İlham Əliyev: Azərbaycanın enerji siyasəti
ölkəmiz, xalqımız qonşularımız və
bütöv region üçün artıq böyük fayda
verir
Uğurla həyata keçirdiyimiz qlobal layihələr
regionda yeni vəziyyət yaradıb
Müstəqil Azərbaycan dövləti
indi nəinki regionun, eləcə də dünyanın enerji təhlükəsizliyi
məsələlərində önəmli rol oynayır.
Ümummilli liderimiz Heydər Əliyevin işləyib
hazırladığı milli neft strategiyası öz bəhrələrini
verir, ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir.
Bu gün Azərbaycan neftini və qazını dünya
bazarlarına çıxaran 7 boru kəməri mövcuddur.
Ulu öndərimizin adını daşıyan nəhəng
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
ölkəmizin siyasi və iqtisadi mövqelərini qat-qat
möhkəmləndirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın
Avropanın enerji təchizatı üçün həyati əhəmiyyət
daşıyan digər mühüm qlobal layihələrdə
iştirakı da dünya üçün böyük önəm
daşıyır.
Budapeştdə Nabukko
layihəsinə dair enerji sammitindəki
çıxışında Azərbaycan Prezidenti İlham Əliyev
ölkəmizin Qərbin enerji təhlükəsizliyindəki
roluna xüsusi toxunub: "Azərbaycanın enerji siyasəti
ölkəmiz, xalqımız, qonşularımız və
bütöv region üçün artıq böyük fayda
verir. Bu gün Xəzərdə alternativ mənbələr
üçün yeni nəqletmə layihələri
haqqında söhbət açdığımız zaman
hamımız etiraf edirik ki, bu nailiyyətin bünövrəsi
1990-cı illərin ortalarında qoyulmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri
tikilmişdir. Bu addım qapıları açır və
imkanlara aparan yolun təzahürüdür". Həqiqətən
də indi qlobal enerji məsələlərinin həlli, enerji
təhlükəsizliyinin təminatından
danışılarkən Azərbaycanın adı öndə
çəkilir. Özü də nəinki neft, eləcə də
qaz ixracı məsələlərində ölkəmizə
getdikcə daha böyük ehtiyac duyulur.
Azərbaycan enerji təhlükəsizliyini
müstəqil şəkildə təmin edən dövlətdir.
Xəzər regionunda zəngin neft və qaz ehtiyatlarına
malik olan Azərbaycanın müstəqil enerji siyasəti, neft
və qaz hasilatının, elektrik enerjisi istehsalının ildən-ilə
artırılması, əlverişli coğrafi mövqeyi və
imkanları dünyanın bir çox dövlətlərini
birləşdirən nüfuzlu Avropa İttifaqının
ölkəmizdə olan marağını və diqqətini
xeyli artırıb. Bu mənada "Azərbaycan Respublikası
ilə Avropa Birliyi arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair Anlaşma
Memorandumu"nun imzalanması böyük əhəmiyyət
kəsb edir. Artıq Azərbaycan Avropa İttifaqının
"Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində
həyata keçirilən tədbirlərlə yanaşı,
ilk növbədə, Avropa məkanının enerji təhlükəsizliyinin
təmin edilməsində xüsusi rol oynayır.
Məlumdur ki, son illər
Avropa ölkələri enerji problemləri ilə daha çox
üzləşir, bundan çıxış yolları
axtarırlar. Odur ki, Qərb alternativ enerji layihələrinin həyata
keçirilməsində marağını ortaya qoyub. Məhz
bu məqsədlə Nabukko layihəsinin
reallaşdırılmasına qərar verilib. Qərbin bu layihədə
Azərbaycana və Türkmənistana böyük ümidlər
bəslədiyi də təbiidir. Cəmi beş il bundan əvvəl
külli həcmdə xaricdən qaz idxal edən Azərbaycan
2007-ci ildən başlayaraq əvvəlcə Gürcüstana,
sonra isə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə
Türkiyəyə və Yunanıstana qaz ixrac etməyə
başlayıb. Beləliklə Azərbaycana indi Avropanın əsas
qaz enerjisi təminatçılarından biri kimi
baxılır.
