Referendum xalqın iradəsinin ifadəsidir

 

Milli Məclisin 26 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi— referendum xalqımızın sosial sifarişinin ifadəsidir. Ölkəmizdə fəaliyyətdə olan Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi zərurəti Azərbaycanın iqtisadi, ictimai və siyasi həyatının bütün sahələrində əldə etdiyi böyük nailiyyətlərdən irəli gəlir.

İnkişaf tempinə görə Yer kürəsində lider dövlətə çevrilmiş Azərbaycanda cəmiyyətimizin bütün sahələrində qazanılmış nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaq və sürətli inkişafa daha geniş yol açmaq məqsədilə islahatlara və yeniliklərə, əlavələrə və dəyişikliklərə böyük ehtiyac var. Ona görə də 1988-ci ildən 1993-cü ilə qədər səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyətləri ucbatından labirintdən-labirintə düşən Azərbaycan xalqı özünün böyük oğlu, dünya miqyaslı dövlət və siyasət xadimi, mahir diplomat Heydər Əliyevi təkidlə hakimiyyətə gətirməklə, müstəqillik və nicat yoluna qədəm qoydu. Xalqın iradəsi ilə hakimiyyət olimpinə yüksəlmiş ümummilli liderimiz Heydər Əliyev, mübaliğəsiz desək, diz üstə çökdürülmüş Azərbaycanı son dərəcə ağıllı, düzgün hesablanmış tədbirləri və siyasi fəaliyyəti ilə dirçəltdi, çox qısa zaman kəsiyində inkişaf etdirdi, sayılıb-seçilən dövlətlər sırasına çıxartdı. Tarix üçün olduqca qısa müddət ərzində qazanılan bu nailiyyətlərin nüvəsində heç şübhəsiz, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti, Xalq-Heydər, Heydər-Xalq birliyi, iqtisadi islahatların həyata keçirilməsi və yeni, demokratik qanunların və əsas Qanunun—Konstitusiyanın qəbulu dururdu. Təbii ki, o zaman yeni, demokratik Konstitusiya qəbul edilməsəydi, qazanılan iqtisadi uğurlar qanunla tənzimlənməsəydi, cəmiyyətin bütün sahələri yeniləşdirilməsəydi, islahatlar həyata keçirilməsəydi, onda dövlət müstəqilliyindən, azad və demokratik cəmiyyət quruculuğundan danışmaq belə yersiz olardı.

Azərbaycan minilliklərdən keçib bu günə qədər ona görə gəlib çatıb ki, o, dünyada baş verən proseslərə və hadisələrə biganə qalmayıb, dünyanın gərdişinə uyğunlaşa bilib, ictimai-siyasi vəziyyətlə ayaqlaşan qayda-qanunlarla yaşayıb, zaman keçdikcə bu qayda-qanunlara uyğun olaraq dəyişib, təkmilləşib, müasirləşib. Qanunlara dəyişikliklər, əlavələr və yeniliklər labüddür, zəruridir, zamanın tələbidir. Əks təqdirdə, dialektika olmayan yerdə bəşəriyyətin inkişafı qətiyyən mümkün deyil.

Mən Azərbaycan Respublikası Milli Məclisinin referendumla bağlı 26 dekabr 2008-ci il tarixli qərarını bəyənirəm və qətiyyətlə dəstəkləyirəm. Çünki qanunlarımız ədalətli və demokratik cəmiyyət quruculuğunun əsası kimi dövlətin ictimai, iqtisadi və siyasi vəziyyətinə uyğun olaraq tənzimlənməlidir.

