Onlar bizim gələcəyimizdir
Bəşəriyyət
bütün dövrlərdə, bütün zamanlarda
sabahını, gələcəyini gəncliyə həvalə
edib. Gənclik inkişaf, gənclik ümid, yenilik deməkdir.
Xalqımızın müqəddəratı da onun ən qiymətli
sərvəti olan gəncliyin əlindədir. Bu gün ölkə
əhalisinin təxminən 30 faizini təşkil edən gəncliyin
xoşbəxt olması üçün gənclərə
göstərilən dövlət qayğısı daha da
artırılır. Onların sosial-iqtisadi problemlərinin həlli
sahəsində nəzərəçarpacaq işlər
görülür. Öndə gedən gəncliyimizin
bacarıqlarını göstərməsində, yüksək
təhsil almasında, elm və təhsil sahəsində təşəbbüslərinin
reallaşmasında bu qayğı daim hiss olunmaqdadır. Bu
gün respublikamızın gəncləri qurub-yaratmaq əzmi
ilə uğurlu addımlar atır. Belə gənclərdən
biri də Kəmalə Məmmədovadır.
1998-ci ildə Azərbaycan
Sənaye İnstitutunun "İnformatika və hesablama
texnikası" ixtisasını bitirdikdən sonra,
2003-2004-cü illərdə ABŞ-ın İqtisadi Təhsil
üzrə Milli Şurasının birillik "İqtisadi Təhsilin
əsasları Proqramı" çərçivəsində
təhsil alan Kəmalə Məmmədova istedadlı gənclərin
üzə çıxarılması, onların qabiliyyətlərinin
inkişaf etdirilməsi, gənclərin beynəlxalq əməkdaşlığının
genişləndirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
sahəsində nailiyyətlər əldə etmişdir.
Müxtəlif beynəlxalq təhsil proqramlarında işləyən
K.Məmmədova hazırda SİFE proqramının Azərbaycan
üzrə direktoru vəzifəsində
çalışır. 2005-ci ildən Azərbaycanda fəaliyyətə
başlayan bu nümayəndəlikdə birləşən gənlərimiz
bir sıra xarici ölkələrdə Azərbaycanı
layiqincə təmsil edərək çempionatların ən
yaxşı iştirakçıları adını
qazanmışlar.
Kəmalə xanımdan
bu proqramın mahiyyəti barədə ətraflı məlumat
verməsini xahiş etdik. O, belə cavab verdi ki, SİFE-yəni
Azad Sahibkarlıqda Beynəlxalq Tələbə Təşkilatı
1975-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə isə təşkilatın
Azərbaycanda nümayəndəliyi yaradıldı.
Təşkilat azad
sahibkarlığın nəzəri və praktik biliklərini
öyrətməklə tələbələrə
dünyanı dəyişdirmək, liderliyi inkişaf etdirmək,
komanda və kommunikativ bilik və bacarıqları əldə
etməkdə yardımçı olur, onlara arzularını həyata
keçirməyə köməklik edir. Daha dəqiq desək,
layihənin mahiyyəti tələbələrin sahibkarlıq
fəaliyyətində, iqtisadiyyat, biznes və menecment
sferasında öz tədris-praktika layihələrini
reallaşdırmağa yardım etməkdən ibarətdir. Təşkilat
üzvləri biliklərini tələbələrlə
bölüşərək müxtəlif təhsil və
informasiya proqramlarının, biznes kurslarının təşkil
olunması və digər layihələri həyata
keçirir. Belə ki, unversitet və institut tələbələri
arasında komandalar yaradır, təşkilatımızda
hazırlanan müsabiqələrə dəvət edirik.
Müsabiqədə hər bir komanda biznes, təhsil və
sosial istiqamətlərdə layihələr hazırlayır və
münsiflər heyətinə təqdim edirlər. Münsiflərin
rəyi ilə qalib komanda seçilir və dünya
çempionatında iştirak etmək üçün
ABŞ-a göndərilir. Kəmalə xanım onu da qeyd etdi
ki, münsiflər heyətinə Dövlət Neft Şirkəti,
Meqaholdinq və Nurgün şirkətlər qrupu, Azərqazbank,
Embowood və b. şirkətlərin rəhbərləri dəvət
olunurlar. Elə hallar da olur ki, komandanın üzvləri təqdim
etdikləri layihələrə görə həmin şirkətlər
tərəfindən işə dəvət olunur, gələcək
həyatlarında böyük perspektivlər qazanır və
təşkilati biliklərə sahib olaraq geniş imkanlar
qazanırlar. Bir də ki, bu çempionatların keçirilməsində
əsas məqsədimiz Azərbaycanın iqtisadi
potensialının gücləndirilməsində gənclərin
rolunu artırmaq, gənclərin sahibkarlı fəaliyyətini
stimullaşdırmaq, azad sahibkarlığın
ideyasını tələbələr arasında təbliğ
etmək, tələbələrin təşkilatçılıq,
idarəçilik və komandada işləmək qabiliyyətini
inkişaf etdirməkdən ibarətdir. Bir sözlə,
dünyada baş verən yenilikləri Azərbaycan gənclərinə
çatdırmaq istəyirik.
Doğrudur, SİFE
proqramı Azərbaycanda yenicə tətbiq olunduğuna
görə çətinliklərimiz, problemlərimiz də
var. Ancaq bütün bunlara baxmayaraq gənclərimiz xaricdə
Azərbaycanı uğurla təmsil edirlər. Bu sahədə
bizə maliyyə dəstəyi göstərən Azərbaycan
Gənclər və İdman Nazirliyinə, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə təşkilatımız
adından dərin təşəkkürümüzü
bildirirəm. İnanıram ki, gənclərimiz dövlətimizin
daha güclü və möhkəm olmasına bundan sonra da
öz layiqli töhfələrini verəcəklər.
Mehparə ƏLİYEVA,
Respublika.- 2009.- 1 fevral.- S. 4.