İlham Əliyev: Biz yeni layihələrdə iştirak etməkdə maraqlıyıq

 

Dövlətimizin başçısı əmindir ki, Nabukko kimi layihələr uzunmüddətli təchizat mexanizmlərinə malik olmaq imkanı yaradılacaqdır

 

Azərbaycan bu gün nəinki neft, eyni zamanda qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayan ölkələrdən biri kimi tanınır. Zəngin karbohidrogen ehtiyatlarımız yeddi boru kəməri vasitəsilə Avropa və dünya bazarlarına çıxarılır. Müstəqil Azərbaycan dövləti öz neft-qaz layihələrinin əsas hissəsini uğurla başa çatdırıb. Qarşıda Qərb üçün həyati əhəmiyyət daşıyan Nabukko kimi yeni qlobal layihələrin gerçəkləşdirilməsi kimi çox mühüm məsələlər durur. Təsadüfi deyil ki, bu layihənin həyata keçirilməsində Qərb məhz Azərbaycanı həm potensial ilkin təchizat mənbəyi, həm də tranzit ölkə hesab edir. Deməli, Azərbaycan artıq Qərb ücün əvəzolunmaz ölkədir.

ABŞ-ın CNBC (Si-en-bi-si) televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən söhbət gedərkən Azərbaycanın böyük imkanlara malik olduğunu önə çəkib: "Biz Türkiyə-Yunanıstan-İtaliya, Nabukko, Transadriatik boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır... Əlbəttə, biz yeni layihələrdə iştirak etməkdə maraqlıyıq. Belə ki, mövcud kəmərlərin nəqletmə qabiliyyəti enerji ehtiyatlarımızın ixrac potensialına tam cavab vermir. Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Builki qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaqdır. İxracımız hələlik regional bazarla məhdudlaşır. Beləliklə, Nabukko və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır". Dövlətimizin başçısı müsahibəsində Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılmasının, Avropanın vahid enerji siyasətinə malik olmasının vacibliyini də xüsusi vurğulayıb.

Bu gün Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları minimum 2 trilyon kubmetrdir. Bu isə ölkəmizin nəinki neft, eləcə də təbii qaz ehtiyatlarının çox zəngin olduğunu göstərir. Təbii ki, hazırda enerji təminatı məsələlərində böyük çətinliklərlə və maneələrlə üzləşən Avropa ölkələri üçün Azərbaycan çox önəmli dövlət və etibarlı strateji tərəfdaşdır.

Azərbaycan regionun lider dövləti kimi bu gün çox nüfuzlu mövqeyə malikdir, dünyada gedən proseslərə təsir etmək iqtidarındadır. Bu isə Azərbaycanın son illər qazandığı möhtəşəm nailiyyətlərin, yürüdülən siyasətin düzgünlüyünün əyani təsdiqidir. Əsas odur ki, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanın nə bu gün, nə də sonrakı illərdə qarşısına enerji təhlükəsizliyi ilə bağlı problemlər çıxmayacaqdır.

Sürətli iqtisadi artım, xüsusən də neft və qaz amili müstəqil ölkə kimi gənc olan Azərbaycanın qüdrətlənməsinə güclü təkan verib. Son 4 il ərzində Azərbaycanın dövlət büdcəsi on dəfədən də çox artıb. İqtisadiyyatın dinamik inkişafı sosial məsələlərin həllinə imkan verib. Beş il ərzində ölkəmizdə ÜDM 2,6 dəfə artıb ki, bu da dünya tarixində görünməmiş rekord göstəricidir. İndi dünyanı qlobal böhran bürüdüyü bir vaxtda bu rəqəm kifayətedici səviyyədən də yüksəkdir. Bu baxımdan dünyada neftin qiymətinin aşağı düşdüyü, qlobal iqtisadi böhranın Qərbi çalxaladığı indiki zamanda da Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Prezident İlham Əliyev Peumers agentliyinə müsahibəsində bu məsələlərə xüsusi toxunaraq bildirib ki, ölkəmizin inkişaf səviyyəsini davam etdirməyə çalışacayıq: "Hazırkı böhran vəziyyətində və neftin qiymətlərinin aşağı düşməsi şəraitində göstəricilərimizi nəzərə alsaq görərik ki, iqtisadi inkişafımızın əsas uğuru neft deyildir. İqtisadi islahatlar, qeyri-neft sektorunda artım, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühiti fikirlərimizi əsaslandıran əsas amillərdir... biz az vəsait əldə edəcəyimizə baxmayaraq, iqtisadi islahatları və infrastruktur sərmayələrini davam etdirəcəyik. Hesab edirəm ki, bütün bunlar böhran zamanı da iqtisadiyyatın inkişafına xidmət edəcəkdir".

 

 

Xəlil CABBAROV,

 

Respublika.- 2009.- 11 fevral.- S. 6.