin 26 iyul tarixində Gənclər,
İdman və Turizm Nazirliyinin yaradılması barədə fərman
imzalamışdır.
Ulu öndər Heydər
Əliyev Gənclər və İdman Nazirliyi
qarşısında konkret vəzifələr müəyyənləşdirmişdi.
Bu vəzifələr Azərbaycan dövlətinin gənclər
siyasətinin düzgün icrasından, idmanın
inkişafından, Azərbaycanın qüdrətli dövlətə
çevrilməsi naminə gənclərin imkanlarından daha
dolğun istifadə edilməsi və bütün bunlar
üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati
şəraitin yaradılmasından ibarət idi. Gənc nəslin
tərbiyəsi, onların sosial, fiziki və mənəvi
inkişafını təmin edən bütün fəaliyyət
sahələrinin istiqamətləndirilməsi, gənclərin
dünya dəyərlərinə yiyələnmələri,
idmanımızın dünya səviyyəsində
inkişafı, əhalinin fiziki sağlamlığı məqsədilə
bədən tərbiyəsinin kütləviliyinin təmin
edilməsi və s. bu kimi məsələlər nazirlik
qarşısında qoyulmuş konkret vəzifələrdən
idi. Heydər Əliyev imzaladığı bu fərmanla Azərbaycan
gəncliyinin milli məfkurə əsasında
inkişafının əsası qoyulmuş oldu.
Ulu öndərimiz
1995-ci ilin martında respublika gəncləri ilə
görüşərkən, onların sağlam ruhda tərbiyə
almaları və əsl vətəndaş kimi yetişmələri
naminə əlindən gələni əsirgəməyəcəyini
bir daha bəyan etdi. Bu bəyanatın real təzahürü
1996-cı ilin 2 fevralından - Azərbaycan gənclərinin
birinci forumundan etibarən ümummilli liderimiz Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə hər
üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil
edilməsi, ölkədə gənclər gününün təsis
olunması, gənclərin problemlərinin həllinə
yönələn çoxsaylı fərman və sərəncamların
imzalanması, qanunların qəbulu, onların dövlət
quruculuğu prosesinə cəlb edilməsi ilə
reallığa çevrildi. Həmin forumda ümummilli lider gənclər
və idman siyasəti sayəsində görüləsi
işlərdən danışaraq, proqram xarakterli
çıxışı ilə Azərbaycan gəncliyi
qarşısında konkret vəzifələr müəyyənləşdirdi.
Heydər Əliyev gənclərin problemlərinə toxunarkən,
idmanın və bədən tərbiyəsinin indiki vəziyyəti
haqqında fikir və mülahizələrini söylədi, bədən
tərbiyəsi və idmanın xalqın
sağlamlığı ilə bağlı mühüm bir sahə
olduğunu dilə gətirdi. Ulu öndərimiz eyni zamanda
bildirdi ki, hər bir Azərbaycan gənci öz həyat yolunu
müstəqil Azərbaycan Respublikasının gələcək
yolu kimi qəbul etməli, özünü gələcək həyat
yollarında addımlamaq üçün hazırlayarkən və
fəaliyyətə başlayıb onu davam etdirərkən,
ilk növbədə müstəqil Azərbaycanın
bugünü və gələcəyi haqqında
düşünməlidir. "Bu, sizin vəzifələrinizdir
və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə,
Vətəndə, ölkədə öz vəzifələrini
layiqincə yerinə yetirməyə
çalışmalıdır. Əgər ümumi şəkildə
desək, gənclərimizin əsas vəzifəsi
özünü müstəqil Azərbaycan
Respublikasının inkişafına həsr etməkdən,
müstəqil Azərbaycan Respublikasının
yaşamasına və əbədiliyinə həsr etməkdən
ibarət olmalıdır. Azərbaycan xalqının çoxəsrlik
tarixində nailiyyətləri də olub, ağır dövrləri
də olub, qələbələri də olub, məğlubiyyətləri
də. Ancaq bizim xalqımızın tarixində, ölkəmizin
tarixində dövlət müstəqilliyini əldə etmək
kimi bir nailiyyət olmayıb. İndiyə qədər hər
bir azərbaycanlı üçün bu qədər
böyük nailiyyət olmayıb. Bunu dərk etmək, qoruyub
saxlamaq lazımdır".
