Xalqa xidmət nümunəsi
Hər bir insan
dünyaya gələn andan qismətinə düşən bir
ömür payı yaşayır. Yaşanan ömür
payının yaddaşlarda necə iz qoyması isə
insanın özündən asılıdır. Elə adamlar
var ki, onun həyatda qoyduğu iz, açdığı
cığır, keçdiyi şərəfli ömür yolu
gələcək nəsillər üçün bir örnək
olur. Adətən belələri ümumi məqsəd
üçün çalışan, özləri isə
getdikcə daha alicənab olan adamlardı. Öz alicənablığı
və təvazökarlığı ilə seçilən,
şəxsi həyatını ictimai həyata qatmağı
bacaran Tofiq müəllim də məhz bu cür hörmətə
layiq olan insan idi.
Bənzərsiz insan,
şöhrətli alim, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, tarix elmləri
doktoru, professor, əməkdar elm xadimi Tofiq Qasım oğlu
Köçərli, demək olar ki, ömrünün təxminən
60 ilini xalqına və tarix elminin inkişafına sərf
etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar
aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla
görüşlərdən, alimlərin dəyirmi
masalarından, dövrün nəbzi vuran, xalqın taleyi həll
olunan tribunalardan gəlirdi. Tofiq müəllimin keçdiyi mənalı
həyat yolu, tutduğu vəzifələr, yazdığı
çoxsaylı əsərlər, aldığı yüksək
mükafatlar və s. onu əsl ziyalı, elm fədaisi, zəhmətkeş
alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi
insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.
Tofiq Köçərli
iki dövrün şahidi idi. Lakin buna baxmayaraq, onun
bütün yaradıcılığı və fəaliyyəti
bölünməz bir tamlıqdır. Həyatının mənasını
Azərbaycanın statusunun möhkəmlənməsində
görən Tofiq Köçərli, "arxayınlaşmaq
tezdir" prinsipi ilə yaşayırdı. Ətrafındakı
adamlar onu nəciblik, səmimilik, ziyalılıq, aqillik,
nuranilik, düzlük, saflıq təcəssümü və
nümunəsi kimi tanıyırdılar. Bununla bərabər
o, təhlilçi və tənqidçi kimi tərəqqiyə
təkan verə biləcək, təkamülə
başlanğıc olacaq hər şeyi alovlu bir ürəklə
və inadkarlıqla təbliğ edir, gedişatın məntiqindən
irəli gəlməyən və qanunauyğunluğa
bağlamayan, kabinet nəzəriyyəçiliyinin və ya
valyuta-rizmin məhsulu olan "ideyalan" cəsarətlə
rədd edirdi. Sözündə, fikrində, fəaliyyətində
təmənnasızlıq, xeyirxahlıq onun çoxlarına
təhlükəli görünən cəsarətinin sipəri
idi. Buna görə də onun söylədiyi fikirlər, irəli
sürdüyü ideyalar insanları
düşündürürdü.
Əlbəttə, əzablı
anlar, xoşagəlməz söhbətlər, son dərəcə
daxili gərginlikdə keçən günlər də olurdu.
Lakin özünə inamı, təşkilatçılığı,
optimizmi onun psixoloji sabitliyini təmin edirdi. O, lider xüsusiyyətlərinə
malik olan şəxsiyyət idi - tələbkar, ciddi, dəqiq,
ayıq, praqmatik və analitik zehni olan rəhbər etalonu. Təəccüblü
deyil ki, Tofiq müəllim uzun illər rəhbər
kadrları hazırlayan mərkəzi idarə edirdi-təxminən
iyirmi ilə yaxın Bakı Ali Partiya Məktəbinin rektoru
olmuşdur. Onun dövründə minlərlə gənc kadr
bu məktəbi bitirib dövlət işinə getmiş,
çoxu pillə-pillə ali rəhbər vəzifələrə
qədər ucalmışdılar. O,
çıxışlarında məktəb dinləyicilərini
aktual mövzular ətrafında açıq mübahisələrə
cəlb edir, onlarla birlikdə qoyulan məsələlərin
müasir zaman və şərait baxımından müsbət
və mənfi, xeyirli və zərərli tərəflərini
axtarır, onlara fikri, təklifi, tövsiyəni həm
prinsipial, həm də etik formalarda düzgün ifadə etmək
qabiliyyəti aşılayırdı.
