Xalqın sevimli sənətkarı
Bir dəfə ustada belə bir sualla müraciət
etdim: - Əlibaba müəllim, sənətkar
sözünü kimə şamil etmək olar?
-Mənim balam, o şəxsə
sənətkar demək olar ki, onun sənətdən
danışmağa haqqı olsun. O şəxsin də sənətdən
danışmağa haqqı var ki, onun böyük sənət
təcrübəsi olsun.
Bu gün sənətdən
danışmağa haqqı olan və böyük sənət
təcrübəsi olan respublikanın xalq artisti, Prezident təqaüdçüsü,
"Şöhrət" ordenli hörmətli sənətkarımız
Əlibaba Məmmədov mənimlə söhbətlərinin
birində belə bir fikir söylədi: sənətkarı
üç amil yaşadır: əməli, əsəri və
övladı. Amma bunların içərisində ən vacibi
və başda duranı əməldir.
Həyatını əməllərində,
əməllərini isə öz sənətinin dili ilə
bizlərə aşılayan Əlibaba müəllim bu
yaşantıları ilə həm sənətin, həm də
insanlığın zirvəsini fəth edərək xalqın
sevimlisinə çevrilib. Əlibaba müəllim hamı
üçün əzizdir, doğmadır. Mənim
üçün isə bu xüsusən belədir.
Çünki onun mənim həyatımda və sənətdə
irəliləməyimdə müstəsna rolu var. Belə ki, mən
erkən yaşlarımdan Əlibaba müəllimin tövsiyələrindən
bəhrələnmişəm. Uşaq idim, atam müğənni
Təhmiraz Şirinov hərdən məni də özü ilə
solisti olduğu "Humayun" ansamblının məşqlərinə
və konsertlərinə aparırdı. Burada mən Əlibaba
müəllimdən başqa Şövkət Ələkbərova,
Gülağa Məmmədov, Nəzakət Məmmədova və
başqa sənətkarlarımızı da
görürdüm. Onların hamısı Əlibaba müəllimə
xüsusi hörmətlə yanaşır, hətta ona "Əmi"
deyə müraciət edirdilər. Eşitdiyimə görə
Azərbaycan ifaçılıq sənətində görkəmli
tarzən Qurban Pirimova Qurban dayı, Cabbar Qaryağdı oğlu
və Xan Şuşinskiyə isə Cabbar əmi və Xan əmi
deyə müraciət olunub. Bu, xalqın sənətkara
böyük hörmətinin bariz nümunəsidir.
XX əsrin 50-ci illərindən
sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov
da öz əməlləri və sənətkarlığı
ilə xalqın böyük məhəbbətini
qazanmışdır. Bu gün onun sənətini və şəxsiyyətini
rövnəqləndirən, nurlandıran da məhz
xalqımızın ona olan məhəbbətidir. Hansı ki
bu məhəbbət daim Əlibaba müəllimin sənət
yoluna işıq saçıb. Bu yerdə hörmətli sənətkarımızın
keçdiyi həyat və yaradıcılıq yoluna qısa
bir nəzər salaq:
Əlibaba Məmmədov
1930-cu il fevralın 5-də Bakıda anadan olub. O, erkən
yaşlarından sözə, musiqiyə xüsusən də
muğamlarımıza böyük maraq göstərmişdir.
Bu yolda ona əmisi Güləhmədin də təsiri az
olmayıb. Belə ki, el arasında hörmətli bir sənətkar
kimi tanınan Güləhmədin məlahətli səsindən
xalq mahnı və təsniflərimizi,
muğamlarımızı dinləyən gənc Əlibaba Məmmədov
bu sənət nümunələrini öz içində
yaşamağa başlayır, onları öyrənərək
öz-özünə zümzümələr edir. Zəhmətə
çox erkən yaşlarından qatlaşaraq 13
yaşından ailəsinə kömək məqsədilə
neft buruqlarında işləməyə başlayır.
