Energetika
Texniki dəyişikliklər səmərə verir
Cənubi Qafqazda lider
dövlətə çevrilən Azərbaycanda son illər
digər sahələrdə olduğu kimi, energetika sektorunda da
müsbət dəyişikliklər baş vermiş, əhalinin
keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi müasir tələblər səviyyəsinə
qaldırılmışdır. "Bakıelektrikşəbəkə"
ASC fəaliyyətə başladığı dövrdə
paytaxtımızda, eləcə də Bakıətrafı qəsəbə
və kəndlərdə bir sıra texniki dəyişikliklər
aparılmış, neqativ hallar qətiyyətlə aradan
qaldırılmış, ən başlıcası, enerji
haqlarının yığılmasında mühüm irəliləyişə
nail olunmuşdur. Bəs bu sahədə Qaradağ rayonunda
hansı işlər görülmüşdür? Əməkdaşımız
bu məqsədlə rayon enerji
təchizatı və satışı idarəsinin rəisi Rafiq Əliyevə müraciət
etmişdir. Müsahibimiz söhbət əsnasında əldə
olunan uğurlu nəticələrdən və qarşıda
duran vəzifələrdən danışaraq dedi:
—Qaradağ rayonu
geniş əraziyə malikdir. Prezident İlham Əliyevin
tövsiyə və göstərişlərinə uyğun
olaraq inkişaf investisiya proqramı hazırlanmış,
bütün qüvvələr energetika sektorunun
inkişafına yönəldilmişdir. Vurğulamaq
lazımdır ki, idarəmizin kollektivi 2008-ci ili zəfərlə
yekunlaşdırmışlar. Rayonun ərazisində
hazırda əhali sektorunda 24757, qeyri-əhali sektorunda isə
3181 abonent vardır. Əhali arasında geniş maarifləndirmə
işi aparıldığından sayğaclara müdaxilə
olunması halları minimum həddə endirilmişdir.
Qış aylarında enerji təchizatında fasilələrə
yol verilmir, çalışırıq ki, müxtəlif
qızdırıcı qurğulardan istifadə
olunmasının qarşısı alınsın.
2007-ci ildə əhalidən
2 milyon 150 min manatlıq enerji pulu toplandığı halda,
2008-ci ildə bu rəqəm artaraq 3 milyon 416 min manata
çatdırılmışdır. Bu irəliləyiş,
ilk növbədə rayon icra hakimiyyətinin energetiklərimizə
göstərdiyi qayğı və diqqətin, aparılan
texniki dəyişikliklərin nəticəsidir.
Daxili imkanlardan rasional
istifadə olunduğundan yola saldığımız 2008-ci ildə
rayonun ərazisində 2 yeni transformator tikilmiş, yeni 10 ədəd
komplekt transformator məntəqəsi inşa edilmiş, 16
transformator daha güclüsü ilə əvəz olunmuş,
20 ədəd vakuum və yağ açarları dəyişdirilmişdir.
Həmçinin digər texniki dəyişikliklər də
aparılmış, alçaq gərginlikli 18868 metr hava xətləri,
yüksək gərginlikli 6100 metr hava xətləri,
alçaq gərginlikli 4 min metr kabel xətləri, yüksək
gərginlikli 2300 metr kabel xətləri dəyişdirilmiş,
Lökbatan qəsəbəsində 70, Buta qəsəbəsində
isə 100 faiz SİP-lə kabelləşmişdir.
Keçən il abonent
etirazları komissiyası öz fəaliyyətini daha da
genişləndirmiş, abonentlərin bir sıra ərizə
və şikayətləri vaxtında öz müsbət həllini
tapmışdır.
R.Əliyev söhbətini
davam etdirərək bildirdi ki, idarənin kollektivi 2009-cu ildə
daha yüksək templə işləyir.
Nəzərdə
tutulmuşdur ki, çoxmərtəbəli binalarda
sayğaclaşdırma işi tam başa
çatdırılsın, Qızıldaş, Şanqar,
Qobustan və digər ərazilərdə sipləşmə
işləri aparılsın. Şübhəsiz ki, bu texniki dəyişikliklər
yığım faizinin maksimum həddə
çatdırılmasına imkan verəcəkdir.
Qədir ASLAN,
Respublika.- 2009.- 8 fevral.- S. 6.