Azərbaycan növbəti beş il ərzində bərpa
olunan enerji mənbələrinə daha çox sərmayə
qoymaq niyyətindədir
Prezident İlham Əliyev bir çox xarici şirkətləri
də bu sahədə əməkdaşlığa dəvət
edib
Azərbaycanın
energetika sisteminin yeniləşdirilməsi, gücünün
artırılması istiqamətində zəruri tədbirlər
görülür, irimiqyaslı yeni layihələr həyata
keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin
elektrik enerjisi təhlükəzliyinin təmin olunması məqsədi
ilə müəyyənləşdirdiyi strategiya dövlətimizin
başçısı İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir. Məqsədyönlü və
düşünülmüş fəaliyyətin nəticəsidir
ki, ənənəvi enerji mənbələrindən
yararlanmaqla özünün elektrik enerjisi təhlükəsizliyini
tam şəkildə təmin etmiş Azərbaycan hazırda
qonşu Gürcüstana və Türkiyəyə də
elektrik enerjisi ixrac edir. Başqa sözlə desək, Azərbaycan
bu gün elektrik enerjisi idxal edən ölkədən onu ixrac
edən ölkəyə çevrilmişdir. Gələn
beş il ərzində isə bərpa olunan enerji mənbələrinə
sərmayə qoymaqla respublikamız elektrik enerjisi ixrac etdiyi
ölkələrin coğrafiyasını daha da genişləndirmək
niyyətindədir.
Dövlətimizin
başçısı İlham Əliyev İsveçrəyə
səfəri çərçivəsində Davosda
keçirilən Azərbaycan üzrə
qarşılıqlı biznes əlaqələri qrupunun
forumunda bərpa olunan enerji növlərinə sərmayə
qoyan və bununla bağlı fəal şəkildə yeni
imkanlar axtaran "Borusan Holdinq" şirkəti rəhbərinin
Azərbaycanda alternativ, xüsusən də külək
enerjisi ilə bağlı fikrinə münasibət bildirərkən
bəyan etdi ki, son beş il ərzində biz əsasən ənənəvi
enerji mənbələrindən istifadə etmişik. Beş
il ərzində biz qazla işləyən altı elektrik
stansiyası tikdik və bu, bizə elektrik enerjisini ixrac etmək
imkanını da yaratdı. Bundan əvvəl biz elektrik
enerjisini idxal edirdik. Hazırda biz bərpa olunan enerji mənbələrinə
sərmayə qoymaqda özümüzü daha rahat mühitdə
hiss edirik. Bunun üzərində
çalışırıq, çünki bizdə, əsasən,
su elektrik enerjisi stansiyaları nəzərdə tutulur.
Ekspertlərin fikrincə,
üzvi yanacaq növləri-neft, qaz və kömür 2030-cu
ilə qədər ilkin yanacaq resursları arasında
aparıcı rol oynayacaq, bu illərdə bərpa olunan sahələrdən
enerji istehsalı tempinin artımı gözlənilir. Bərpa
olunan enerji növlərinə külək, günəş,
geotermal biokütlə, hidroenerji və s. aid edilir.
Ölkəmizdə hələlik
elektrik enerjisinin istehsalında ilkin yanacaq növlərindən
kömür istisna olmaqla neft və qazdan, bərpa olunan enerji
növlərindən isə su mənbələrindən
istifadə edilir. Lakin bununla belə Azərbaycanda kifayət qədər
su ehtiyatları vardır. Ona görə də 2009-2013-cü
illərdə dövlətimiz tərəfindən elektrik
enerjisinin istehsalında su ehtiyatlarından istifadə
olunması prioritet elan edilmişdir. Belə ki, bərpa olunan
enerji növlərindən hidroenerji iqtisadi cəhətdən
çox sərfəlidir. Ötən il dekabrın 24-də
"Səngəçal" elektrik stansiyasının istifadəyə
verilməsi mərasimindəki nitqində möhtərəm
Prezidentimiz İlham Əliyev bu məsələyə toxunaraq
qeyd edib: "Biz bütün su ehtiyatlarımızdan səmərəli
şəkildə istifadə etməliyik və su elektrik
stansiyalarının tikintisi Azərbaycanda geniş vüsət
almalıdır. Artıq bu proses başlamışdır.