Eşitdiyi ecazkar musiqi sədaları onu rahat buraxmır. O bu sənətin
sirlərini öyrənməyə daha dərindən bələd
olmağa çalışır. Onun şirin avazı,
zümzümələri eşidənlərə xoş təsir
bağışlayır. Bu isə gənc ifaçını
daha da ruhlandırır. Beləliklə gənc xanəndənin
sorağı elə-obaya yayılır. El şənliklərində,
toy-düyünlərdə çıxışlar edən Əlibaba
Məmmədovun səsi böyük konsert salonlarından gəlməyə
başlayır. O, 1949-cu ildə Azərbaycan Dövlət
Filarmoniyasının solisti olur. Burada ustad sənətkarlarla
çiyin-çiyinə işləyir. Onların tövsiyələri,
onlardan öyrəndikləri və bir də öz zəhməti
Əlibaba müəllimi daha da püxtələşdirir. O, həm
də ustad xanəndə Seyid Şuşinskidən dərs
almışdır. Belə ki, 1953-cü ildə A.Zeynallı
adına musiqi texnikumuna daxil olaraq ustad Seyiddən muğam sənətinin
sirlərini öyrənərək sənətin zirvəsinə
doğru addımlayıb. Elə bu yerdə Əlibaba müəllimlə
söhbətimdən bir məqamı diqqətinizə yetirirəm.
Soruşdum ki, Əlibaba müəllim, bu gün sənətin
yüksək zirvəsində dayanmısınız.
Sözsüz ki, bu zirvəni fəth etmək elə də asan
olmayıb. Belə cavab verdi: -"İnsan qarşısına
qoyduğu məqsədə nail olmaq üçün hər
şeydən əvvəl zəhmət çəkməlidir.
Süleyman Rüstəmin təbirincə desək - insan zəhmət
ilə kamala yetir.
Sənətin də
kamilliyi insanın zəhmətinin bəhrəsidir. Belə ki,
bu yolda öyrənmək, yeni axtarışlar apararaq öz
yolunu tapmaq vacibdir. Sənətin zirvəsinə gəldikdə
isə sənətkarı o zirvəyə yüksəldən
xalqdır. Əgər xalqım məni sevməsəydi mən
kimin üçün oxuyardım? Odur ki, sənətkar olmaq
xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyətin
öhdəsindən gəlmək üçünsə sənətin
sirlərinə yiyələnmək, xalqın etimadını
doğrultmaq lazımdır".
Əlibaba müəllimin
bu tövsiyələri sənətə qədəm qoyanlar
üçün əsl örnəkdir. Onun bu məsləhətləri
və xidmətləri sayəsində Azərbaycan
ifaçılıq sənətinə neçə-neçə
xanəndə bəxş olunub. Hansı ki, onlar bu gün xalq
arasında tanınan və sevilən sənətkarlardır.
Bu yolda Əlibaba müəllim bir pedaqoq və bir ansambl rəhbəri
kimi mühüm xidmətlər göstərib. Belə ki, o,
1970-ci illərdən bu günə kimi A.Zeynallı adına
musiqi texnikumunda (indiki musiqi kollecində) və Bülbül
adına musiqi məktəbində gənclərə, yeniyetmələrə
xalq musiqisinin, muğam sənətinin sirlərini
aşılayır. Bir halda ki muğam sənətindən
söz düşdü, gəlin sənətkarın muğam
düşüncələrinə üz tutaq. Çünki bu
onun sənətinin əsas qayəsidir. Əlibaba müəllimlə
söhbətlərimiz həmişə muğamla
başlayıb, muğamla bitir. Hətta mənim Azərbaycan
radiosunda 1998-ci ildən hazırladığım "Muğam
dünyamız" proqramının da ilk məsləhətçisi
məhz Əlibaba müəllim olub. O bu müqəddəs sənətdən
ürək dolusu danışır:
"Muğam
xalqımızın tükənməz sərvətidir. Onun
tarixi haqqında heç bir mütəxəssis dəqiq məlumat
verə bilmir. Çünki müğam ilahidən gələn
avazlar əsasında yaranıb. O, Tanrı tərəfindən
bəxş olunan müqəddəs sənətdir. Mən bu
fikrimi onunla əsaslandırıram ki, hələ bu günə
qədər bir kəs balaca da olsa bir muğam frazası yarada
bilməyib. Böyük sənətkarlar sadəcə
muğam sənətini qoruyub və onu yaşadıblar. Elə
götürək dahi Üzeyir bəyi. O bu sənəti
yaşatmaq üçün əvəzsiz xidmətlər
göstərib, gözəl ideyalar həyata keçirib.
