Bütün zamanların dahisi

 

Yaxşı deyiblər ki, dünya dahilərin çiynində dayanır. Dünyanı çiynində saxlayan belə dahilərdən biri də Lütfi Zadədir. Tanınmış publisist, Lütfi Zadə haqqında sanballı əsərlərin müəllifi Möhbəddin Səmədin dili ilə desək "L.Zadə bütün zamanların dahisidir".

Gəlin indi, sözün bir qədər ucuzlaşdığı dövrdə dahi kimdir?- sualına imkanımız daxilində cavab axtaraq.

"Fərdilik" nöqteyi-nəzərinə uyğun olaraq, dahi o kəsdir ki, say-seçməlik əlamətini özündə təcəssüm etdirir, öz zəmanəsini qabaqlayır və onun nailiyyətləri ya layiqincə qiymətləndirilir, ya da tanınmamış qalır. Bütün hallarda dahi olan şəxs cəmiyyətin fövqündə durur. Zənnimizcə, dahinin fərdiliyi və ümumi fəaliyyəti daha dürüst üç koordinatla-predmet-məntiq, sosial-tarixi və şəxsi-psixoloji koordinatlarla səciyyələnir.

Yaradıcı dahilər toplanmış bilikləri və mövcud nəzəriyyələri sintezləşdirməyə və "qeyri-müəyyənliyə sıçrayış" etməyə qadirdirlər ki, bunlar da elmdə inqilabi dəyişikliyə səbəb olur. Heç şübhəsiz, obyektiv elmi, ümummədəni sosial-tarixi amillər inqilabi kəşflərin mümkünlüyünü müəyyənləşdirir, elmi yaradıcılığın psixoloji prosesinin əsasını təşkil edir. Lakin elm tarixi prosesinə Laplas determinizminə tabe olan proses kimi baxmaq olmaz. İdeya ilə onu doğuran şərait arasında həmişə mütəfəkkir şəxsiyyət durur. Elə bir şəxsiyyət ki, onun subyektiv olaraq məruz qaldığı problemi, məqsədqoyma bacarığı, fərdi tanınma seçimi, təkrarolunmaz təfəkkür tərzi və mənəvi aləmi var. Əgər L.Zadə bu dünyaya gəlməsəydi, yəqin ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsi 1965-ci ildə yox, 2065-ci ildə yaranardı. Aristotelin binar məntiqi, Lukaseviç və digər alimlərin çox qiymətli məntiqləri nə vaxt təklif edilmiş olsaydı da, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin yaradılmasının öhdəsindən təkcə L.Zadə gələrdi.

L.Zadənin yaradıcılıq gücü yalnız onun fitri istedadında deyil, eyni zamanda prosesləri güclü və dərin şəkildə əsaslandırma bacarığındadır. Bu əsaslandırma daxili xarakter daşıyır, o, L.Zadənin özünə inamı, düşüncə tərzinin sistemliliyi ilə müşayət olunur.

Elm tarixində dahi alimlər adətən daha konkret şəkildə aşağıdakı meyarlarla səciyyələndirilirlər: məhsuldarlığa, yəni çap olunmuş əsərlərinin həcminə, elmi ideyalarının uzun ömürlülüyünə, nəzəriyyələrinin məzmununun orijinallılığına və inqilabiliyinə görə.

Dahilərin nəzəriyyələri müasirlərinə güclü təsir göstərir, köhnə çərçivələri sökür, yeni axın yaradır, onların istinad göstəricisi çox böyük olur. Bu baxımdan L.Zadəni səciyyələndirsəm, qeyd etməliyəm ki, onun qeyri-səlis məntiqi əhatə dairəsinə və yayılma sürətinə görə elmdən çox dini xatırladır. Mübaliğəsiz, bu gün dünyanın bütün ölkələrində insanlar bu və ya digər formada, yəni universitet və ya orta məktəb vasitəsilə, yaxud da məişət məhsulları alarkən qeyri-səlis məntiqlə təmasda olurlar. Uzun müddətdən bəri elmi yaradıcılıqla məşğul olan və azdan-çoxdan dünya elmi ədəbiyyatına bələd olan bir şəxs kimi deməliyəm ki, L.Zadə qədər yüksək istinad göstəricisinə malik alim tanımıram.

