İlham Əliyev: Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həllolunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır

 

Dövlətimizin başçısı əmindir ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir

 

Bu gün dövlətimiz Azərbaycanın Avropa ailəsinə inteqrasiyasına xüsusi önəm verir və bu, dövlətimizin strateji seçimidir. Azərbaycan Avropa İttifaqının yeni qonşuluq siyasətinin iştirakçısıdır. Tərəfdaşlığı və əməkdaşlığı gücləndirmək məqsədi ilə biz Avropa İttifaqı və üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edirik. Hazırda bu əlaqələri daha da inkişaf etdirmək üçün böyük imkanların olduğunu görürük. Siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir və iqtisadi sahədə yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev Davos forumu çərçivəsində keçirilən tədbirlərdə bildirib ki, müstəqillik əldə etdiyimiz vaxtdan etibarən siyasətimizin Avropa istiqaməti prioritet məsələ idi və bu gün də davam edir: "Buna bir çox misal gətirmək olar. Bu, təkcə Avropa İttifaqının, demək olar ki, bütün üzv ölkələri ilə faydalı ikitərəfli əməkdaşlıqla deyil, həm də iştirak etdiyimiz proqramlarla ölçülə bilər".

Belə ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər ən yüksək səviyyədədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu mövcuddur. Bu, Aİ-nin alternativ enerji mənbələrinə tələbatını ödəmək istiqamətində atılan önəmli addımdır və ölkəmizin bu qurumda əməkdaşlığına böyük töhfədir. Digər tərəfdən, Avropa İttifaqı Azərbaycan ilə çox geniş, beşillik proqram çərçivəsində qonşuluq siyasətini davam etdirir. Proqramda Azərbaycanda iqtisadi və siyasi islahatların bundan sonra da həyata keçirilməsi nəzərdə tutulubdur. Bu proqramın icrası nəticəsində Azərbaycanda demokratikləşmə prosesi də daha sürətlə gedir. Avropa ölkələri ilə əlaqələrin qarşılıqlı maraq və hörmətə əsaslandığını vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müsbətdir, biz bu əməkdaşlığın səviyyəsindən məmunluq və gələcəkdə daha geniş fəaliyyət görmək arzusundayıq.

Budapeştdə Nabukko layihəsinə dair enerji sammitindəki müzakirələr və səslənən fikirlər Azərbaycanın Avropaya inteqrasiya prosesinin nə qədər əhatəli və ciddi müstəviyə qədəm qoyduğunu göstərir. Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qaz ixracı məsələsində baş verən məlum hadisələrdən sonra Qərb ölkələrində yaranan ciddi problemlərin nəticəsidir ki, Avropa alternativ yollar və təchizat mənbələri haqqında ciddi addımlar atmaq niyyətindədir. Odur ki, Nabukko layihəsinin reallaşdırılmasına qərar verilib. Məlumat üçün bildirək ki, layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək Nabukko kəmərinin inşası 2014-cü ilədək yekunlaşmalıdır. Nabukko boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının nəqli nəzərdə tutulur. Növbəti mərhələdə, 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur. Nabukko ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaqdır. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyə olacaqdır (2 min kilometr). Layihəyə görə kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür.

Avropa İttifaqı ölkələri üçün Nabukko layihəsinin əhəmiyyətini vurğulayan Çexiyanın Baş naziri Mirek Topolanek çıxışında bildirib ki, Avropa qaz təchizatındakı asılılıqdan qurtarmalıdır və bunun üçün Nabukkonun reallaşması zəruridir.

Xatırladaq ki, bir neçə həftə davam edən məlum qaz böhranı zamanı Avropa ölkələrinə 2-3 milyard dollar məbləğində zərər dəyib. Odur ki, Xəzər hövzəsinin təbii qazının Avropanın enerji təhlükəsizliyində rolunu tərəfdaş ölkələrin rəsmiləri də yüksək qiymətləndirirlər. Göründüyü kimi, maraqlı tərəflər çoxdur və layihəni reallaşdırmaq üçün imkanlar və siyasi səylər kifayət qədərdir və yüksəkdir.

Azərbaycana gəldikdə, rəsmi Bakı Nabukko layihəsini hər zaman dəstəkləyibdir. Azərbaycan öz siyasi iradəsini Bakı enerji sammiti zamanı qəbul olunmuş bəyannamədə ifadə edib. Eyni zamanda Azərbaycanın nəhəng qaz ehtiyatlarını da nəzərə almaq lazımdır. Hesablamalara görə, qazın həcmi 2 trilyon kubmetr səviyyəsindədir.

Tərəfdaş ölkələrlə Nabukkodakı iştirakımıza böyük önəm verən cənab İlham Əliyev bu sahədə əməkdaşlığımızın geniş aspektinə diqqət ayırıb: "Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir".

 

 

Ş.ƏLİZADƏ

 

Respublika.- 2009.- 4 fevral.- S. 4.