Qədim yunan filosofu
Sokratın məşhur kəlamı var: "Əgər
söz çatmırsa, dəyənək də kömək
etməz". Bu həqiqətə əsaslanaraq, Tofiq
Köçərlinin fikrincə, ən güclü silah kəsərli
sözdür. Bacarıqlı natiq Tofiq Köçərli
sözün imkanlarından, fikrin sehrindən məharətlə
istifadə edir. Onun üçün insanı dəyişdirən,
fəallaşdıran, cilalayan və qiymətli edən əsaslı
sözdür, məzmunu aydın olan, məntiqli fikirdir. O,
söz közündən fikir tonqalı alışdıra bilənlərdəndir.
Ali Sovetin deputatı və
Milli Şuranın üzvü olarkən siyasi ehtirasların
xaosunda tribunadan T.Köçərlinin tarixi təcrübəyə
və elmi əsaslara, həyat gerçəkliklərinə və
sərt həqiqətə, soyuq əqlə və sadə məntiqə
söykənən fikirləri səslənirdi. Dağlıq
Qarabağ hadisələrinin öhdəsindən gəlmək
üçün həmişəkindən daha artıq qətiyyəti,
dəyanəti, uzaqgörənliyi, siyasi çevikliyi, siyasi və
diplomatik fəallığı zəruri bilirdi. Haqq işimizin
qələbəsini yalniz düzgün və möhkəm
siyasətdə, milli birliyimizdə, yalnız xalq, hakimiyyət
və bütün partiyalar, ictimai-siyasi hərəkatlar
arasında həmrəylikdə, birgə hərəkəti təmin
etməkdə görürdü. O, siyasi romantizmə, milli
fanatizmə qapılanları göylərdən endirib sərt
həyat həqiqətlərinə bağlamağa,
hamının gözünü real təhlükələrə
açmağa çalışırdı.
Böyük siyasətçilərin
böyük təzyiqlərə dözməsi
faktlarını dəfələrlə qeyd edirdi. Bir sıra
savadsız, hazırlıqsız, avantürist adamlara
qarşı dururdu. Elmdə cəsarətini bilənlər onu
cəsur və döyüşkən, öz məqsədi
yolunda maneələri aradan qaldırıb irəliləyən
bir siyasətçi kimi görmək istəyirdilər. Təəssüf
ki, ağlı, zəkası, potensial bacarığı, bir
sözlə, intellektual səviyyəsi güclü olan adamlar
siyasət təzyiqlərinə dözmürlər. Tofiq
Köçərlinin dediyinə görə, "bunlar elə
adamlar idi ki, ingilis misalında olduğu kimi, özlərinə
qayğanaq bişirmək üçün evi yandırmağa
hazır idilər". Eşidilməyən Tofiq Köçərli
deputat mandatından imtina edib, Milli Məclisi tərk edir. Bu
addım-protest aktı idi.
Lakin Tofiq müəllim
geri çəkilmir, görülmüş işlərlə
kifayətlənmir. Sonrakı dövrdə çox və səmərəli
çalışır. Dağlıq Qarabağ tarixinə dair
tədqiqat işlərini daha da dərindən
araşdırır. Sözün həqiqi mənasında
ölkənin həlledici problemlərinə həsr olunan
kitablar, hər sətrində günün aktual məsələlərini
açan nəzəri və praktik dəyərli məqalələr
onun imzası ilə işıq üzü görür. Azərbaycan
tarixi, xüsusən Dağlıq Qarabağ və Naxçıvan tarixi erməni
müəlliflərinin açıq və həyasız
saxtalaşdırması, yayılmış yalan uydurmaları
ilə mübarizə aparır. O, erməni
saxtakarlığını tənqid və ifşa etmək sahəsində
çox iş görür. Çoxlu sənəd məcmuələri,
tarixi mənbələri, tədqiqat əsərlərinin nəşri
ilə yanaşı olaraq tarixi həqiqətləri dünya
ictimaiyyətinə çatdırmağa cəhd edir.
