Misir yazıçısının əsəri Azərbaycan səhnəsində

 

Misir Ərəb Respublikasının Azərbaycanda fəaliyyət göstərən mədəniyyət mərkəzində misirli yazıçı Tofiq əl-Həkimə həsr olunmuş tədbir keçirilmişdir. Yazıçı-dramaturqun "Karıxmış Sultan" pyesi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən səhnələşdirilərək Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaya qoyulmuş və geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş bəy teatrın yaradıcı kollektivini, qonaqları salamladı və Misirin məşhur yazıçı-dramaturqu Tofiq əl-Həkimin geniş və çoxşaxəli yaradıcılığından söhbət açdı. Yüzlərlə hekayə-povest, romanlar müəllifi Tofiq əl-Həkim 1898-ci ildə İsgəndəriyyə şəhərində anadan olmuş, mükəmməl dini təhsil almışdır.

1987-ci ildə 90 yaşında dünyasını dəyişən yazıçı gələcək nəsillərə 62 kitab yadigar qoyub getmişdir. Həmin əsərlər bir çox dillərə tərcümə olunmuşdur. Yazıçının həyatından bəhs edən Adel Dərviş müəllifin "Kəndlərdə müavin günləri" adlı məşhur gündəliyini, "Mağara əhli", "Şəhrizad", "İncəsənət əhli" pyesləri haqqında qonaqlara qısa məlumat verdi.

Oruc Qurbanovun quruluşçu rejissor kimi fəaliyyəti yüksək qiymətləndirildi. Adel Dərviş vurğuladı ki, bu teatrın aktyorları pyesi o qədər canlı oynadılar ki, özümüzü Misirdə hiss etdik. Ona görə də Adel Dərviş teatrın bütün kollektivini Qahirəyə dəvət etdi.

Tədbirdə teatrın rəhbəri, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, baş rolun ifaçıları, əməkdar artist Namis Şirəliyev, Elnarə Heydərova, Azərbaycan Dövlət Dram Teatrının aktirisası Aytən Aydınqızı, tarixçi-yazıçı Arif Hüseynli və başqaları iştirak etdilər.

Hər iki xalqın mədəniyyətinin, dostluğunun inkişafına xidmət edən bu tədbir hamıda xoş ovqat yaratdı.

 

 

Rauf İLYASOĞLU,

 

Respublika.- 2009.- 13 fevral.- S. 7.