Belə ki, dünya
musiqisi tarixində heç bir analoqu olmayan muğam
operaları yazıb, muğam üstə fantaziyalar, simfonik əsərlər,
mahnı və romanslar və s. bəstələyib. Amma
özü muğam yazmayıb. Çünki yenə də təkrar
edirəm ki, muğam Tanrının yaratdığı
sirli-sehirli, ecazkar və müqəddəs bir sənətdir.
Onun sehrinə dalanda insan dərin düşüncələrə
qərq olur, mənən saflaşır, zənginləşir.
Bu yerdə ölməz Vahidin misraları düşür
yadıma:
Nəğməyi
həzrəti Davudu düşünməz cahil,
Bu
muğamatı gərək elmli insan oxusun.
Muğam sənətini
daim xalqımız sevib, dövlətimiz də onu dəstəkləyib.
Mən buna ən gözəl nümunəni ulu öndər,
ümummilli liderimiz Heydər Əliyevin əməllərində
görmüşəm. O, respublikaya rəhbərlik etdiyi illər
ərzində incəsənət xadimlərinə, muğam sənətinə
və muğam ifaçılarına böyük diqqət və
qayğı göstərib. Sevindirici haldır ki, bu ənənəni
onun varisləri möhtərəm Prezidentimiz cənab İlham
Əliyev və onun xanımı YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyeva
böyük əzmlə davam etdirirlər. Bu gün
muğamlarımızın dünya səviyyəsində təbliğ
olunması məhz onların sayəsindədir. Mehriban
xanımın muğam layihələri muğam sənətində
yeni bir səhifə açdı. Beləki, onun təşəbbüsü
ilə işıq üzü görən "Qarabağ xanandələri"
albomu, "Muğam ensiklopediyası" muğam sənəti
ilə bağlı və muğam ifaçıları
haqqında nəşr olunan kitablar və s. buna gözəl
nümunədir. 2005 və 2007-ci illərdə keçirilən
muğam müsabiqələri də məhz bu qəbildəndir.
Camaatımız hələ 2007-ci ildəki müsabiqənin
ab-havası ilə yaşayır. Görün bu müsabiqələrin
sayəsində muğam sənətinə neçə-neçə
yeni səslər, yeni nəfəslər gəldi. Bu,
muğamlarımızın əbədiyaşarlığı
deməkdir.
Bu yaxınlarda
açılan Muğam Mərkəzi də muğam xəzinəmizə
əvəzsiz bir töhfədir. Burada muğam gecələri,
muğam konsertləri keçiriləcək və
xalqımız da bundan mənəvi qida alacaq.
Mən bir sənətkar
kimi Azərbaycan muğam sənətinə göstərdikləri
qayğı və diqqətə görə cənab İlham Əliyevə
və Mehriban xanıma son dərəcə böyük minnətdarlığımı
bildirirəm. Onların bu və ya digər sahələrdəki
xidmətləri çox təqdirəlayiqdir. İnanın ki,
ürəyimdəki minnətdarlıq hissini sözlə ifadə
etməyə çətinlik çəkirəm. Əminəm
ki, onların bütün xidmətləri gələcək nəslə
bəxş etdikləri yadigarlardır. Yenə ölməz
Vahidin misraları yada düşür.
Bu
gün sən ölkənə Vahid, nə xidmət eylərsən
Bu
şanlı iş gələcək nəslə yadigar olacaq.
