Maliyyə böhranı və qloballaşma

 

Mövcud dünyada gedən proseslərin qiymətləndirilməsi və təhlili fərdi baxışın məhsulu olsa da, hamının qəbul etdiyi ümumi prinsiplər və dəyərlər də vardır. Belə ki, iqtisadi sahədə dünyanı bürüyən böhranın dəyərləndirilməsində yekdil fikirlər çoxdur. Çünki bu böhran siyasi, ictimai, ekoloji, geosiyasi prosesləri, qlobal inkişafın bütün elementlərini özündə ehtiva edir.

Dünya sivilizasiyası özünün yüksək inkişafı mərhələsinə yaxınlaşır. Nəzərə alaq ki, bu dünya hər bir fərdin, xalqların, etnosların, hər bir canlı olanın vətənidir və kainatın bir hissəsidir.

Əhalinin durmadan artması, yerüstü və yeraltı sərvətlərin fasiləsiz istifadəsi, ümumdünya ərzaq məsələsi və bazar münasibətləri qloballaşmanı zəruri edir. Elmi-nəzəri məsələlərə çox vaxt ayırmadan dünyanı bürüyən maliyyə böhranı, onun Azərbaycana təsiri və vəziyyətdən çıxmaq yolları haqqında fikirlərimizi sadə şəkildə bildirməyə çalışaq. Dünyada son 100 ildə əhali artımına fikir verək. Statistika həmişə olub. 1900-cü illə müqayisədə dünya əhalisi dörd dəfəyə yaxın artıb. Bu müddət ərzində dünyanın sərvətləri daha amansızcasına istismar olunmağa başlayıb.

Elmi-texniki tərəqqi, kompüter texnologiyası indiyə qədər mövcud olan elmi-nəzəri məsələləri alt-üst edib. Qeyri-səlis məntiq elmi araşdırma olsa da, bütün sahələrdə yeni baxışlar yaradıb.

Kataklizm, dünyanı bürüyən və dərinləşən qlobal istiləşmə, onun törətdiyi və törədə biləcəyi hadisələr reallıqdır.

Siyasi sistemlərin zəifləməsi, mədəniyyətlərarası dialoqların baş tutmaması, əksinə, mübarizənin bəzən dini qarşıdurma müstəvisinə keçirilməsi, müharibələrin labüdləşməsi də faktdır.

Pulun hökmran rolunun artması, mədəniyyətin, elitar qurumların, transmilli ictimai-siyasi təşkilatların, dövlətlərin və ayrı-ayrı adamların siyasi alətlərə çevrilməsi, etnosların deformasiyası, ideyaların, ümumbəşəri düşüncənin, siyasi uzaqgörənliyin uzun müddət kor qalması, hadisələrin arxasına düşməsi gerçəkliyi ortadadır.

Nə qədər ki, elmi-texniki inqilab bəşəriyyətin yeni inkişaf mərhələsinə daxil olmamışdı, ayrı-ayrı dövlətlərdə, regionlarda müharibələr, aclıq, yoxsulluq, kütləvi xəstəliklər şəxsiyyətlərdən, yeni ərazilərin işğalından və təbiət hadisələrdən asılı olurdu. XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq ağır sənayenin sürətlə inkişafı geniş təkrar istehsala şərait yaratdı. ABŞ və Avropa ölkələri sürətlə inkişaf etməyə başladı.

İngilis imperiyası daxilində olduğu kimi, dövlətin əlində olan maliyyə ehtiyatları təsərrüfat subyektlərinə xidmət etməyə başladı və bu da sürətli inkişaf yaratdı. Misal üçün, Birinci Dünya müharibəsində uduzan Almaniya tez bir müddətdə maliyyə dəstəyi ilə böyük bir hərb maşını qura bildi və İkinci Dünya müharibəsinin əsas aparıcı dövləti oldu. Bir müddət pul, tələb və təklifin xidmətçisi rolunu oynadı. İstehsalat müxtəlifliyinin az olması, tələbatın ümumiliyi ilk dövrlər çox böyük uğurlar gətirirdi.

