İlham Əliyev: Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir

 

Azərbaycanın xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, ölkəmizin hərtərəfli və dinamik inkişafını təmin edən və müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi, iqtisadi və siyasi sahədə aparılan cəsarətli islahatlar təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Nabukko layihəsinə dair sammitdəki çıxışında bir daha bəyan etdi ki, bugünkü hasilat həcmimiz ölkəmizə heç nədən asılı olmamaq imkanı yaradır: "Nabukkodakı iştirakımıza gəldikdə, əlbəttə ki əməkdaşlığımızın əlavə aspektlərini görmək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq və özümüzü təmin edən ölkəyik. Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir".

Bu gün Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında, dünyada qəbul olunmuş və demokratik prinsipləri əks etdirən əsaslar üzərində müstəqil siyasət aparır. Məhz bu, uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan həm regionda, həm də bütün dünyada etibarlı tərəfdaş, dost və sülhsevər bir ölkə imici qazanmışdır. Bu isə heç də təsadüfi   deyil. Çünki   ölkəmiz üzərinə düşən bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Bölgənin və Avropanın enerji təhlükəsizliyi məsələlərində əhəmiyyətli rol oynamaqla yanaşı, öz əməli fəaliyyəti ilə dünyada ictimai-siyasi sabitliyin və sülhün bərqərar olmasına layiqli töhfələr verir. İctimai-siyasi sabitlik və sülh isə dünya xalqlarını inkişafa və sıx əməkdaşlığa aparır.

Dövlətimizin başçısı İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın enerji siyasətinin və fəlsəfəsinin əsas mahiyyətini bir daha diqqətə çatdıraraq vurğuladı ki, enerji məsələləri siyasi təzyiq və böhtan aləti kimi istifadə edilməməli, xalqları ayırmalı deyil, birləşdirməlidir. Əslində möhtərəm Prezidentimizin bu fikrini həm də enerji məsələlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməklə bu və ya digər ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa çalışan dövlətlərə və Nabukko layihəsinin həyata keçirilməsinə əngəl törətməyə cəhd göstərən qüvvələrə verdiyi mesaj kimi də qiymətləndirmək olar.

Sammitdəki çıxışında hasilatçılar ilə tranzit ölkələr arasında mübahisədən əziyyət çəkən istehlakçıların narahatlığının ölkəmiz tərəfindən aydın şəkildə anlaşılmasını vurğulayan dövlətimizin başçısı İlham Əliyev bu vəziyyətdən çıxış yolunu da göstərdi: "Hesab edirəm ki, bütün iştirakçıların - təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir araya gətirmək vaxtı artıq yetişibdir. Təbii ki, bu halda biz bir neçə məqsədə nail olmalıyıq. Öncə, etibarlı təchizat təmin edilməlidir, çünki evlərində qazın olmamasında kimin günahkar olduğu istehlakçılar üçün vacib deyildir. Onlar, sadəcə, qaza ehtiyac duyurlar, qazın qiymətini ödəyiblər və ondan istifadə etmək hüququna malikdirlər". Ölkəmiz bu prinsipə sadiqliyini Gürcüstanın timsalında dəfələrlə öz əməli fəaliyyəti ilə sübut etmiş, nəticədə həm bölgədə, həm də bütün dünyada etibarlı tərəfdaş və dost ölkə imici qazanmışdır.

Qeyd edək ki, hələ bir neçə il öncə Rusiya ilə Gürcüstan arasında qiymətlə bağlı yaranmış mübahisələr Gürcüstana elektrik enerjisinin və təbii qazın nəqlinin dayandırılmasına aparıb çıxartmış və nəticədə ölkə bir sıra problemlərlə qarşılaşmışdı. Bu çətin durumda Azərbaycan Gürcüstana dost əli uzadaraq istehlakçıların fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasına yardım göstərmişdir.

Bu gün enerji məsələləri həyati əhəmiyyət kəsb edir. Özünün enerji təhlükəsizliyini təmin edə bilməyən ölkələr bir sıra çətinliklərlə üzləşirlər. Bunu ötən il Ukrayna ilə Rusiya arasında baş verən təbii qaz böhranı da bir daha təsdiq etdi. Nəticədə karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxara biləcək alternativ layihələrin həyata keçirilməsi zərurətinə ehtiyac duyulmağa başladı. Belə bir layihə kimi isə Nabukko layihəsi nəzərdən keçirilməyə başladı. Ölkəmiz elə ilk gündən bu layihəni fəal surətdə dəstəkləməyə başladı. Dövlətimizin başçısı İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın Nabukko layihəsilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı: "Azərbaycan hər zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik. Bu məqsədlə hazırlanmış bəyannamə bunu aydın şəkildə əks etdirir. Əlavə olaraq demək istəyirəm ki, bir neçə ay bundan öncə Bakıda Enerji Sammiti zamanı biz Xəzər dənizi regionunda müxtəlif layihələri, o cümlədən Nabukkonu müzakirə etdik və onu dəstəkləməklə öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə ifadə etdik".

Ölkəmizin belə qlobal layihələrdə iştirak etməsi Azərbaycana siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, onun nüfuzunun durmadan yüksəlməsində, xalqımızın sülhsevər bir xalq kimi tanınmasında, müstəqilliyimizin beynəlxalq dayaqlarının daha da möhkəmləndirilməsində, Azərbaycanın hərtərəfli inkişafında və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Buna görə də dövlətimizin başçısı İlham Əliyevin sammitdəki çıxışında vurğuladığı kimi, "Azərbaycan sıx əməkdaşlığa geniş imkanlar açan bu layihəni irəli doğru aparmaqda əlindən gələni edəcəkdir".

 

 

Xaliq MƏHƏMMƏDOĞLU,

 

Respublika.- 2009.- 5 fevral.- S. 1.