Ulu öndərimiz Heydər
Əliyevin 1 fevral 1997-ci il tarixdə imzaladığı fərmana
əsasən fevral ayının 2-si Azərbaycanda Gəncləri
Günü elan edilmişdir. Ümummilli lider sonrakı mərhələdə
də dövlət gənclər siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılmasını təmin
etmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən
tərbiyəsi də idman haqqında", "Azərbaycanın
gənc istedadlarına dövlət qayğısı
haqqında", "Gənc istedadlar üçün
xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Dövlət gənclər siyasəti
haqqında" qanun, fərman və sərəncamlar, habelə
"Gənc ailə" proqramı,
"Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin
sosial iqtisadi və s. problemlərinin həllinə
yönəlmiş, onların öz qabiliyyətlərini
inkişaf etdirmələrinə kömək edən dövlət
proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu
baxımdan xüsusi vurğulanmalıdır. Bu qanunlar, fərman,
sərəncam və dövlət proqramları gənc nəslin
mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji
cəhətdən yetkinləşməsinə, sosial problemlərinin
həllinə, faydalı məşğulluğunun təmin
olunmasına, habelə idmanın kütləviləşməsinə
əsaslı təsir göstərmişdir.
2003-cü ilin
oktyabrından bu siyasət Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, dövlət
başçısı cənab İlham Əliyev tərəfindən
inamla davam etdirilir. Fəqət, cənab İlham Əliyevin bu
sahədə gördüyü işlərin son 5 illə məhdudlaşmadığı
da xüsusi vurğulanmalıdır. Hələ 1997-ci ildə
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə
İlham Əliyev kimi idarəçi və təşkilatçı
bir şəxsin seçilməsi idman və gənclər
siyasəti sahəsində həyata keçirilən dövlət
siyasətinin yeni şəraitdə gerçəkləşməsinə
böyük imkanlar açmışdır. MOK prezidenti cənab
İlham Əliyev ölkədə Olimpiya hərəkatının
genişlənməsi, idman və bədən tərbiyəsinin
tərəqqisi, daha geniş coğrafi məkanda təbliği,
habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu
üzvünə çevrilməsi üçün ciddi tədbirlər
həyata keçirmişdir. İdmana dövlət
qayğısı ilə yanaşı, onun maddi-texniki
bazasının möhkəmləndirilməsi yolunda ciddi
işlər görülmüşdür. Bu sahəyə
göstərilən diqqət və qayğı Azərbaycanın
milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər
və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi
məqsədindən irəli gəlmişdir. Son 10 ildə
Bakıda, Maştağada, habelə Naxçıvanda, Gəncədə,
Şəkidə, Bərdədə, Lənkəranda, Qubada,
Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda və digər
rayonlarda dünya standartlarına uyğun olimpiya idman kompleksləri
tikilərək idmançıların istifadəsinə
verilmişdir. "Yaxt-klub", atıcılıq stendi və
taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks
etdirən möhtəşəm idman obyektləridir.
Dövlət
başçısı İlham Əliyev gənclərin
potensialından ölkənin mənafeyi naminə tam və
düzgün istifadə olunması, onların faydalı məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
30 avqust 2005-ci il tarixdə imzaladığı "Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)
təsdiq edilməsi haqqında" Sərəncam
imzalamışdır. Sözügedən sərəncam
mühüm sənəd olmaqla, gənclərə dövlət
qayğısının artırılması məqsədinə
xidmət edir. Sərəncamda Azərbaycanda dövlət gənclər
siyasətinin başlıca istiqamətləri
açıqlanmış, habelə bu təbəqəyə
diqqətin artırılması üçün konkret tədbirlərin
hazırlanması və maliyyələşdirilməsi Nazirlər
Kabinetinə həvalə olunmuşdur.
Yeniyetmə və gənclərin
vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi,
gənclərin məşğulluğunun təmin edilməsi,
onların sahibkarlıq fəaliyyətinə kömək
göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən
yaradıcı və istedadlı gənclərə, gənc
ailələrə dövlət qayğısının
artırılması, onların mənzil şəraitinin
yaxşılaşdırılması, gənclərin dövlət
quruculuğu işlərinə geniş cəlb olunması və
bu kimi digər məsələlər Dövlət
Proqramında əksini tapmışdır. Proqrama əsasən
aidiyyəti nazirlik və komitələr 2005-2009-cu illər ərzində
gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, hərbivətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi, milli ruhda yüksək tərbiyə
və təhsil alması, yaradıcılıq
axtarışlarının stimullaşdırılması,
onların arasında sağlam həyat tərzinin təbliğ
olunması, habelə hərbi xidmətə həvəsləndirilməsi,
milli-ədəbi irsə bağlılığının təmin
edilməsi və digər məqsədlərlə kompleks tədbirlər
həyata keçirməlidir. İstedadlı şagird, tələbə
və gənc alimlərin beynəlxalq müsabiqələrdə,
elmi konfranslarda, simpozium və seminarlarda iştirakının təmin
edilməsi, gənclər siyasətinin aktual məsələləri
üzrə gənc jurnalistlərin müsabiqələrinin
keçirilməsi, gənc yazarların əsərlərinin nəşrinə
kömək göstərilməsi, qaçqın və məcburi
köçkün gənclərin yaradıcılıq
festivallarının keçirilməsi və s. zəruri məsələlər
diqqətdən yayınmamışdır.
