Azərbaycan Avropa üçün strateji məkana çevrilib

 

39-cu Davos Forumunun yekunları dövlət başçısı İlham Əliyevin Avropa məkanında mövqeyi dəstəklənən və rəğbətlə qarşılanan siyasi lider olduğu bir daha təsdiqləndi

 

Qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə müəyyənləşdiyindən, yanvarın 28-dən fevralın 1-dək İsveçrənin Davos şəhərində keçirilmiş ənənəvi Ümumdünya İqtisadi Forumunun analitiklər tərəfindən diqqətlə izlənməsi də təbiidir. 39-cu toplantının yekunlarının təhlili göstərir ki, qeyri-rəsmi səciyyə daşıyan Davos müzakirələri kifayət qədər işgüzar və səmimi atmosferdə keçməklə beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz ötüşməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəhəng şirkətlər arasında əlaqələrə körpü salınması, qarşılıqlı sərmayələrin təşviqi baxımından çox yaxşı imkanlar açır.

Davos şəhəri 39 ildir ki, dünya iqtisadiyyatı ilə bağlı aparılan ciddi müzakirələrə ev sahibliyi edir. Hələ 1970-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab (hazırda qurumun icraçı prezidentidir) Avropa dövlətlərinin rəhbərlərinin İsveçrənin dağ şəhəri olan Davosda toplanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüs əsasında dünyanın bir çox ölkələrinin başçıları 1971-ci ilin yanvar ayında qlobal biznes idarəetmə təcrübələri ilə əlaqədar məsələləri müzakirə etmək üçün Davosda toplanırlar. Bu hadisə Klaus Şvabı Avropa İdarəetmə Forumunu yaratmağa sövq edir. Təşkilatın Davosdakı illik iclası iqtisadi gündəliyi müəyyən edən qlobal sammit hesab olunur. 1977-ci ildən təşkilat ayrı-ayrı ölkələrin inkişafına yardım etmək üçün fərdi forumlar təşkil etməyə başlamışdır. Forum bu yolla bir çox perspektivli dövlətlərin dünya iqtisadiyyatına sıx inteqrasiyasına yardım göstərməyə çalışır. 1987-ci ildən isə qurum Ümumdünya İqtisadi Forumu adlandırılmış, 1988-ci ildə baş mənzil-qərargahı Davosdan Cenevrəyə köçürülmüşdür.

Ümumdünya İqtisadi Forumu BMT-nin İqtisadi və Sosial Şurası yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir. Ümumdünya İqtisadi Forumu bugünün özündə də bəşəriyyətin üzləşdiyi mühüm problemləri müəyyənləşdirməyə kömək edir və onların müzakirəsi üçün iqtisadi platforma rolunu oynayır. Müstəqil fəaliyyət göstərən forumun başlıca vəzifəsi dünyanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün biznes və sosial sahədə əməkdaşlığı təmin etməkdən ibarətdir.

Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Forumun beynəlxalq terrorizmlə mübarizədə həmrəylik əlaməti kimi 2002-ci ildə Davosda deyil, ABŞ-ın Nyu-York şəhərində keçirilmiş illik toplantısında ümummilli lider Heydər Əliyev iştirak etmiş, dərin məzmunlu nitqində qlobal və regional məsələlərlə bağlı fikirlərini açıqlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2008-ci ildə keçirilən forumda çıxış edərək müasir qloballaşma dövründə dünya iqtisadiyyatının inkişaf tendensiyaları ilə bağlı qənaətlərini açıqlamış, habelə qlobal iqtisadi inteqrasiya proseslərində respublikamızın müstəsna yeri və rolundan söz açmışdır. Prezident İlham Əliyev diskussiya xarakterli çıxışında ölkəmizdə gedən iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən söz açmışdır. Eyni zamanda müasir qloballaşma dövründə dünya iqtisadiyyatının inkişaf tendensiyaları ilə bağlı fikirlərini bildirmiş, qlobal iqtisadi inteqrasiya proseslərində respublikamızın müstəsna yeri və rolundan danışmışdır. Dövlət başçısı forum iştirakçılarının ölkəmizin enerji potensialı, Avropanın enerji təhlükəsizliyındəki rolu və digər mühüm məsələlərlə bağlı suallarını da ətraflı cavablandırmışdır. Regionun əsas neft-qaz ixracatçısına çevrilmiş respublikamızın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, bunların perspektiv inkişafa hesablanmış mühüm addım olduğu qeyd edilmişdir. Bir neçə Avropa dövlətinin iştirakı ilə gerçəkləşdiriləcək, dəyəri 5 milyard avro təşkil edən NABUKKO layihəsinin önəmi xüsusi diqqətə çəkilmişdir.

