İlham Əliyev: Biz iqtisadiyyatı şaxələndiririk
və onun neftdən asılılığını
azaldırıq
Dövlət
Proqramının əsas müddəalarından biri də
qeyri-neft sektorunun inkişafıdır. Ötən il ÜDM-də
özəl bölmənin payının 84,5 faiz təşkil
etməsi bu sahənin inkişafına göstərilən diqqətin
bariz nümunəsidir. Azərbaycan iqtisadiyyatı şaxəli
şəkildə, davamlı tərəqqi yolundadır. Ötən
il bu istiqamətdə çox mühüm addımlar
atılıb. Ölkənin tərəqqisi, xalqın daha da
yaxşı yaşaması naminə lazımi tədbirlər
görülüb.
Azərbaycan Prezidenti
İlham Əliyev Davosda Reuters Agentliyinə və CNN televiziya
kanalına verdiyi müsahibələrdə bildirib ki, biz
iqtisadiyyatı şaxələndiririk və onun neftdən
asılılığını azaldırıq:
"İnformasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı,
təhsil, səhiyyə və digər sahələrə sərmayə
yatırırıq. Hesab edirəm ki, biz artıq bu sahədə
mühüm nailiyyətlər əldə etmişik. Neft qiymətindən
daha az, əvvəllər heç zaman olmadığı qədər
asılıyıq. Hətta neftin bugünkü 40 dollarlıq
qiyməti ilə belə, Azərbaycanın iqtisadiyyatı inkişaf
edir. Belə düşünürəm ki, 2009-cu il də
ÜDM-in artımı baxımından ölkəmiz
üçün uğurlu olacaqdır".
Qeyri-neft sektoruna qoyulan
investisiyalar son beş ildə 6,2 dəfə artıb və
onun xüsusi çəkisi 2003-cü ildə 26,8 faizdən,
2008-ci ildə 69 faizdən artıq olub. Bu, onu göstərir
ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
sektorunun inkişafı həyata keçirilən iqtisadi siyasətin
əsasında dayanır. Məlumdur ki, Azərbaycan 1994-cü
ildən bəri böyük investisiyalar məkanına
çevrilib. Ölkəmizdə əlverişli biznes mühitinin
formalaşdırılması üçün lazımi tədbirlər
görülüb. Xarici investorlar qoyduqları vəsaitin təhlükəsizliyinə
tam əmindirlər. Son on ildə ölkə iqtisadiyyatına
44 milyard dollar investisiya qoyulub. Cənab İlham Əliyevin bəyan
etdiyi kimi, bu, Azərbaycana, onun gələcəyinə olan
inamın göstəricisidir.
Ölkə
iqtisadiyyatının inkişafına qoyulmuş
investisiyaların həcmi son beş ildə 38 milyard manat təşkil
etmişdir. Bunun 16 milyard manatı daxili, 22 milyard manatı isə
xarici investisiyalar olmuşdur. 2003-cü ildə daxili
investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu
göstərici 75 faiz təşkil etmişdir.
Bu gün Azərbaycan
iqtisadiyyatı sürətlə inkişaf edən ölkə
kimi tanınır. Bu amilin ölkəmizə investisiya
axınının sürətlənməsində rolu
böyükdür. MDB Dövlətlərarası Statistika
Komitəsinin hesabatında Azərbaycanın investisiya cəlbediciliyi
baxımından liderliyini qoruduğu göstərilir. Dünya
Bankı Azərbaycanı bir nömrəli islahatçı
ölkə kimi tanıyır. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, bu, onu göstərir ki, uğurların təməlində
düzgün siyasət və ölkədə gedən
müsbət proseslər dayanır.
Prezident İlham Əliyev
Reuters Agentliyinə müsahibəsində bildirib ki,
hazırkı böhran vəziyyətində və neftin qiymətinin
aşağı düşməsi şəraitində göstəricilərimizi
nəzərə alsaq, görərik ki, iqtisadi
inkişafımızın əsas uğuru neft deyildir.
İqtisadi islahatlar, qeyri-neft sektorunda artım, iqtisadiyyatın
liberallaşdırılması, əlverişli sərmayə
mühiti fikirlərimizi əsaslandıran əsas amillərdir.
Dövlətimizin
başçısı Türkiyə ilə tranzit qaz kəməri
və qazın tranziti haqqında razılaşma ilə
bağlı aparılan danışıqlara da aydınlıq
gətirib: "Biz danışıqlar prosesindəyik və
ümidvaram ki, həmin danışıqları mümkün
qədər tez başa çatdıracağıq.