Azərbaycan cəmiyyəti demokratik inkişafın yeni tarixi mərhələsini yaşayır. Belə ki, Milli Məclisin martın 18-də ölkədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə referendumun keçirilməsi qərarı mütərəqqi siyasi dəyişikliklərin məhz cəmiyyətin sosial sifarişi olduğunu nümayiş etdirdi. Bu, ilk növbədə xalqın istək və arzularının rəsmiləşdirilməsi idi... Təbii ki, cəmiyyətdə heç nə statik deyil, illər ötdükcə yeni meyarlar və dəyərlər ortaya çıxır. 1995-ci ildə ulu öndərin müəllifliyi ilə qəbul edilmiş Konstitusiya son dərəcə mütərəqqi sənəd kimi qəbul olunsa da, cəmiyyətin özünün inkişaf dialektikası bir sıra məsələlərə yenidən baxmağı zəruri edir. Lakin əsas odur ki, ana xətt qalır, yəni ulu öndərin ənənəsi təkmilləşdirilir. Digər tərəfdən, Konstitusiya cəmiyyətin əsas qanunu olaraq dövlətin və xalqın mövcudluğuna, inkişafına xidmət edir. Cəmiyyət inkişaf etdikcə, müvafiq hüquq normalarında da dəyişiklik etmək zərurəti yaranır. Konstitusiya islahatları bir çox dövlətlərdə həyata keçirilir və bu, normal bir proses kimi qəbul edilir. Vacib odur ki, bu dəyişikliklər dövlətin mövcudluğuna, xalqın hakimiyyətinə, vətəndaşların əsas hüquq və azadlıqlarına, dövlətin beynəlxalq münasibətlərdə inkişafına xələl gətirməsin. Konstitusiya xalqın iradəsi ilə qəbul edildiyi üçün dəyişikliklərin edilməsində xalqın rəyi nəzərə alınmalıdır. Qeyd edək ki, martın 18-də referenduma çıxarılacaq təkliflər daha çox sadə vətəndaşlar tərəfindən irəli sürülüb. Belə təkliflərin zaman-zaman meydana gəlməsi cəmiyyətin mövcud inkişafına baxışlardan irəli gəlir.

Xatırladaq ki, bir müddət əvvəl, hətta Milli Məclisə səsvermə hüququna malik min nəfərdən çox vətəndaşın bir şəxsin iki dəfədən çox, təkrarən prezident seçilməsinə məhdudiyyət qoyan Konstitusiya bəndinin dəyişdirilməsi təklifi də ünvanlanmışdır. O zaman da bu təklif olduqca real görünürdü. Nəzərə almaq lazımdır ki, prezident Konstitusiyanın mövcudluğunun və onun fəaliyyət göstərməsinin zəmanətçisidir. Dövlətçilik sistemi və dövləti idarəetmə mexanizmi təkmilləşən gənc müstəqil modernləşməsi prosesini həyata keçirən səriştəli liderin uzunmüddətli fəaliyyəti reallığın tələbidir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan dövləti öz gələcək siyasətində ictimai fikiri, vətəndaşların təklifini və rəyini nəzərə almalıdır. Bütün sivil ölkələrdə dövlət siyasətinin formalaşmasında ictimaiyyətlə dövlət birlikdə iştirak edir, vətəndaş cəmiyyəti ilə dövlət birlikdə ümumi siyasəti müəyyənləşdirir. Bu fakt özlüyündə xalqın cəmiyyətin idarə edilməsində fəal iştirakının bariz ifadəsidir. Müasir dövlətlərarası münasibətlər dövlətlərin özləri tərəfindən yaradılan müasir hüquq normaları ilə tənzimlənir.

Əgər hər hansı ölkənin Konstitusiyasındakı hər hansı maddə və onun bəndi işlək deyilsə, milli mentalitetlə uzlaşmırsa və dəyişilməsinə, düzəliş və əlavəyə ehtiyacı varsa, ölkə vətəndaşlarının bir qrupu bunların həyata keçirilməsini tələb edirsə, onda ümumxalq səsverməsi (referendum) keçirilməsi zərurətə çevrilir.