Naxçıvanda Vayxır gölündə su elektrik
stansiyası artıq fəaliyyətdədir. Orada növbəti
elektrik stansiyası tikilməkdədir. Azərbaycanın
bütün bölgələrində, harada ki, imkan var, biz
bunu etməliyik. Əlbəttə, bu, həm enerji
potensialımızı daha da gücləndirəcək, həm
də iqtisadi cəhətdən çox sərfəlidir".
Bir çox ekspertlər
bərpa olunan enerji mənbələrindən günəş
və külək enerjisindən istifadəni məhdudlaşdıran
amil kimi onun istehsalına çəkilən xərcin
çoxluğu ilə əlaqələndirirlər. Məsələn,
külək enerjisinin inkişafına mane olan əsas səbəblərdən
biri onun baha başa gəlməsi, digər səbəbi isə
onun mənbəyinin, yəni küləyin sabit
olmamasıdır. Belə ki, küləyin gücü enerjiyə
tələbatın pik və qeyri-pik saatları ilə
üst-üstə düşmür. Küləyin zəif, tələbatın
isə pik nöqtəsində enerjiyə olan tələbatın
ödənilməsi üçün ehtiyat enerji güclərinə
ehtiyac yaranır, eyni zamanda küləyin güclü, tələbatın
isə qeyri-pik olduğu vaxtlarda artıq enerjinin saxlanması
üçün əlavə xərclər tələb olunur.
Lakin bütün bunlara
baxmayaraq, bərpa olunan enerji mənbələrinin
inkişafı son onillikdə çox sürətlənmişdir.
2030-cu ilə qədər onun ümumi enerji istifadəsində
7,5-8 faiz səviyyəsində olacağı
proqnozlaşdırılır. Ən yüksək artım
tempi külək enerjisində müşahidə olunur. Bunu
ayrı-ayrı ölkələrin ümumi enerji
istehsalındakı paylar da təsdiqləyir. Qeyd edək ki,
bu, Avropa İttifaqı ölkələrində 3, ABŞ-da isə
1 faiz təşkil edir. 2007-ci ildə bu göstərici
Almaniyada 14,3 faiz, İspaniya və Portuqaliyada 20 faiz
olmuşdur. Bir çox ölkələr bu göstəriciləri
əhəmiyyətli dərəcədə
artırmağı qarşılarına məqsəd
qoymuşdur. Hazırda 49 ölkənin alternativ enerji mənbələrinin
inkişafı ilə bağlı müvafiq proqramları var.
Təbii ki, sürətli
inkişaf və Qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan
dünyada gedən inkişaf tendensiyalarına uyğun olaraq bərpa
olunan enerji mənbələrinə də sərmayə
qoymaqla ölkəmizin enerji potensialını daha da gücləndirmək
əzmindədir. Dövlətimizin başçısı
İlham Əliyev forumdakı çıxışında
çaylarımızın bütün potensialından istifadə
etməyə və süni göllər əsasında
böyük elektrik enerjisi stansiyalarının tikintisinin
planlaşdırıldığını diqqətə
çatdırmaqla yanaşı ölkəmizdə külək
və günəş enerjisinin də böyük
potensialı olduğunu bəyan edib: "Eyni zamanda, külək
və günəş enerjisinin də böyük
potensialı var. Bakı küləklər şəhəridir.
İlboyu küləklər əsir. Eyni zamanda, ölkəmizin
digər bölgələri kimi, paytaxtımız çox
günəşli şəhərdir. Təbii ki, gələn
beş il ərzində biz bərpa olunan enerji mənbələrinə
daha çox diqqət yetirəcəyik və bir çox
şirkətləri bu səylərimizə qoşulmağa dəvət
edəcəyik".
Xaliq MƏHƏMMƏDOĞLU
Respublika.- 2009.- 10 fevral.- S. 5.