Həmin saziş Azərbaycan
qazının Avropa İttifaqı bazarına çıxışını
daha da genişləndirəcəkdir. Buna görə də bu
cür razılaşma hamımız - hasilatçılar,
istehlakçılar və tranzit ölkələr
üçün faydalı olacaqdır. Beləliklə,
ümid edirik ki, razılaşma yaxın vaxtlarda
yekunlaşacaqdır". Hazırda Xəzər hövzəsindən,
xüsusilə Azərbaycandan, habelə Yaxın Şərqdən
əlavə qaz ehtiyatlarının Avropaya nəqlinə ehtiyac
böyükdür. Odur ki, məqsəd Türkiyədən
keçməklə Cənubi-Şərqi və Mərkəzi
Avropaya uzanacaq Nabukko qaz nəqli marşrutu vasitəsilə Xəzər
regionunun enerji resurslarını Avropaya gətirməkdir. Cənubi-Şərqi
Avropa ölkələrinin bu layihəyə marağı
böyükdür, çünki məlum qaz böhranı
vaxtı ən böyük zərbə onlara dəymişdir.
Nabukko bu ölkələrin gələcəkdə qaz təminatında
yarana biləcək çətinliklərin aradan
qaldırılmasına öz töhfəsini verəcəkdir.
Hesablamalara görə,
kəmərin tikinti xərcləri 7,9 milyard avro olacaqdır.
Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma
və İnkişaf Bankı öhdəlik
götürmüşlər ki, maliyyələşmədə
iştirak etsinlər. Çünki Avropa ölkələrində
çox əmindirlər ki, bu layihənin Avropa
üçün həlledici rolu vardır.
CNN televiziya
kanalının təmsilçisinin - Enerji
daşıyıcılarının Avropaya nəql edilməsi
ilə bağlı Rusiya və Ukrayna arasında iki ildən
artıqdır ki, mübahisə davam edir. Sizcə, bu çətin
vəziyyətdən necə çıxmaq olar? Azərbaycan
alternativ boru kəmərləri şəbəkəsi çəkmək
fikrindədirmi? sualına cavabında cənab İlham Əliyev
bildirmişdir: "Rusiya ilə Ukrayna arasında gərginlik,
belə demək mümkünsə, alternativ marşrutlara daha
çox diqqəti cəlb etmişdir. Bizə gəldikdə isə,
heç vaxt özümüzü bir növ alternativ
marşrut hesab etməmişik. Biz sadəcə, hasilata sərmayə
yatırılması, boru kəmərlərinin çəkilməsi
və enerji daşıyıcılarının Qərb
bazarlarına çatdırılması işi ilə məşğuluq.
Bir neçə il bundan öncə enerji məsələlərinin
həlli təxirəsalınmaz məsələ kimi önə
çıxdı. Təkcə bir hasilatçıdan
asılılıq müəyyən narahatlıqlar doğurur.
Buna görə də tamamilə təbiidir ki, Avropada xəritəyə
daha diqqətlə baxmağa başladılar. Gördülər
ki, Azərbaycanda, Xəzərdə böyük enerji
ehtiyatları var, Azərbaycan qazını Qərb
bazarlarına nəql edən müasir boru kəməri fəaliyyət
göstərir. Onlar belə fikrə gəldilər ki, niyə
də bu prosesi sürətləndirməyək? Ona görə
də bu gün yeni mənbələrə diqqət
artmaqdadır. Onu deyə bilərəm ki, Xəzərin
ehtiyatları, xüsusən də Azərbaycan Avropa
bazarları üçün yeganə yeni qaz mənbəyidir.
Bütün digər mənbələr artıq istifadədədir.
Bir yerdə hasilat artırılmalıdır ki, digər mənbədən
asılılıq azalsın. Lakin yeni mənbəyə gəldikdə,
söhbət yalnız bizdən gedə bilər".
Onu da bir daha qeyd edək
ki, Avropa Azərbaycanı neft və qaz sənayesində əhəmiyyətli
tərəfdaş kimi qəbul edir. Belə ki, Azərbaycan gələcəkdə
Türkiyədən keçməklə Bakıdan Mərkəzi
və Qərbi Avropaya uzanan daha əhəmiyyətli bir qaz kəmərinin
başlanğıc nöqtəsi olacaqdır.
Şükür ƏLİZADƏ,
Respublika.- 2009.- 8 fevral.- S. 1.