Balayanları, kaputikyanları, xanzadyanları Dağlıq
Qarabağ haqqında fitnələrə,
qızışdırıcı sözlərə, ağ
yalanlara görə müttəhimlər kürsüsünə
oturtmağa çağırır. "Nürnberq prosesi"
lazımdır... Tarixin Məhkəməsi, Xalqın Məhkəməsi
olacaqdır!" Amma Azərbaycana qarşı ideoloji hücum
və təxribatların tezliklə səngiməsinə
ümid etmək sadəlövlük olardı.
Tofıq Köçərlinin
fikrincə, dövlət özünü ideoloji təxribatlardan,
yalan və böhtanlardan qorumağı bacarmalıdır. Azərbaycanın
ərazi bütövlüyünü və dövlət
bütövlüyünü bərpa etməyi, erməni təcavüzkarını
lazımınca cəzalandırmağı dövlətimizin,
xalqımızın müqəddəs işi və ən
başlıca vəzifəsi sayırdı. Bu antiazərbaycan
xorunda erməni müəllifləri ilə yanaşı, bəzi
rus ziyalıları da fəal iştirak edirlər. Tofiq müəllim
məqalələrində onların mövqeyinə irad
tuturdu. O hesab edirdi ki, ermənilər qarşılarına
qoyduqları məqsədlərə xidmət etmək qabiliyyətində
olanları məharətlə ələ alıb öz fikirlərini
başqalarının dili ilə səsləndirməyi
bacarırlar.
"Qarabağ: yalan və
həqiqət", "Yaddan çıxmaz Qarabağ",
"Nəqşi-cahan Naxçıvan" əsərləri
Azərbaycan torpaqlarına göz dikənlərin
simalarını açır, dayandıqları "elmi"
platformaları darma-dağın edir. Bu əsərlər bədxah
qonşularımıza cavab kimi yazılsa da, əslində
tariximizdən bixəbərlər üçün də dərslikdir.
Antiazərbaycanizm
ideologiyasına və təbliğatına qarşı
mübarizə dövlət səviyyəsində təşkil
olunmalıdır. Tofiq Köçərlinin təklifi bu idi
ki, Azərbaycan Respublikası Prezidenti İcra Aparatı nəzdində
antiazərbaycanizmlə mübarizəni planlı, sistemli,
mütəşəkkil, məqsədyönlü qaydada aparan
sektor yaradılsın. Biz olduqca məkrli, amansız, təcrübəli,
hiyləgər bir qüvvə ilə
qarşılaşmışıq. Onun bu onillik tarixi olan xəbərdarlığı
indiyə kimi aktualdır (bax: "Qarabağ: yalan və həqiqət",
1998-ci il).
"Yalan 24 saat ərzində
yayılırsa, yalanı təkzib etmək üçün
100 il tələb olunur" zərb-məsəlində həqiqət
çoxdur. Eyni zamanda erməni saxtakarlığının da
dərəcəsi hüdudsuzdur. 2001-ci il aprelin 30-da Ermənistan
Birləşmiş Millətlər Təşkilatında
yaydığı “Memorandum”la əlaqədar qəzəblənmiş
72 yaşlı Tofiq Köçərli BMT-nin baş katibi Kofi
Annana məktub yazır. Ermənistanın BMT-yə təqdim
etdiyi "təkzibolunmaz faktlar" yalan, uydurma və
saxtakarlıq adlandırılır. "Bütün hallarda
yalan bəladır, mənəviyyatsızlıqdır. Tarixə
baxışda isə bu, ikiqat bəladır". Görkəmli
alimin nöqteyi-nəzərinə görə, Ermənistan
BMT-yə müntəzəm olaraq dezinformasiya ötürməyi
özünə peşə etmişdir. Bu "Memorandum"
BMT-ni, Təhlükəsizlik Şurasını aldatmaq məqsədi
güdən diplomatik fitnəkarlıq və elmi nadanlıq
idi.
2002-ci ildə
"Elm" nəşriyyatında Tofiq Köçərlinin
"Qarabağ" adlı kitabı işıq üzü
görür. Bu yeni kitabda müəllif sənəd və mənbələrin
dili ilə ermənilərin və digər
saxtalaşdırıcıların Qarabağ haqqında
uydurma, yalan və böhtanlarını ifşa edir. Eyni zamanda
tariximizin hələ lazımi səviyyədə öyrənilməmiş
bəzi məsələlərini işıqlandırır.