Əgər ötən ilki forumda cəmi 27 hökumət və dövlət başçısı iştirak etmişdisə, 39-cu forumda 43 dövlət rəhbərinin iştirakı həm də qlobal maliyyə böhranı ilə şərtlənmişdir. Forumda dünya iqtisadi və maliyyə böhranını doğuran səbəblər müzakirə olunmuş, habelə enerji təhlükəsizliyi məsələsi ətrafında geniş diskussiyalar aparılmışdır. Davos Forumuna bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmiş və yaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Bu seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Davos Forumunda Azərbaycana olan hədsiz maraq da tamamilə təbiidir. Bütün sahələrdə sürətlə inkişaf edən, ümumi daxili məhsul istehsalına görə dünyada lider dövlətə çevrilən, sosial-infrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan hər il Ümumdünya iqtisadi Forumuna dəvət alır.

İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun gedişi Azərbaycanın regionda həlledici rola və imkanlara malik olduğunu bir daha təsdiqləməklə yanaşı, ölkəyə uğurla rəhbərlik edən İlham Əliyevin Avropa siyasətində seçilən liderlərdən birinə çevrildiyini təsdiqləyir. Dövlət başçısının qızğın müzakirə və debatlarla yadda qalan forum çərçivəsində keçirilən bütün mühüm tədbirlərə dəvət alması, əsas məruzəçilərdən biri kimi region və Avropa miqyasında baş verən proseslərə münasibətini açıqlaması onun yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirir. Azərbaycan Prezidentinin diskussiya xarakterli debatlarda qlobal məsələlərlə bağlı ortaya qoyduğu praqmatik, qətiyyətli və müdrik yanaşma dünyanın işgüzar və siyasi dairələrinin respublikamıza marağının yüksəldilməsi baxımından da təqdirəlayiqdir. Davos müzakirələri Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsü ilə çıxış edən Prezident İlham Əliyevin müasir təfəkkürlü, rasional düşüncəli lider olduğunu, onun regionda yeritdiyi siyasətin Avropa geosiyasi arealında rəğbətlə qarşılandığını göstərir.

Üç gün davam edən Davos Forumunda enerji təhlükəsizliyi ilə bağlı aparılan əsas müzakirələrdə Azərbaycanın bu sahədəki müstəsna rolunun xüsusi önə çəkilməsi də Prezident İlham Əliyevin bu sahədə yeritdiyi uğurlu siyasətə əsaslanır. İstər Macarıstanın paytaxtı Budapeşt şəhərində Nabukko layihəsi ilə bağlı keçirilən enerji sammitində, istərsə də bundan dərhal sonra baş tutan Davos Forumunda bir daha təsdiqləndi ki, bəzi Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerji asılılığından azad olmaq niyyətindədirlər. Bu prosesdə əsas söz sahiblərindən biri də enerji sahəsində sivil əməkdaşlığın genişləndirilməsi tərəfdarı kimi çıxış edən, zəngin karbohidrogen ehtiyatlarını hansısa dövlətə qarşı siyasi alətə çevirməyən Azərbaycandır.

Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki problemlərinin həllinə çalışır, eyni zamanda Avrasiya məkanında subregional inteqrasiyanın, enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir. Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Avropanın xam neft və təbii qazla təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan respublikamızın bu coğrafi arealda cərəyan edən siyasi proseslərə də təsir imkanları getdikcə artır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz.