Azərbaycanda gənclər
siyasətinin daha dolğun və hərtərəfli təşkili
üçün Prezident İlham Əliyev 2006-cı ildə Gənclər
və İdman Nazirliyinin yaradılması haqqında sərəncam
imzalamışdır. Bu zaman gənclər və idman sahəsində
həyata keçirilən siyasətin səmərəliliyinin
artırılması məqsədi ön plana çəkilmişdir.
Eyni zamanda 2007-ci ilin Azərbaycanda "Gənclər ili"
elan olunması da dövlət başçısının bu
sosial zümrəyə diqqət və
qayğısının təzahürüdür.
Azərbaycanda idman və
gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə
qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Bir vaxtlar maddi çətinliklər üzündən
respublikamızı tərk etmiş çoxlu sayda
idmançı gənc geri qayıdaraq respublikamızın
idman şərəfini uca tutur, üçrəngli
bayrağımızı göylərə qaldırır.
Respublikada beynəlxalq səviyyəli yarışlar təşkil
olunur, idmançılarımız hər il müxtəlif
idman növləri üzrə keçirilən Avropa və
dünya çempionatlarına qatılaraq uğurlu nəticələr
göstərirlər. Dövlət başçısı
İlham Əliyevin əksər hallarda bu yarışları
birbaşa izləməsi, idmançılarımıza mənəvi
və maddi dəstək verməsi, onları
ruhlandırması da vacib məqam kimi
vurğulanmalıdır.
Ötən il Çin
Xalq Respublikasında keçirilmiş XXIX yay Olimpiya
oyunları idman hərəkatının geniş vüsət
aldığı Azərbaycan üçün də əlamətdar
olmuşdur. Beynəlxalq miqyaslı tədbirin yekunları
ölkədə idmanın yüksəliş yolunda
olduğunu bir daha təsdiqləməklə yanaşı, bu
sahənin inkişafına göstərilən qayğı və
zəhmətin hədər getmədiyini göstərmişdir.
Azərbaycan yığmasının üzvləri Çin
yarışlarında layiqincə mübarizə apararaq
mövcud gerçəklikdə mümkün olan ən
uğurlu nəticəni göstərməyə və
adlarını olimpiya salnaməsinə yazmağa müvəffəq
olmuşlar. Gənc idmançılarımız Olimpiya
oyunlarının tarixi məsuliyyətini və şərəfini
dərk etməklə, böyük əzmkarlıq, qətiyyət
ortaya qoymaqla, üzərilərinə düşən vəzifənin
öhdəsindən maksimum gəlməyə
çalışdılar. Bu əlamətdar hadisə həm də
göstərdi ki, ümumbəşəri dəyərlərin
tərkib hissəsi kimi, Azərbaycanda idman və bədən
tərbiyəsinin kütləviləşməsinə
mühüm önəm verilir. Eyni zamanda MOK rəhbərliyinin
peşəkarlığı, təşkilatçılıq
məharəti, qətiyyəti, iradəsi, qarşıya
qoyulmuş məqsəd və vəzifəyə doğru
addım-addım, təmkinlə irəliləmək
bacarığı sayəsində Azərbaycan idmanı
özünün yüksəliş dövrünü
yaşayır.
Dövlət
səviyyəsində göstərilən diqqət və
qayğının nəticəsidir ki, Azərbaycan
gəncliyi cəmiyyətin
inkişafında fəal sosial təbəqə kimi iştirak
edir və öz
sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli
inkişafı vaxtında elə bir sahə tapılmaz ki, orada
müasir gəncliyin izi
görünməsin. Gənclər bu gün demokratikləşmə
prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir,
zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar
atırlar. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik
ənənələrini uca tutur, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında gerçəkləşdirilən
islahatlara yaxından dəstək
verirlər.
Elşad ABDULLAYEV,
Azərbaycan Beynəlxalq Universitetinin
rektoru, hüquq elmləri doktoru, professor.
Respublika.- 2009.- 1 fevral.- S. 4.