Nəhayət, dahi alimlərin nəzəriyyələri özünə saysız-hesabsız tərəfdarlar və ardıcıllar cəlb edir. 1998-ci ildə Almaniyanın Visbaden şəhərində qeyri-səlis məntiqə aid keçirdiyimiz 3-cü beynəlxalq konfransdakı çıxışında L.Zadə bildirdi ki, o, ilin 250 gününü dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiqə aid konfranslarda, simpoziumlarda, elmi laboratoriya və institutlarda olur. Onun nəzəriyyələri bu gün ABŞ, Almaniya, Fransa, İngiltərə, Yaponiya, Hindistan, Çin, Rusiya, Azərbaycan və bir sözlə, dünyanın bütün ölkələrində öyrənilir, tədqiq və tətbiq edilir.

Bu dahi şəxsiyyəti xarakterizə edən əsas xüsusiyyətlər - onun böyük istedadı, qeyri-standart təfəkkürü, problemə unikal yanaşma qabiliyyəti, ənənəvi təsəvvür və çərçivələri şübhə və təxəyyül ilə aşması, tədqiqatda latent (gizli) məqamları aşkar etməyə imkan verən çılğın tədqiqatçı intuisiyasıdır. Məhz bu keyfiyyətləri və hədsiz işgüzarlığı ona nəinki humanitar və təbiət elmlərinə böyük təsir edən, hətta qərarların qəbul edilməsi və idarəetmə nəzəriyyəsi sahəsində fundamental təsəvvürləri kökündən dəyişdirən inqilabi nəzəriyyələr yaratmağa imkan verdi.

Bu nəzəriyyələr haqqında bir neçə söz demək yerinə düşərdi. Əgər L.Zadənin elmi kredosunu onun təklif etdiyi terminlərlə formalaşdırmağa çalışsaq, onda onu aşağıdakı lakonik formada təsvir etmək olar: real dünyanın qeyri-müəyyənliklərini aşkara çıxarmaq və onları elmi, texniki və sosial mühitin çoxüzlü prizmasında əks etdirmək.

L.Zadənin ilk elmi işləri sxolastik qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən idarəetmə sistemlərində optimal süzgəcləmə məsələlərinin həlli ilə bağlı idi. Elmi ədəbiyyatda bu tədqiqatların nəticələri çətin proqnozlaşdırılan sistemlərin qurulması üçün mütəxəssislərin əsas götürdüyü Zadə - Raqassini tənliyi kimi məşhurdur. Bu tədqiqatlar məşhur Vinter məsələsini əsaslı surətdə genişləndirməyə imkan verdi.

Professor Lütfi Zadənin dünya idarəetmə elminə ən əsaslı töhfəsi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin qurulmasının əsas nəzəriyyəsi olan və s. çevirməsi kimi tanınan nəzəriyyəsidir (Z-müəllifin soyadının birinci hərfidir).

Geniş oxucu auditoriyasına aydın olsun deyə qeyd edək ki, müasir rəqəmli sistemlərin təhlili və tədqiqi üçün Zadənin Z-çevirməsinin əhəmiyyəti riyaziyyatda və texnikada Laplas çevirməsi ilə müqayisə oluna bilər. Bu nəzəriyyənin layiqli davamçıları onun amerikalı şagirdi E.Curi və rus alimi U.Çıpkindir.