Davos Forumunda "Enerji Outlook-2009" mövzusunda, eləcə də "Böyük oyun təkrarlanır" devizi altında keçirilən xüsusi iclasda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra regional və beynəlxalq məsələlərə dair, habelə enerji təhlükəsizliyi ilə bağlı sualları cavablandırmış, respublikamızın neft-qaz kəmərlərinin şaxələndirilməsi sahəsində yeritdiyi siyasətdən söz açmışdır. Dövlət başçısının xüsusi vurğuladığı kimi, Azərbaycan enerji təhlükəsizliyi sahəsində həm istehsalçı, həm də istehlakçı dövlətlərin münasibətlərinin qarşılıqlı anlaşmaya və sivil, bərabərhüquqlu əməkdaşlığa əsaslanmasının tərəfdarıdır. Respublikamız dünya neft bazarındakı xüsusi çəkisinin aşağı olmasına rəğmən, qiymətlərin tənzimlənməsi məsələsində istehsalçı dövlətlərlə həmrəylik nümayiş etdirir. "Biz də müxtəlif vasitələrlə qiymətin tarazlaşdırılmasına və enerji təhlükəsizliyində öz rolumuzu oynamağa çalışırıq. Hər iki məsələ bir-biri ilə əlaqəlidir və vacibdir. 5-6 il bundan əvvəl enerji təhlükəsizliyi məsələləri heç müzakirə edilmirdi. İndi isə bu, nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün böyük bir problemə çevrilibdir. Hasilatçı ölkə kimi Azərbaycan öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün dünya bazarlarına müxtəlif çıxış marşrutlarının olmasında maraqlıdır. Hesab edirəm ki, neft hasil edən ölkələrin birgə səyləri, eləcə də enerji siyasətinin bütün iştirakçıları hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı anlaşma hamımız üçün daha yaxşı şərait yaradacaqdır"-deyə dövlət başçısı vurğulamışdır.

Forumda Nabukko layihəsi ilə bağlı aparılan müzakirələr zamanı Azərbaycanın bu qaz kəmərinin reallaşmasında potensial istehsalçı və tranzit imkanlara malik dövlətlərdən biri olduğu xüsusi vurğulanmışdır. Dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı suala cavabında demişdir ki, Azərbaycan potensial bazarlara çıxış imkanları əldə etməyə çalışır. Hazırda respublikamız karbohidrogen ehtiyatlarının nəqlini 7 neft və qaz kəməri ilə həyata keçirməklə, qonşu Türkiyə və Gürcüstana, o cümlədən Yunanıstana qaz ixrac edir. İtaliya və Bolqarıstan da Azərbaycanın mavi yanacağını idxal etmək niyyətini bəyan etmişdir. Nabukko layihəsinin gerçəkləşməsi isə Avropanın bir çox dövlətlərinin üzləşdiyi enerji təhlükəsizliyi probleminin kompleks həlli, alternativ enerji təchizatı şəbəkəsinin formalaşdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Bu baxımdan İlham Əliyev Nabukko layihəsinə kommersiya maraqları prizmasından yanaşılmasını da düzgün saymamış, onun enerji təhlükəsizliyi fonunda strateji əhəmiyyətinə diqqət çəkmişdir: "Biz neftin qiyməti təxminən 30 dollar olan vaxtda Bakı-Tbilisi-Ceyhan neft kəmərini tikdik. O zaman Azərbaycanın gündəlik neft hasilatı 200 min barelə bərabər idi. Biz gündəlik həcmi 1 milyon barrel olan boru kəmərinə sərmayə qoymağa başladıq. Bu səbəbdən hesab edirəm ki, Nabukko ölkələri və bu layihəni dəstəkləyən təşkilatlar daha cəsarətli olmalı, onlar bu layihəyə təkcə gəlir mənbəyi kimi baxmalı deyillər. Bu, enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi ümumi təhlükəsizliyə və uzunmüddətli müstəqilliyə aparır. Bu səbəbdən, hesab edirəm ki, daha güclü siyasi iradə, daha aydın maliyyə dəstəyi olmalıdır. Azərbaycan kimi ölkələr həm tranzit, həm də təchizatçı ölkə rolunu oynayaraq bu layihəyə dəstək vermək üçün əlindən gələni etməyə hazırdır".

Azərbaycanın son illər uğurla həyata keçirdiyi enerji diplomatiyası bütövlükdə regionun davamlı və sabit inkişafına xidmət edir. Bu siyasət həm də bütövlükdə Avropa regionunda qarşılıqlı anlaşmaya və etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmişdir. Respublikamız malik olduğu enerji ehtiyatlarının nəqlində spekulyativ yanaşmalara yol verməməklə yanaşı, qiymətlərin süni şəkildə şişirdilməsi, bu məsələdən siyasi təzyiq və təhdid vasitəsi kimi istifadə olunması cəhdlərini qəbul etmir. "Şübhəsiz ki, biz öz enerji ehtiyatlarımıza ilk növbədə milli maraqlar və davamlı inkişaf nöqteyi-nəzərindən baxırıq. Eyni zamanda, biz bu ehtiyatlardan əməkdaşlığı daha da gücləndirmək və bu sahədə bizdən asılı olan dostlarımıza və ölkələrə dəstək məqsədi ilə istifadə etməyə çalışırıq. Bu halda o ölkələr nəzərdə tutulur ki, hazırda onlar qazın bazar qiymətləri ilə ayaqlaşa bilmir. Biz realist olmalıyıq. Bu səbəbdən də ədalətli qiymət və uzunmüddətli maraqlar arasında tarazlığı tapmaq çox vacibdir. Düşünürəm ki, bu yaxınlarda baş verənlərin müxtəlif səbəbləri ola bilər. Lakin əsas fərq yanaşmadadır. Əgər siz öz enerji ehtiyatlarınız vasitəsilə daha çox şey əldə etməyə və ya ərazinizdən istifadə edərək, daha ucuz qiymət əldə etməyə çalışırsınızsa, onda bu cür böhranlar qaçılmazdır"-deyən dövlət başçısı İlham Əliyev əlavə etmişdir ki, enerji ehtiyatlarından münaqişə və ya ayrı-seçkilik aləti kimi deyil, dostluq aləti kimi istifadə olunmalıdır.