Dünəndən bu
günə gələn sənət yolunun şahidi və fədaisi
olan Əlibaba müəllim vaxtilə muğama olan
qadağalardan da danışdı. Bu gün isə muğam sənəti
özünün yeni çiçəklənmə
dövrünü yaşayır. Biz də muğama yeni həyat
verənlərə və muğamın yolunda fədakarlıq
göstərənlərə minnətdarıq. Bu minnətdarlıqdan
Əlibaba müəllimə də pay düşür. O, Azərbaycan
xanəndəlik sənətinin inkişafında Cabbar, Seyid,
Xan məktəbinin layiqli davamçısı kimi müstəsna
rol oynayıb. Onun oxuduğu hər bir muğamda, mahnı və
təsnifdə öz möhürü var. Təsadüfi deyil
ki, rəhbərlik etdiyi ansambl "Humayun" adını
daşıyır. Bu, məhz onun ifası ilə
bağlıdır. Belə ki, 1968-ci ildə Əlibaba müəllimə
bir ansambl yaratmaq həvalə olunur və o bu ansamblı
yaradır. Ansambla ad seçilməsi zamanı maestro Niyazi belə
bir təklif irəli sürərək deyir: "Əlibabanın
ən gözəl ifalarından biri onun oxuduğu "Humayun"
muğamıdır. Odur ki, mən təklif edirəm ki,
ansambla elə "Humayun" adı verilsin".
Bəli, düz 41 ildir
ki, "Humayun" xalq çalğı alətləri
ansamblı Əlibaba müəllimin rəhbərliyi ilə fəaliyyət
göstərir.
Əlibaba Məmmədovun
zəngin repertuarının bir hissəsini onun öz bəstələri
təşkil edir. Belə ki, o, 100-dən çox mahnı və
təsnifin müəllifidir. Onun mahnıları yalnız
özünün deyil, başqa sənətkarların da
repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən
bu nəğmələr xalqın yaddaşına hopub, dillər
əzbəri olub. Onlardan "Gəl bizə yar", "Beləyəm",
"Yaşa hələ", "İnandır məni",
"Qızılgüllər arasında", "Min
yaşasın", "İgid qardaşım" və
başqalarının adını çəkə bilərik.
Hazırda bu mahnılar üzərində tədqiqat işləri
aparılır, onlar tədris proqramına daxil edilir. Belə
ki, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər
üzrə prorektoru, fəlsəfə elmləri doktoru,
professor, əməkdar incəsənət xadimi Gülnaz
Abdullazadə və onun tələbəsi sənətşünaslıq
namizədi Telman Qəniyev Əlibaba Məmmədovun 20
mahnısını nota köçürüb tədris vəsaiti
kimi nəşr etdirmişlər. Onlar ustadın növbəti
mahnıları üzərində də işləyirlər. Əminik
ki, Əlibaba müəllimin yaradıcılıq irsi daha
geniş tədqiqat işlərinin mövzuları olacaq.
Xalqımızın sevimlisi olan Əlibaba Məmmədov
yaradıcılığı daim diqqət mərkəzində
olmuş, xalq onu sevmiş, rəsmi dairələr də onun sənətini
yüksək qiymətləndirmişlər. O, 1963-cü ildə
"Əməkdar artist", 1989-cu ildə "Xalq
artisti" fəxri adlarına layiq görülmüş,
2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı
ilə "Şöhrət" ordeni ilə təltif
edilmiş və Prezident təqaüdü ilə təsis
olunmuşdur. Hörmətli sənətkarımız Heydər
Əliyev Fondunun da təqaüdçüsüdür.
Bunlardan savayı Əlibaba müəllim müxtəlif illərdə
çoxlu sayda fəxri fərmanlar və diplomlara layiq
görülmüşdür.
Əlibaba müəllimin
S.Rüstəmin sözlərinə bəstələdiyi
"Yaşa hələ" mahnısı sanki onun özü
haqqında yazılıb:
İlləri
yola salmışam,
Mahnı
qoşub, saz çalmışam.
Ömür
deyir qocalmışam,
Ürək
deyir yaşa hələ.
Əlibaba Məmmədovu
sevən minlərlə pərəstişkarlarının
ürəyindən bir arzu keçir. Onun öz nəğməsində
deyildiyi kimi:
Nəbzi
xalqın ürəyi ilə
Vuranları
min yaşasın.
Xalq öz sevimli sənətkarına
bunu arzulayır.
Səadət TƏHMİRAZQIZI,
musiqişünas.
Respublika.- 2009.- 5 fevral.- S.3.