Şübhəsiz ki, L.Zadənin ən böyük elmi xidmətlərindən bir də idarəetmə məsələsinə onun təklif etdiyi müasir elmi baxışda avtomatik sistemlərin analiz və sintezini, həmçinin dinamik sistemlərin idarəolunma və müşahidəolunma xassələrini aşkar etməyə imkan verən vəziyyətlər fəzası üsuludur. Məlum olduğu kimi, klassik idarəetmə nəzəriyyəsi idarə olunan obyektlərin giriş və çıxış koordinatlarının müşahidə olunmasına əsaslanır. Ancaq real şəraitdə müşahidə aparmaq mümkün olmadıqda, L.Zadə idarəetmə sisteminin və obyektin koordinatlarını vəziyyətlər vektoru ilə qiymətləndirməyi təklif etmişdir. Belə yanaşma müasir sənaye obyektlərinin və kosmik aparatların idarəetmə məsələlərində çox səmərəlidir. Bu yanaşmada təbii olaraq belə bir sual meydana çıxdı - bütün obyektlər idarə olunan və müşahidə olunandırmı? Alim buna mənfi cavab verir və dinamik sistemlər üçün bu şərtlərin ödənilməsinin təyini üsulunu təklif edir. Onun şagirdi - məşhur amerikan alimi Kalman isə bu şərtləri riyazi şəkildə formalaşdırmışdır. Bu gün dünyanın aparıcı universitetlərində idarəetmə elmi Zadə tərəfindən təklif edilmiş bu nəzəriyyə əsasında öyrənilir və dünyanın ciddi elmi-tədqiqat mərkəzləri, məsələn ABŞ-ın Milli Kosmik Agentliyi kimi elmi mərkəz kosmik aparatların idarəetmə sistemlərinin mürəkkəb layihələndirmə məsələlərinin həlli zamanı bu nəzəriyyədən istifadə edir.

Min illərlə qərarlaşmış elmi dünya görüşün əksinə olaraq, o öz nəzəriyyəsini əvvəlcə bir fərziyyə olaraq irəli sürmüş, sonra isə sübut etmişdir ki, təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri, xüsusən də müxtəlif  kataklizimləri Aristotelin binar məntiqinə əsaslanan klassik riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil.

O özünün orijinal, ancaq əvvəlcə "ortodokslar" tərəfindən qəbul edilməyən ideyalarını inkişaf etdirərək göstərmişdir ki, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə - 1 (doğru) və 0 (yanlış) ilə deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Beləliklə, binar - ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi (Zadə nəzəriyyəsi) sayəsində genişlənərək, yeni məzmun kəsb etdi. Bununla da, riyaziyyatın klassik (mücərrəd) və qeyri-səlis (gerçək, çoxçalarlı, müasir) riyaziyyata diferensiasiyası baş verdi. Konseptual əsaslarda belə ciddi tədqiqatlar təbii ki, elmdə, texnikada və hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı.

Qeyri-səlis çoxluqlar nəzəriyyəsi praktiki olaraq bütün təbiət elmlərinə, tibbə, ictimai elmlərə, sosiologiyaya, konfliktologiyaya "implantasiya" olundu.

Bu gün dünyanın qabaqcıl universitetlərinin kitabxanaları qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis iqtisadiyyat, qeyri-səlis idarəetmə və s. üzrə dərsliklər və monoqrafiyalarla zənginləşir.

Çox da uzaq olmayan tarixi keçmişdən şahidik ki, kvant mexanikası və statistik fizika sahələrində qeyri-müəyyənlik amilini nəzərə alan ehtimal ölçüsünün daxil edilməsi elmdə keyfiyyət, mərhələ dəyişikliyinə gətirib çıxardı. Qeyri-müəyyənliyin ehtimal nəzəriyyəsində bağlı bu ölçüsünün əsasında artıq sizə tanış olan aristotel məntiqi - binar məntiq durur.

