“Cücələrim”in yubiley gecəsi
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə 2009-cu il ölkəmizdə Uşaq ili elan
olunmuşdur. Uşaq ili çərçivəsində Azərbaycan
Dövlət Muğam Teatrında məşhur "Cücələrim"
mahnısının yaranmasının 60 illiyinə həsr
olunmuş yubiley gecəsi keçirilib.
Bəstəkar Qənbər
Hüseynli və şair Tofiq Mütəllibova məxsus bu
mahnı ilk dəfə Gəncə şəhərində
uşaq xorunun ifasında səslənib. Onun ilk
ifaçısı Arif Qazıyev olub. 1950-60-cı illərdə
Bakı pioner və məktəblilər sarayının (indiki
T.İsmayılov adına Respublika Uşaq və Gənclər
Yaradıcılıq Sarayı) "Cücələrim"
ansamblının şöhrəti Azərbaycandan başlayaraq
dünyanın bir çox ölkələrinə
yayılıb.
Salona toplaşanlar—elm, mədəniyyət
xadimləri, incəsənət ustaları, jurnalistlər
xoş ovqata bürünür, ürəklər mahnıdan
riqqətə gəlir. İfaçılarla bərabər
tamaşaçılar da əl çalır, uşaqlara
qoşulub oxuyurlar. Simfonik orkestrin müşayiətində səslənən
mahnının təsiri ilə xəyal hamını yaxın
və uzaq illərə aparır. Zaman-zaman Bakı məktəblilərinin
Azərbaycan dilində ifa etdiyi bu nəğmə neçə-neçə
ölkələri dolaşıb. İldən-ilə
"Cücələrim"i dünyanın bir çox
uşaq xor kollektivləri öz ana dillərində oxuyublar.
1959-cu ilin may ayında Moskvada keçirilən II Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyündə ölkəmizin
tanınmış musiqi kollektivləri ilə yanaşı,
"Cücələrim"in çıxışı uzun
illərdir ki, bizim sənədli kino salnaməmizin
yaddaşında saxlanılır. "Cücələrim"
ansamblı o vaxtdan Azərbaycanın musiqi şöhrətini
bütün dünyaya yayıb. Ötən illər ərzində
təməli qoyulmuş gözəl ənənələr bu
gün də davam edir.
Yubiley gecəsində
çıxış edən Teatrın direktoru, əməkdar
incəsənət xadimi Arif Qazıyev dedi ki, 1948-ci ildə
yaranan, ilk dəfə Gəncədə səslənən
"Cücələrim" mahnısı o zaman
keçmiş SSRİ məkanında və dünyanın bir
çox ölkəsində geniş şöhrət
qazanmışdı. Bu mahnının adı ilə Bakıda
pioner və məktəblilərin "Cücələrim"
ansamblı, Gəncə şəhərində "Bir
mahnının muzeyi" yaradılmışdı. Sonralar bu
mahnı populyar bir nəğməyə çevrilərək
dünyanın və respublikamızın uşaq xor kollektivlərinin
repertuarında geniş yer tutdu, dillər əzbəri oldu. Bu
gün isə o zamandan xeyli müddət keçməsinə
baxmayaraq, "Cücələrim"in ilk
ifaçıları-sənət yollarında daha da
şöhrət qazanan sənətkarlarımız-əməkdar
artist Suğra Bağırzadə, Nazlı Məcnunbəyova,
Hicran Hacızadə, Xuraman Talıbzadə və
basqalarıdır.
Bəstəkar Oqtay
Zülfüqarov, xalq şairi Nəriman Həsənzadə,
akademiklər Budaq Budaqov, Vasim Məmmədəliyev, professorlar
Təhsin Mütəllibov, Vidadi Xəlilov, YAP Gəncə
Şəhər Qadınlar Şurasının sədri Arzu Həmzəyeva
və başqaları "Cücələrim"
mahnısının yaranması, bəstəkar Q.Hüseynlinin
və T.Mütəllibovun yaradıcılıq yolu,
mahnının dünya şöhrəti, milli-mənəvi dəyərlərimizin
əhəmiyyəti haqqında söz açıb xatirələrini
danışdılar.
Yubiley gecəsi Muğam
Teatrının nəzdində yaradılmış "Fərhad"
uşaq muğam studiyası üzvlərinin ifaçılarla
birgə oxuduqları "Cücələrim"
mahnısının şən və oynaq musiqisi sədaları
ilə başa çatdı.
Afət Sadıqoğlu
Respublika.- 2009.- 10 fevral.- S. 6.