Konstitusiyamızdakı zamanın tələblərinə uyğun yeni maddələrin və müddəaların qəbulu təşəbbüsü ilə çıxış edən ölkə ictimaiyyətinin nümayəndələri və Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatının parlament rəhbərliyinə müraciəti tamamilə qanunauyğundur. Bu qanunauyğunluğa əsasən respublika ictimaiyyəti haqlı olaraq Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrində lazımi dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmüşlər. Milli Məclisin rəhbərliyinin tapşırığına əsasən parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri və insan hüquqları daimi komissiyaları bu təkliflərin hamısını öyrənmiş, ümumiləşdirmiş və Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsini hazırlayaraq Milli Məclisə təqdim etmişlər. Milli Məclisin 2008-ci il dekabrın 19-da keçirilmiş iclasında Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən rəy alınması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu təklif olunmuş dəyişikliklərə mahiyyəti üzrə baxaraq həmin dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğun olması haqqında rəy qəbul etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi insan və vətəndaş hüquqlarının  və azadlıqlarının daha etibarlı qorunması, ölkə vətəndaşlarının daha layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi, yerli özünüidarənin inkişafı ilə bağlı müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsini zəruri hesab edərək, Konstitusiyanın 3-cü maddəsinin II hissəsinin 1-ci bəndinə və 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsini ümumxalq səsverməsinə çıxarmışdır.

Azərbaycanda böyük ictimai marağa səbəb olan Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ciddi addımlar atılmaqdadır və ölkənin iri siyasi partiyaları, ictimai birlikləri, təşkilat və müəssisələri bu mühüm siyasi aksiyanın reallaşdırılması üçün təşəbbüs qrupları yaradır, referendumun mütəşəkkil keçirilməsinə ciddi hazırlıq işləri aparırlar. Bu mühüm xalq və dövlət tədbirinə Azərbaycan Dövlət Neft Akademiyasının müəllimləri və elmi işçiləri də qoşulmuşlar.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bunlar ölkə həyatının ən müxtəlif sahələrinə - insan hüquq və azadlıqlarına, ailə, uşaq problemlərinə, dini məsələlərə, təbii ehtiyatlara və ətraf mühitə, hüquq-mühafizə məsələlərinə, bələdiyyələrin fəaliyyətinə, Milli Bankın adının dəyişdirilməsinə, normativ-hüquqi aktların icrasına və digər məsələlərin tənzimlənməsinə şamil edilir. Göründüyü kimi, adı çəkilən məsələlərdə zamanın tələbindən irəli gələn yeniləşmələr zərurətdir. Ancaq adını müxalifət qoyub hakimiyyət iddiasına düşən, yalnız korporativ maraqlara xidmət edən bir qrup qaragüruhçu Konstitusiyaya təklif edilən 41 əlavə və düzəlişi bir kənara qoyaraq, 101-ci maddəni özləri üçün əsas müzakirə mövzusuna çeviriblər. Əsasən Musavat-AXC şinelindən çıxan bu adamlar xalqın iradəsinin ziddinə getməklə özlərinin məkrli niyyətlərindən hələ də əl çəkmədiklərini göstərirlər. Vaxtilə qeyri-demokratik yolla, silahlı çevrilişlə hakimiyyətə yiyələnən bacarıqsız siyasətbazlar idarəetmədə kobud səhvlər buraxaraq, ölkədə xaos yaratmış, bununla da xalqın etimadını bir dəfəlik itirərək, onun nifrətini qazanmış və silahlı qruplaşmaların əlində oyuncağa çevrilmişdilər. Dövlət idarəçiliyinin əlifbasını belə bilməyən siyasət dəllalları siyasi arenanı tamamilə tərk etmək əvəzinə, hələ əl-ayağa dolaşmaq, ucuz vasitələrlə özlərinə siyasi dividentlər qazanmağa çalışırlar. Lakin xalq kimin kim olduğunu yaxşı bilir. İndi ümumxalq səsverməsinə çıxarılan məsələlər ətrafında sağlam müzakirələr aparmaq, konstruktiv təkliflər vermək əvəzinə, demokratiyadan sui-istifadə etməyə çalışırlar. Onlar unudurlar ki, hətta demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarının Konstitusiyasında dəfələrlə dəyişikliklər edilib və ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt dörd dəfə dövlət başçısı seçilib. Onun prezidentliyi dövründə ABŞ sürətlə inkişaf edərək dünyanın aparıcı dövlətlərindən biri oldu.

Mən bir alim və vətəndaş kimi düşünürəm ki, seçkiyə səbəbsiz məhdudiyyət qoymaq demokratiya deyil, demokratiyaya buxov vurmaqdır. Xalqın ümid və arzularının boğulmasıdır, onların Konstitusiya hüquqlarının əngəllənməsidir.