Lakin zaman keçdikcə iqtisadiyyatın liberallaşması, sahibkarlığın genişlənməsi, məhsul növlərinin çoxalması, rəqabətin bazar müstəvisinə keçməsi maliyyə resurslarının dövlətin nəzarətindən asılılığını azaltdı və dünya bazarında yetərincə çoxlu pul meydana gəldi. Ən pisi bu idi ki, mafiyaların, terror təşkilatlarının, korrupsiyalaşmış dövlət strukturlarının əlində nəzarətsiz trilyonlarla dollar vəsait toplandı. Dövlətlərin çoxundan çox-çox varlı olan maliyyə qurumları meydana gəldi. Güclü fond birjaları və külli miqdarda pulu olan banklar bəzi hallarda dövlət siyasətini müəyyənləşdirməyə başladı. Bazar qanunlarının əsas göstəricisi olan tələb, təklif, mübadilə və istehsal prinsipləri pozuldu. Artıq pul inflyasiyaya meydan açdı. Dövlətlərin bir çoxunda nizamlanması mümkün olmayan vəziyyət alındı. Məhsul istehsalı problemlə üzləşdi. Mal satılmır, bazar geniş təkrar istehsala imkan yaratmır, bank kreditləri qayıtmır, faiz dərəcələri yüksəlir, işçilərin əmək haqqı gecikir, müəssisələr iflasa uğrayır, işçilərin kütləvi işdən çıxarılması başlanır, əhalinin sosial vəziyyəti pisləşir. Dövlət aparatı, demokratik yolla səsini almış seçicisinin işlə təmin olunmasında acizlik çəkir.

Hansı dövlətin iqtisadiyyatı möhkəmdirsə, maliyyə bazarlarını nizamlaya bilirsə, böhrandan az itki ilə keçə biləcəkdir. Maraqlı budur ki, sərvətlərini dünya malı etmiş ölkələr iqtisadi çətinliklərlə daha çox üzləşir. Misal üçün, ABŞ iqtisadiyyatı o səviyyədə mərkəzləşdirilib və təmərküzləşdirilib ki, dünyanın hansı hissəsində hər hansı münaqişə, təbii fəlakət olursa, həmin ölkəyə təsirini göstərir. ABŞ administrasiyası operativ iqtisadi siyasət yeridərək vəziyyəti hələlik nizamlaya bilir. Bir çox dövlətlər, xüsusilə xarici kapitaldan asılı olan dövlətlər böhrandan ciddi zərər görəcəklər. Çünki bu böhran miqyasına görə 1929-cu ildəki böhrandan daha dərin və əhatəlidir. Hazırda dünyada məcmu məhsulun ümumi dəyəri 60 trilyon dollardır. Lakin böhrandan çıxmaq yolları var və bu, bir neçə il çəkəcək. Birinci növbədə iri istehsal sahələrini milliləşdirmək lazımdır. Bankların və fond birjalarının fəaliyyəti dövlət nəzarətinə götürülməlidir.

Azərbaycan dövləti qloballaşan dünyanın bir hissəsidir və təbii olaraq dünya maliyyə böhranının bizə də aidiyyəti var və təsirini görəcəyik. Yaxşı hal budur ki, ölkəmizdə dövlətə təsir edəsi maliyyə qurumu yoxdur. Əksinə, dövlət onlara nəzarət edir və onların işini istiqamətləndirir.

Dövlət olaraq Azərbaycanın apardığı iqtisadi siyasət uğurludur. Rüşvətə və korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Ümumi olan vətənimiz Azərbaycanın bütövlüyü, milli maraqlarımız və xalqımızın azad, firavan yaşaması bizim ümdə məqsədimiz, amalımızdır. Bunun yolu vətəndaş mövqeyindən, ədalətdən, biganə olmamaqdan, vicdanla çalışmaqdan keçir.

 

 

Məmməd TAĞIYEV,

iqtisadçı, "Bakıelektrikşəbəkə"

ASC YAP təşkilatının sədr müavini.

 

Respublika.- 2009.- 6 fevral.- S. 4.