2009-cu il Uşaq ilidir

 

Onlar bizim gələcəyimizdir

 

Sabahımız olan uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli yer tutur, çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır. Azərbaycan dövləti də daim uşaqların sağlam böyüməsi, yaxşı oxuması və hərtərəfli inkişafının qayğısına qalmışdır. Bu mənada, ulu öndərimiz Heydər Əliyevin dünyanın gələcəyi olan uşaqların və gənclərimizin formalaşması sahəsində apardığı genişmiqyaslı işlər, demək olar ki, əvəzsizdir.

Ümummilli liderimizin əsasını qoyduğu ənənələr isə bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu ilin Uşaq ili elan olunması da Prezidentin bu istiqamətdə gördüyü işlərin əyani təzühürüdür. Bu günlərdə əsas fəaliyyəti uşaqların tərbiyəsinin, təhsilinin, sağlamlığının möhkəmləndirilməsinə, hüquqlarının müdafiəsinə, onlara maddi və mənəvi köməklik göstərilməsinə yönəldilmiş Azərbaycan Uşaq Fondunda olduq. Fondun sədri İsmayıl İbrahimov rəhbərlik etdiyi təşkilatın müstəqillik dövründəki fəaliyyətindən danışarkən, eyni zamanda yaxın tariximizə nəzər salmağı da unutmadı. O, Azərbaycan Uşaq Fondunun ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını söylədi: Heydər Əliyev dünyanın gələcəyi olan uşaqların, gənclərin formalaşması sahəsində genişmiqyaslı işlər görürdü. SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrdə sovet ziyalıları, uşaq yazıçıları və digərləri cəmiyyətin, hökumətli diqqətini uşaqların həyatında yaranmış sosial problemlərə cəlb etməyə çalışırdılar və 1987-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin uşaq problemləri, onun həlli ilə əlaqədar fondun yaradılması haqqında xüsusi qərar çıxarılmasına nail oldular.

Sovet Uşaq Fondunun yaradılması ilə əlaqədar qaldırılan məsələlərin həlli o zaman Heydər Əliyevə tapşırılmışdı. Cəmiyyət üçün çox vacib olan bu təşkilatın ilk illərdə formalaşmasında bu tarixi şəxsiyyətin fəaliyyəti misilsizdir.

1988-ci il aprel ayının 14-də Bakıda ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və ictimaiyyətin iştirakı ilə keçirilən konfransda Sovet Uşaq Fondunun Azərbaycan Respublikası şöbəsi təsis olunur. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İsmayıl İbrahimov həmin şöbəyə sədr seçilir.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1991-ci ildə Azərbaycan Uşaq Fondu sərbəst bir qurum kimi fəaliyyətə başlayır, 1996-cı ildə Uşaq Fondlarının Beynəlxalq Assosiasiyasına daxil olur. Bu gün də həmin qurumla sıx fəaliyyətdədir. Onu da qeyd edək ki, Uşaq Fondunun sədri İ.İbrahimov assosiasiyanın vitse-prezidenti seçilmişdir.

Azərbaycan Uşaq Fondu ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaq problemləri istiqamətində apardığı işlərdə fəal iştirak edir. Bu isə Heydər Əliyev şəxsiyyətinin xatirəsinə olan böyük hörmətin təcəssümüdür. Ötən 20 ildə fond və onun şəhər və rayon şöbələri faydalı, səmərəli işlər görmüşdür.

Fondun əsas iş fəaliyyəti uşaqların tərbiyəsinin, təhsilinin sağlamlığının möhkəmləndirilməsi, hüquqlarının müdafiəsi, onlara maddi və mənəvi köməklik göstərilməsinə yönəldilmişdir. Qarabağ münaqişəsi nəticəsində respublikada 1988-ci ildən bəri ata-analarından məhrum olmuş qaçqın uşaqlarının problemlərinin həlli də fəaliyyət istiqamətinə daxildir.