Əminəm ki, martın 18-də referendumda iştirak edən xalq öz iradəsini bildirməklə, özünü müxalifət adlandıranların cavabını layiqincə verəcəkdir.

Əgər biz seçki məcəlləsinə edilən dəyişikliyə siyasi qiymət vermək istəsək, heç şübhəsiz ki, Azərbaycan hakimiyyətinin seçki institutlarının səlahiyyətlərini tam dəqiqləşdirmək, seçki mədəniyyətini yüksək səviyyədə təmin etmək arzusunu görə bilərik. Eyni zamanda, seçki prosesinə hər hansı müdaxilə imkanı olan kateqoriyaları bilavasitə bundan çəkindirmək, kənarda qoymaq, seçkilərin ədalətliliyini, şəffaflığını, hamı üçün bərabərliyini təmin edən beynəlxalq hüquq, seçki prinsiplərini tamamilə əks etdirmək niyyəti olmalıdır. Bu, həm də dediyimiz siyasi islahatçı fəlsəfəyə əsaslanan tədbirlərin davamı sayılmalıdır. Belə inkişafa köklənən dəyişikliklər bilavasitə gələcək dövrdə seçki prosesini daha artıq dərəcədə xalqın və seçkidə iştirak edən qüvvələrin mübarizə məkanına çevriləcək. Bununla yanaşı, hər hansı bir təsiredici elementlərin, mövqelərin və rəylərin seçki prosesindən kənarda qalmasını da təmin edəcək.

Qeyd etmək istəyirəm ki, 1995-ci ildə bəzi məsələlər nəzərdə tutulmamış, lakin sonra Konstitusiya qanunları ilə Əsas Qanuna əlavələr edilmişdir. Həmçinin 2002-ci ildə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişikliklər olunub. Dövlət quruculuğu daimi prosesdir. Dövlət quruculuğu zamanı qəbul edilən qanunlar müəyyən təcrübədən, sınaqdan keçir və özünü doğrultmayan müddəalar çıxarılır, başqaları yerinə gətirilir. Heç kim demir ki, dəyişikliyə məruz qalmış müddəalar 1995-ci ildə Konstitusiyaya daxil edilərkən pis idi. Həmin müddəalar o zaman özünü doğruldub. Amma bu gün onların dəyişməsi zərurəti yaranıb. Bu, heç də Konstitusiyanın əvvəlki müddəalarının üzərinə kölgə salmır. Fikrimcə, bu anlaşılmazlıqları yaratmaq istəyən dairələr, əslində, məsələnin mahiyyətini bilmir və yaxud bilərəkdən ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.

Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndində qeyd olunur: "Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilə bilməz". Bu müddəa bəzi ölkələrin konsti-tusiyalarında var. Amma bu gün bu müddəa ətrafında beynəlxalq hiiquq sistemində, o cümlədən ABŞ-da, Rusiyada, bir sıra Latın Amerikası ölkələrində geniş diskussiyalar aparılır ki, bu müddəanın olması nə dərəcədə demokratik dəyərlərlə üst-üstə düşür? Çünki demokratik dəyərlər məhdudiyyət yox, tam sərbəstliyi, fikrin azad şəkildə ifadə olunmasını, azad fəaliyyət, eyni zamanda, seçib-seçilmək hüququnun azadlığını nəzərdə tutur. Əslində, bu maddənin dəyişməsi Azərbaycanda demokratik proseslərin inkişafına heç bir maneə törətmir. Digər tərəfdən, bu müddəanın dəyişdirilməsi insanların seçib-seçilmək hüququna hörmətlə yanaşılması deməkdir.

Ümidvarıq ki, Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək yeni əlavə və dəyişikliklər xalqımızın rahat və firavan həyatına, demokratik cəmiyyətimizə sanballı xidmət göstərəcək, ölkəmizin sürətli sosial-iqtisadi inkişafını təmin edəcək, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcəkdir.

 

 

Siyavuş QARAYEV,

Azərbaycan Dövlət Neft

Akademiyasının rektoru,

akademik.

 

Respublika.- 2009.- 3 fevral.- S. 4.