Peşə təhsilinə qayğı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı peşə təhsilinin tamamilə yeni məzmunda qurulmasına, təhsilin bu sahəsinə əvvəllər bəslənilən yad münasibətin aradan qaldırılmasına əlavə stimul yaratmışdır.

Respublikamızda peşə təhsilinin inkişaf etdirilməsi üzrə bir çox yenilikləri, köklü islahatları əks etdirən və bunun işlək mexanizmini yaratmaq üçün aydın yollar göstərən Dövlət Proqramı yaxın gələcəkdə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına, müasir əmək bazarının tələbatına uyğun ixtisaslı kadrların hazırlığına təkan verəcəkdir.

Peşə təhsilinin yenidən qurulması ölkəmizdə işsizliyin tamamilə aradan qaldırılmasına, yeniyetmə və gənclərin məşğulluğunun təmin edilməsinə, onların əmək prosesinə fəal qoşulmalarına şərait yaradacaqdır.

Fərəhli haldır ki, artıq peşə təhsili sistemində çalışan müəllim və usta kontingenti öz işlərini bu istiqamətdə qurmağa başlamış, göstərilən dövlət qayğısına əməli işləri ilə cavab vermək üçün səylərini səfərbər etmişlər.

Şəki rayonunda fəaliyyət göstərən 2 saylı peşə məktəbinin kollektivində "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nda (2007-2012-ci illər) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində müəyyən işlər görümüşdür. Məktəbin direktoru Sənan Xəlilov bizimlə söhbət zamanı təhsil ocağında 9 ixtisas üzrə fəhlə kadrları hazırlandığını diqqətə çatdırdı.

—Yerli şəraitə uyğun, daha çox tələbatın hiss olunduğu, Şəki rayonu üçün ehtiyac duyulan tikiş avadanlıqları üzrə operator, kəndin elektrikləşdirilməsi üzrə elektrik montyoru, traktorçu-maşınçı, tütün ustası, Daytar, bənna, suvaqçı, rəngsaz və sair ixtisasların öyrədilməsi ilə 11 nəfər istehsalat təlimi ustası və 10 nəfər ixtisas fənn müəllimi məşğul olur.

Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, fənn müəllimləri və istehsalat təlimi ustaları üçün normal iş şəraitinin yaradılması yönümündə son illərdə xeyli işlər görülmüşdür. Məktəbdə cari təmir işləri aparılmış, bərk inventarlar, kompyuter dəsti alınmış, kitabxana fondu xeyli zənginləşdirilmişdir.

Məktəbdə şagirdlərin öz peşələrini mükəmməl öyrənmələri üçün onların təcrübə keçmələrinə xüsusi diqqət yetirilir. Qazanılmış nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsi, praktik vərdişlərin yaradılması istiqamətində aparılan işlər daim ciddi nəzarətdə saxlanılır. Bunun üçün istehsalat təlimi ustalarının rəhbərliyi altında vaxtaşırı baza müəssisələrində təcrübə dərsləri həyata keçirilir. Rayondakı "Aqroservis"lərə, elektrik paylayıcı müəssisəsinə, tütün emalı zavoduna, müxtəlif tikinti təşkilatlarına edilən ekskursiyalar şagirdlərin gələcək fəaliyyətinə bir stimul verir. Bu, həm də təhsili başa vurduqdan sonra gənc ixtisaslı fəhlənin yeni iş yeri ilə təmin olunmasında başlıca rol oynayır. Təcrübə zamanı şagirdlərə diqqət və qayğı göstərilməsi, dəyərli məsləhətlərin verilməsi, baza müəssisəsindən nümunəvi xasiyyətnamə ilə doğma məktəbə qayıdan şagirdlərin pedaqoji kollektiv tərəfindən təqdir olunması, onların müsbət işinin dəyərləndirilməsi artıq təcrübədə müsbət hal kimi öz bəhrəsini vermişdir.

Bu gün göstərilən dövlət qayğısından ruhlanaraq öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışan kollektivin həlli vacib olan, lakin onların gücü, imkanı daxilində olmayan müəyyən problemləri də mövcuddur. Texniki-peşə məktəbinin kənd təsərrüfatı yönümlü olduğunu nəzərə alsaq, burada müasir kənd təsərrüfatı texnikalarına, tədris avadanlıqlarına böyük ehtiyac olduğu görünür.

Qazanılmış nəzəri biliklərin təcrübədə tətbiq olunmasında təlim müstəsna rol oynayır. Məktəbdə təlim təsərrüfatında istifadə olunan texnikaların ömrünü başa vurması onlardan səmərəli istifadəyə imkan vermir. Məktəbin əsaslı təmirə olan ehtiyacı öz həllini taparsa, heç şübhə yoxdur ki, burada daha böyük və uğurlu nəticələr əldə etmək mümkündür. Lakin bu bir həqiqətdir ki, yaxın vaxtlarda həlli mümkün olacaq bu və ya digər problemlər işgüzar və təcrübəli kollektivimizin uğurlarına kölgə salmır.

Ölkəmizdə təhsilə göstərilən davamlı dövlət qayğısı, müasir tələblərə cavab verən yeni məktəb binalarının, uşaq bağçalarının inşa edilməsi və Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar reallaşdırdığı dəyərli layihələr bizi də daha fəal olmağa səsləyir, bu təhsil ocağının qarşılaşdığı müəyyən çətinliklərin həllinə olan əminlik hissimizi artırır.

Məqsədi müstəqil ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaq olan kollektivə biz də nəcib işlərində müvəffəqiyyətlər diləyirik.

 

 

İlham PƏNAHOV

 

Respublika.- 2009.- 13 fevral.- S. 7.