Davos Forumu çərçivəsində dövlət başçısının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe isə təcavüzkar tərəfin ifşası baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev demişdir ki, Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən dövlətlərə çevrildiyi halda, Ermənistan özünü regionda həyata keçirilən strateji əhəmiyyətli layihələrdən kənarda saxlayır, beləliklə, gələcək inkişafını sual altında qoyur. Təcavüzkar dövlət regionda daha geniş əməkdaşlıq imkanlarına mane olmağa çalışır. Halbuki münaqişənin həllinin uzanmasına, region dövlətləri ilə münasibətlərin gərginliyinə görə ən böyük zərbə məhz Ermənistana dəyib. Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə, Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində təcrid vəziyyətində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Region dövlətləri sıx şəkildə iqtisadi inteqrasiya proseslərində fəal iştirak etsələr də, Ermənistan faktiki olaraq bu imkandan məhrum olub, davamlı inkişaf perspektivini itirərək xarici borcların və yardımların ümidinə qalıb. Üstəlik, işğalçı dövlətin xarici borcları getdikcə artır, sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması, əhalinin sosial vəziyyəti ağır olaraq qalır. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan bu ölkənin forpostuna çevrilərək bütün strateji əhəmiyyətli müəssisələrini itirir. "Əfsuslar ki, bu illər ərzində danışıqlar münaqişənin həllinə gətirib çıxarmayıbdır. Bu proses nə sülhlə, nə də beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnibdir. Təbii ki, belə bir şəraitdə istər enerji, istərsə də nəqletmə sahəsində heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Əgər xəritəyə baxsanız görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma torpağın üzərində dayananda görürsünüz ki, əslində bu, uzun yolla gedir. Nə qədər ki bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir. Hesab edirəm ki, bizim mövqeyimiz başa düşüləndir"-deyə dövlət başçısı İlham Əliyev forumda vurğulamışdır.

Dövlət başçısının Davosda görüş keçirdiyi nüfuzlu biznes adamlarının əsasən müasir informasiya texnologiyaları və kommunikasiyaları üzrə ixtisaslaşan transmilli şirkətlərin rəhbərləri olması da qətiyyən təsadüfi deyildir. Prezident İlham Əliyevin son illər xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə də əlverişli tranzit ölkəsinə və regional mərkəzə çevrilməsidir. Prezident seçildikdən sonra ilk xarici səfərinə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlayan İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi inkişafın, sivil dünya dəyərlərinin, insan hüquqlarının etibarlı təminatı və demokratikləşmə prosesinin başlıca şərtlərindən biri də məhz müasir informasiya texnologiyalarının tətbiqindən başlanır. Azərbaycanın Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi də real zəminə əsaslanır. Azərbaycan Prezidenti XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafını Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahə elan etmişdir. Azərbaycan neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, o cümlədən yüksək texnologiyaların, kommunikasiya texnologiyalarının tətbiqinə yönəltməyi son dərəcə vacib sayır.

Ümumiyyətlə, Davos Forumu müzakirə olunan məsələlərin aktuallığına və miqyasına görə Azərbaycan üçün əhəmiyyətli sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin forum zamanı keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur. Forumun yekunları ilə bağlı ən ümumi qənaət isə ondan ibarətdir ki, respublikamızın dünyanın nəhəng şirkətləri üçün investisiya cəlbediciliyi ildən-ilə artmaqdadır.

 

 

Elşad ABDULLAYEV,

Azərbaycan Beynəlxalq

Universitetinin rektoru,

hüquq elmləri doktoru,

professor.

 

Respublika.- 2009.- 6 fevral.- S. 1-2.