Praktiki elmi tədqiqatlarda qeyri-müəyyənliyin qeyri-səlis ölçüsünün daxil edilməsi təbiətdə, cəmiyyətdə, mikro və makro aləmdə baş verən proseslərə adekvat olan qeyri-müəyyənliyin nəzərə alınmasını mümkün etdi. Məhz buna görə də qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi nəinki dialektik təsdiqini tapmış yeni elmi istiqamətin yaranmasına, həmçinin daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni fəlsəfi dünya görüşün əmələ gəlməsi və başa düşülməsinə səbəb oldu.

Yalnız yaradıcı fantaziya, ümumiyyətlə elmin, o cümlədən idarəetmə nəzəriyyəsinin problemlərinin çox dəqiq və dərindən başa düşülməsi inkişafa apara bilər. Zadə özünün ən böyük elmi fantaziyasından birini gerçəkləşdirir - "Soft Computing" nəzəriyyəsi adlanan yeni nəzəriyyənin əsas postulatlarını formalaşdırır və süni intellektin qlobal metodologiyasının təməli olan eyni-adlı texnologiyanın qurulma prinsiplərini işləyib hazırlayır. Bu nəzəriyyə özündə qeyri-səlis məntiqi, süni neyron şəbəkələrini, genetik alqoritmləri, xaos nəzəriyyəsini, müxtəlif hesablama paradiqmalarının intellektual kombinasiyasını, o cümlədən ehtimallı məntiqi nəticə çıxarmanı əhatə edir. Bu nəzəriyyədən bank işində, texniki və iqtisadi sistemlərdə çox geniş istifadə olunur.

Bir ön sözündə hətta tezis, eskiz şəklində belə, bu gün insan intellektinin bir çox sahələrində ən geniş tətbiqini tapmış belə çoxsaylı ideyalar və nəzəriyyələr generatorunun və belə bir dahinin elmi yaradıcılığını işıqlandırmaq çox ağır məsələdir.

Ancaq biz L.Zadənin axırıncı işlərinə toxunmaya bilmərik. Hazırda onu rəqəmlərə deyil, sözlərə istinad edən hesablama nəzəriyyəsinin işlənib hazırlanması düşündürür.

Belə hesablama texnologiyasında informasiya qranulyasiyası kirmi rəqəm və kodlarla deyil, söz və cümlələrlə ifadə olunur. Belə kompüterlərin ən adekvat modeli informasiyanı təəssüratlar əsasında emal edən və təxmini məntiqi çıxarış qabiliyyətinə malik olan insan beynidir.

Sonda mən L.Zadənin həmkarı və onun çoxsaylı əsərləri ilə kifayət qədər yaxşı tanış olan, həmçinin onunla yaxın əməkdaşlıq edən bir şəxs kimi, elm dünyasının əfsanəvi, yaşayan (şükür Allaha!) klassiki ilə ünsiyyətdən aldığım təəssüratların bəzi cizgilərini sizinlə bölüşmək istəyirəm.

O, bəstəboylu, zəif bədənli, ancaq eyni zamanda çox səliqəli və ciddidir. Elə ilk baxışda onun xeyirxahlığı, həmsöhbətinə qarşı yüksək diqqət və hörməti, qəribə təvazökarlığı, öz şəxsiyyətinin böyüklüyünə heç bir eyhamın hiss olunmaması adamı heyrətləndirir. Ünsiyyətin birinci dəqiqələrində siz onun yüksək ziyalılığının və cazibəsinin əsiri olursunuz. Onunla baxışlarımız qarşılaşanda başa düşürsünüz ki, onun gözlərində dərin zəka güzgüdəki kimi əks olunur. Siz qeyri-iradi alimin güclü intellektual cazibəsinin təsiri altına düşürsünüz.

Qərbin məşhur elmi ədəbiyyatlarında böyük alimləri şərti olaraq iki kateqoriyaya bölürlər: romantik alimlər və klassik alimlər. Birincilər ideyalar generatoru olmaqla, həyatı boyu bir sıra orijinal nəzəriyyələr təklif edirlər. Belə ki, onların hər biri 3-5 məqalə və ya kitab nəşr etdirirlər. Başqa sözlə, elm binasının əsasını qoyurlar. Sonra bütün dünyanın minlərlə alimi bu binanı tikib qurtarır. İkincilər isə bu binaların memarlarıdır və bu elm binasını çox möhkəm və əsaslı tikirlər. Heç bir tərəddüdsüz deyə bilərik ki, beş fundamental nəzəriyyəyə imza atmış L.Zadə romantik alimdir.

