Gənclərin əməyi yüksək qiymətləndirilir

 

Ötən gün YAP Binəqədi rayon təşkilatının qərargahında 2 fevral Gənclər Gününə həsr olunmuş "Dövlətin gənclər siyasəti müstəqil respublika quruculuğunun tərkib hissəsidir" mövzusunda "Dəyirmi masa" keçirilmişdir. Tədbiri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov giriş sözü ilə açaraq qeyd etmişdir ki, son illər Azərbaycanda əldə olunan uğurlar bir çox sahələrdə olduğu kimi, gənclər sahəsində də yüksək səviyyədə özünü göstərmişdir. Ümummilli liderimizin istər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də 1993-cü ildən sonra gənclərin aparıcı qüvvəyə çevrilməsi, onların xarici ölkələrdə təhsil alması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün öz bəhrəsini verməkdədir. Bu siyasət hazırda böyük öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin "Gənclər ili" elan olunması məhz bu diqqətin bariz nümunəsidir. Gənclərin birinci forumundan sonra artıq 12-ci ildir ki, biz bu bayramı təntənəli şəkildə qeyd edirik.

Rayon Gənclər və İdman İdarəsi gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə rayon icra hakimiyyətinin rəhbərliyi altında silsilə tədbirlər həyata keçirmişdir.

Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Respublika Gənclər və İdman Nazirliyinin regionlarla iş şöbəsinin müdiri İlqar Nəcəfov müstəqillik dövründə gənclərimizin keçdiyi yol barədə ətraflı məruzə etmişdir.

Dəyirmi masada Binəqədi RİH başçısı Alı Qocayev, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Azərbaycan Beynəlxalq Universiteti YAP gənclər təşkilatının sədri Faiq Bayramov, konfu idman növü üzrə üçqat dünya çempionu Ceyhun Xalıqlı və başqaları çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib rayonda gənclərə və idmana göstərilən qayğıdan, bu tendensiyanın bundan sonra da davam etdiriləcəyindən danışmışlar.

Tədbirin yekununda Binəqədi rayonu üzrə təhsildə, səhiyyədə, idmanda fərqlənən gənclər fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

 

 

Ramiz YUSİFLİ,

 

Respublika.- 2009.- 3 fevral.- S. 5.