Ədəbiyyatsevərlərə qiymətli töhfə

 

"Könül dünyamda lay-lay, bəlkə də qalın-qalın cildlərə sığmayan xatirələr uyuyur. Hərdən ayrı-ayrı sənətkarların yubileyləri, anım günləri ilə bağlı yaddaşımı silkələyir, uzaq-yaxın illərin təəssüratlarını, epizod və əhvalatlarını qələmə alır, qəzet və jurnallarda dərc etdirirəm. Saralmış mətbuat səhifələrində nə qədər xatirələrim, məqalələrim pərən-pərən olub, yaddan çıxıb... Ürəkdən sevinirəm ki, "Yada düşdü" bu gün oxuculara üz tutur. Bu kitab mənim üçün bir borc idi-mənəvi borc...".

Bu sözlər tanınmış yazıçı-dramaturq Nahid Hacızadənin "Araz" nəşriyyatında çapdan çıxan "Yada düşdü" (redaktoru Dilarə Vəkilova) kitabına yazılmış səmimi etirafdır. Kitaba müəllifin yaxından tanıdığı, qəlbində yer verdiyi söz-sənət adamları haqqında dərin sevgi, hörmət və ehtiramla qələmə aldığı xatirələri, məqalələri toplanmışdır.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda kitabın təqdimat mərasimi keçirilmişdir. Xalq şairi, Yazıçılar Birliyi idarə heyətinin birinci katibi Fikrət Qoca tədbiri açıq elan edərək bildirmişdir ki, Nahid Hacızadə yarım əsrdən artıq bir dövrdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində məsul vəzifələrdə çalışmış, dövri mətbuatda publisistik yazıları ilə yanaşı, hekayə, povest və romanları, dram əsərləri ilə oxucuların rəğbətini qazanmışdır. Bu gün də gənclik eşqi və həvəsi ilə yazıb-yaradan Nahid Hacızadənin "Yada düşdi" xatirələr toplusu Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin dahilərinin həyatı, yaradıcılığı haqqında bir salnamədir. Bu salnamədə oxucular müəllifin Bülbülü, Nazim Hikməti, Əli Vəliyevi, Mir Cəlalı, Mirzə İbrahimovu, Rəsul Rzanı, İlyas Əfəndiyevi, Ənvər Məmmədxanlını və başqalarını yüksək peşəkarlıqla qələmə aldığı xatirələrdə daha yaxşı tanıya biləcəklər. Onu da qeyd edim ki, Nahid Hacızadənin uzun illər təmasda olduğu müxtəlif sənətkarlar haqqında yazdıqlarının hər biri ayrılıqda bütöv sənət əsəridir.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında Nahid Hacızadənin ədəbi-bədii yaradıcılığına ekskurs etmişdir. "Məhəbbət ölüncə var", "Yaşa, ey haqq!", "Payız leysanları", "Dağlar yuxuma girir" nəsr əsərləri ilə yanaşı, "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır bizi", "Köçündən ayrılan durna" pyesləri rəğbətlə qarşılanmışdır. Əməkdar mədəniyyət işçisinin "Qisas qiyamətə qalmaz", "Son qəmin olsun, Vətən!", "Torpağın yeddi ağısı", "Yaz gününün işığı" və s. əsərləri Qarabağ müharibəsinə həsr edilmişdir. Onun "Qalx, qalx, ulu torpaq!" silsiləsindən olan şeirlərinə neçə-neçə vətənpərvərlik mahnıları bəstələnmişdir. Bu xatirələr toplusu 3 hissədən ibarətdir. "Xatirələr" bölməsində Nahid Hacızadə tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı görkəmli elm xadimlərimiz akademik Firidun Köçərli, professor Qoşqar Əhmədli, əmək qəhrəmanı Qüdrət Səmədov haqqında olan yazılarını vermişdir.

"Məqalələr" başlığı altında çap olunmuş ikinci fəsildə müəllif qələm dostları Bəxtiyar Vahabzadə, Qabil, İlyas Tapdıq, Zəlimxan Yaqub, Əlibala Hacızadə, Qəzənfər Paşayev, Musa Yaqub, Oqtay Rza, xalq artisti Arif Babayev və digərləri barədə publisistik yazılarla çıxış edir. "İstəklər" adlı bölmədə müxtəlif qələm sahiblərinin yazıçı haqqında ürək sözləri öz əksini tapır.

Yazıçı Əlibala Hacızadə: Nahid Hacızadədə əsl yazıçıya məxsus bir müasirlik duyğusu var. O, hər şeydən, hər necə gəldi yazmağı sevmir. Yazdığı aləmi, insanları əvvəl özü sevir, sonra oxuculara sevdirir. Bu kitabda hamımızın yaxşı tanıdığı klassiklər haqqında elə ədəbi heykəllər yaradır ki, o heykəllərə heyrətlə baxmaya bilmirsən. Nahid Hacızadənin xatirələri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan, sevilən sənət əsərləridir.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Prezident təqaüdçüsü İlyas Tapdıq, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, dramaturq Firuz Mustafa, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, tənqidçi Vaqif Yusifli, Barat Vüsal, Mahirə Abdulla və başqaları "Yada düşdü" kitabı haqqında ürək sözlərini söyləyərək kitabın ədəbiyyatsevərlərə qiymətli töhfə olduğunu bildirdilər.

 

 

Müzahim İSMAYILZADƏ,

 

Respublika.- 2009.- 3 fevral.- S. 7.