2004-cü ilin "North
West Co.Ltd" firmasının sponsorluğu ilə nəşr
olunmuş "Məqalələr" məcmuəsində
alimin maraqlı analitik fikirləri qeyd edilir: "Fransa
senatına..." məktubda daşnak cinayətləri; elm fədailəri
Ziya Bünyadov, Əziz Mirəhmədov, Ağababa Rzayev və
b.; Danimarka, Türkiyə və Moskva səfərləri
haqqında. Eyni zamanda kitabda verdiyi müsahibələrdə
müəllifin aktual problemlər barəsində
düşüncələri bizə "tanış naməlum
şəxsi" göstərir.
Öz mühakimələrində
Tofiq müəllim müasir zamanədə cəmiyyətin
qorxulu xəstəliklərindən olan elmi-nəzəri və
idrak passivliyini, keçmiş nəsillərin taleyinə biganəliyi
tənqid edirdi. Tanınmış alimin iddiasına görə,
bütün çətinliklərə, məhdudiyyətlərə
baxmayaraq Azərbaycan sovet dövründə böyük
inkişaf yolu keçib. Görülən işlər elə
əhəmiyyətli, elə görkəmlidir ki, onları
tarixdən pozmağa heç kəsin gücü çatmaz.
Bu gün yaşlı nəsil də, orta nəsil də
şahiddir ki, tarix baxımından bir göz
qırpımı olan 70 ildə nə qədər
böyük işlər görülüb. Tarixçinin də,
filosofun da, siyasətçinin də, tədqiqatçının
da hünəri ondan ibarət olmalıdır ki, göstərməklə
bərabər nəticələrini də təqdim etsin.
"Xalqın tarixini saxtalaşdırmaq tarixə də, xalqa
da xəyanətdir".
Xalqımızın zəngin
və mənalı ömür sürmüş, gərgin və
məhsuldar işləmiş, coşğun və səmərəli
fəaliyyət göstərmiş ziyalısı Tofiq
Köçərli müasir dövrümüzün rəmzidir.
O, Azərbaycan tarixinin indiyə qədər əl dəyilməmiş
səhifələrini açmış, tariximizi təhrif edən
yaxın-uzaq saxtakarlara cavablar hazırlamışdır.
"Qorxu sindromundan" uzaq olan, qorxaqlıq azarı ilə xəstələnməyən,
bu günümüzü, tariximizi, kimliyimizi, mentalitetimizi,
qabiliyyətimizi bilən şəxsiyyət, xalqın dostunu
da, düşmənini də, ziyalısını da, sadə əmək
adamlarını da, iqtidarını da, müxalifətini də
yaxşı tanıyırdı.
Tofiq Köçərli
böyük nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona
söz demək, fikir söyləmək, nəyin yaxşı,
nəyin pis olduğuna qiymət vermək səlahiyyəti
qazandırmışdı. Bu gün deyə bilərik: Tofiq
Köçərli cəmiyyətimizin "nəbzi" idi.
Alimin dərin, geniş erudisiyası, güclü məntiqi,
qeyri-adi fəhmi, bənzərsiz müşahidə qabiliyyəti
özünü onun elmi əsərlərində göstərdi.
Onun çoxəsrlik və mübarizəli tariximizin
qaranlıq səhifələrinə işıq
saçdığı böyük əməyi nə unudular,
nə yaddan çıxar.
İndi Qarabağ məsələsinə
dair elmi-tədqiqat işləri get-gedə genişlənir.
İdeoloji meydana yeni alimlər çıxır. Lakin
Dağlıq Qarabağ uğrunda ideloji və siyasi savaşda,
kəskin mübarizədə özünəməxsus dəstxətti
ilə fərqlənən akademik Tofiq Köçərlinin "açdığı
cığır" gənc nəsil üçün örnəkdir.
Rafiq ƏLİYEV,
AMEA-nın müxbir
üzvü, professor.
Respublika.- 2009.- 10 fevral.- S. 5.