1997-2009-cu illərdə fondun şəhər və rayon şöbələrinin xeyriyyəçilik işləri nəzərə çarpacaq dərəcədə artmışdır. Bu illərdə uşaq problemləri ilə məşğul olan 157 təşkilata maddi və mənəvi köməklik göstərilmiş, fond respublikada fəaliyyət göstərən nazirlik və təşkilatlarla uşaq problemləri ilə əlaqədar keçirilən tədbirlərdə aktiv iştirak etmişdir. Görülən işlərlə bağlı İsmayıl İbrahimov fikirlərini belə ifadə etdi: "Bütün aparılan işlər ümummilli lider Heydər Əliyevin və bu gün onun davamçısı olan respublika Prezidenti İlham Əliyevin bizə göstərdiyi kömək və diqqətin nəticələridir.

Fondun 77 rayon və şəhər bölməsi fəaliyyət göstərir. Bu şöbələr öz işlərini düzgün qurur, fondun layihələrinin reallaşdırılmasına kömək edirlər. Uşaqlar bizim gələcəyimizdir. Cəmiyyətin gələcəyi bu gün uşaqların nə qədər xoşbəxt, sağlam və gümrah böyüməsindən asılıdır. Gələcəyimiz olan körpələrin qayğısını çəkmək hər bir vətəndaşın borcudur.

Azərbaycan Uşaq Fondu öz fəaliyyətini nizamnaməsinə uyğun olaraq uşaq və yeniyetmələrin təhsil və tərbiyəsi, asudə vaxtının təşkili və sağlamlığı istiqamətində qurmağa çalışır. Fəaliyyət göstərdiyi illər ərzində rayon şöbələrində valideyn himayəsindən məhrum olmuş, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrin uşaqlarına mütəmadi olaraq maddi və mənəvi yardımlar edilmiş və bu tədbirlərin keçirilməsində digər ictimai təşkilatlarla birgə fəaliyyət göstərilmişdir.

Uşaqların təhsil, tərbiyəsi istiqamətində fənn olimpiadalarının, idman yarışlarının təşkili, qaliblərin mükafatlandırılması, müsabiqə və bilik yarışlarının təşkili, onların sağlamlığının təmin edilməsi istiqamətində fiziki, əqli cəhətdən zəif, o cümlədən qan və ürək xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsi daim diqqət mərkəzində olmuşdur.

Hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə respublika əhəmiyyətli təhbirlər keçirilir, yaradıcı uşaqların əl işlərindən ibarət sərgilər təşkil olunur.

Fondun fəaliyyətinin digər istiqaməti uşaq hüquqlarının qorunub saxlanmasıdır. İ.İbrahimov bununla bağlı onu da dedi ki, müasir dövrdə uşaq hüquqlarına diqqət durmadan artır. BMT-nın qəbul etdiyi sənədlərdə "Uşaq hüquqları bəyannaməsi"ndə və "Uşaq hüquqları konvensiyası"nda uşaq hüquqlarının müdafiəsinin əsasları öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatının nəzdində yaradılmış YUNISEF təşkilatının bir çox dövlətlərdə, o cümlədən Azərbaycanda yerli şöbələri fəaliyyət göstərir və uşaq hüquqlarının müdafiəsi sahəsində dəyərli işlər görür.

Dünya Birliyinin uşaqlara olan bu diqqəti təsadüfi deyil. Azərbaycanda əhalinin 41,35 faizini 18 yaşına qədər uşaqlar təşkil edir. Onların hüquqlarının müdafiəsi, uşaqlara diqqət dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki gələcəyimiz olan gənc nəsil XXI əsr Azərbaycanın qurucularıdır. Ona görə də uşaqlara qayğı, diqqət hər bir Azərbaycan vətəndaşının borcudur. Ulu öndərimiz Heydər Əliyev bununla bağlı göstəriş və tövsiyələr verir, uşaq hüquqlarının müdafiəsi istiqamətində qarşıya mühüm vəzifələr qoyurdu. O, uşaqları çox sevirdi. Bu ənənə indi də yaşayır. Dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə məqsədyönlü iş aparır.

Biz hər zaman olduğu kimi, Uşaq ili çərçivəsində də bir çox layihələr həyata keçirəcəyik.

İnanırıq ki, Azərbaycan Uşaq Fondu bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək, uşaq hüquqlarının müdafiəsi, təhsili, inkişafı, sağlamlığı istiqamətində gördüyü işləri uşaqların xoşbəxtliyinə istiqamətləndirəcək.

 

 

Nurəngiz ADİLQIZI,

 

Respublika.- 2009.- 18 fevral.- S. 6.