Bütün dövrlərdə nəsillər öz fikir titanlarını minnətdarlıqla xatırlayıb və xatırlayır. Məsələn, Almaniyada Maks Plank İnstitutu məşhur alman fizikinin adını əbədiləşdirir. ABŞ-da Xolkin İnstitutu var. Belə misallar çoxdur. Ancaq biz elə bir ikinci alim tanımırıq ki, sağlığında həm özünün, həm də işləyib hazırladığı nəzəriyyənin adını daşıyan elmi mərkəz yaradılmış olsun. Təsəvvür edin, Berkli şəhərində (Kaliforniya ştatı, ABŞ) informasiya texnologiyası üzrə institut yaradılıb - "İnstitute Zadeh-ZİFT". Həqiqətən bu, bəşəriyyət qarşısında dahinin xidmətinə layiqli qiymətdir.

L.Zadə ilə ünsiyyətdə olanda mən belə bir böyük alimi yetişdirən torpaqdan olduğum üçün iftixar hissi keçirirəm. İstər-istəməz ümumi tarixi və genetik köklər vasitəsilə onun fenomeni ilə şəriklik qüruru yaşayıram. Demək lazımdır ki, Azərbaycandan uzun müddət ayrı qalmasına baxmayaraq, o öz vətəninə incə məhəbbəti qoruyub saxlamış, son illərdə alimin Azərbaycanla elmi əlaqələri nəzərəçarpacaq dərəcədə genişlənmiş və möhkəmlənmişdir.

Təbii ki, həm L.Zadənin biblioqrafiyasında, həm də onun dünya elminə verdiyi unikal töhfədə dahilik birinci yerdə durur. Bunlarla yanaşı, L.Zadəni 1965-ci ildən yaxından tanıyan bir şəxs kimi onun başqa xüsusiyyətlərini də qeyd etmək istərdim. Müstəqillik. Bunu mən onun qeyri-standartlığında, qeyri-şablon təfəkküründə, başqasının nüfuzu qarşısında çəkinmək hissinin olmamasında, zehinlərdə təşəkkül tapmış köhnə təsəvvürlərə uymamaq bacarığında görürəm. Çeviklik. O, mövcud qaydalara və şablonlara əməl etməkdə sərbəstdir, eyni zamanda keçmiş təcrübəni  qəbul edərək lazımi nəticə çıxara bilir. Yüksək tolerantlıq. Bu onun ən yaxşı xüsusiyyətlərindən biridir. L.Zadədə mürəkkəb, qeyri-müəyyən və çətin həll olunan məsələlərə və hallara tolerantlıq qabiliyyəti çox yüksəkdir. Nəzərəçarpan xaosda gizli qanunauyğunluqlar görmək bacarığı onda çox güclüdür. Bunlarla yanaşı, L.Zadədə orijinallığa və yeniliyə, həmkarları tərəfindən bir peşəkar kimi tanınmağa tələbat güclüdür. Yüksək inkişaf etmiş estetik duyum, gözəlliyə və ahəngdarlığa həssaslıq ona məxsus hisslərdir.

L.Zadənin elmi irsini öyrənmək, geniş yaymaq, Azərbaycan alimlərini L.Zadə dühasına və öz növbəsində L.Zadəni Azərbaycana yaxınlaşdırmaq hər bir ziyalının vətəndaşlıq borcudur.

 

 

Rafiq ƏLİYEV,

 

AMEA-nın müxbir üzvü,

SSRİ dövlət mükafatı laureatı.

 

Respublika.- 2009.- 4 fevral.- S. 3.