Ukrayna ilə Rusiya
arasında qaz ixracı məsələsində baş verən
məlum hadisələrdən sonra Avropa təbii olaraq alternativ
yollar axtarmağa başlayıb. Külli miqdarda təbii qaz
ehtiyatlarına malik Azərbaycan dünyanın əsas diqqət
mərkəzlərindən birinə çevrilib.
Azərbaycanda
irimiqyaslı layihələrin həyata keçirilməsi
Asiya ölkələri, xüsusən də Qazaxıstan və
Türkmənistan üçün yeni imkanlar yaradır. Bu
baxımdan Qazaxıstan neftini Xəzər dənizi və
respublikamızın ərazisindən nəql edilməsi və
BTC neft boru kəməri vasitəsilə dünya bazarına
çıxarılması mühüm əhəmiyyət
daşıyır.
Dövlətimizin
başçısı İlham Əliyev sammitdəki proqram xarakterli
çıxışında Nabukko layihəsi çərçivəsində
yaxşı tərəfdaşlıq əlaqələrinin
yaranacağına əminliyini ifadə edib: "Azərbaycan hər
zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan
etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik.
Bu məqsədlə hazırlanmış bəyannamə bunu
aydın şəkildə əks etdirir. Əlavə olaraq, demək
istəyirəm ki, bir neçə ay bundan öncə
Bakıda enerji sammiti zamanı biz Xəzər dənizi
regionunda müxtəlif layihələri, o cümlədən
Nabukkonu müzakirə etdik və onu dəstəkləməklə
öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə
ifadə etdik". Xatırladaq ki, Nabukko barədə
müzakirələr başlayarkən Azərbaycan təchizatçılardan
biri kimi nəzərdə tutulmurdu, çünki o vaxt ölkəmiz
hətta öz tələbatını ödəmək
üçün kifayət qədər qaz hasil etmirdi. Lakin
"Şahdəniz" və digər yataqlarda mövcud təbii
qaz ehtiyatı, eləcə də aparılan uğurlu siyasət
sayəsində Azərbaycan bu sahədə də qısa
vaxtda dönüş yarada, nəinki neft, eləcə də
qaz ixracatçısına çevrilməyə nail ola bildi.
Azərbaycan artıq həm
tranzit ölkə, həm potensial ilkin təchizat mənbəyi
hesab edilir. Prezident İlham Əliyev sammitdəki
çıxışında bu məsələlərə də
xüsusi önəm verib. Bütün
iştirakçıların - təchizatçıların,
tranzit ölkələrin maraqlarını bir araya gətirməyin
vaxtının çatdığını qeyd edərək,
bu halda bir neçə məqsədə nail olunmağın
vacibliyini bildirib. Bunlar etibarlı təchizatın təminatı,
qarşılıqlı fayda, istehlakçıya fərqli
yanaşmaların aradan qaldırılması, qazın qiymətinin
ədalətli olması və digər məsələləri
əhatə edir. Dövlətimizin başçısı
İlham Əliyev enerji siyasətimizin və fəlsəfəmizin
xalqları birləşdirməkdən ibarət olduğunu
bildirib: "Bu cür nəhəng ehtiyatların və
artıq müasir infrastrukturun, nəql qurğularının
olması, eləcə də ilbəil artan qaz
hasilatının həcmi ilə və təbii ki, biz
qarşılıqlı maraq doğuran məsələlər
üzərində ciddi şəkildə işləyə bilərik.
Əminəm ki, bütün maraqları bir araya gətirərək
uğur əldə edəcəyik".
Xəlil CABBAROV
Respublika.- 2009.- 1 fevral.- S. 5.