Zaman unutmağa qoymur

 

Əsl böyük istedad zaman və məkanın çərçivəsinə sığışmır. İllər ötdükcə o, yeni-yeni nəsillərin nailiyyətinə çevrilir. Nəğməkar şair-dramaturq Tofiq Mütəllibovun istedadının və təxəyyülünün məhsulu olan sənət əsərləri də belə uğurlu hadisələrdəndir. Təkcə dünyanın bütün xalqlarına isinişib, doğmalaşan "Cücələrim" (musiqisi Qəmbər Hüseynlinindir) ona dünya şöhrəti gətirməyə kifayət idi. Uşaqların himni adlanan "Cücələrim"in uğuru və zəfərinin sirri 60 il ötməsinə baxmayaraq, indi də tədqiqatçıları heyrətləndirir.

Hər bir yaradıcı ziyalı açıq etiraf edir ki, uşaqlar üçün əsər yaratmaq, onların zövqünü oxşamaq çətin məsələdir. Təsadüfi deyil ki, klassik ədəbiyyatda "atalar və oğullar" həmişə müraciət edilən mövzudur. Dialektik qanunauyğunluğa görə həmişə yenilik köhnəni inkar edir. Öz mühitlərinə bənzəyən uşaqlar böyüklərlə hesablaşmaq istəmirlər.

Onların maraq dairələrini bilmək, zövqünü oxşamaq üçün yaradıcı insan inkişafın dinamikasını duymağı bacarmalı, gəncliyin özünəməxsus dünyasının sirlərinə bələd olmalıdır. Tofiq Mütəllibov uşaq və gənc psixologiyasının məhz belə bilicilərindən idi. Onun uşaqlar üçün yazdığı şeir, poema və pyeslərin ("Meşə nağılı", "Danışan qayalar", "Yad planetlilər") əsas qayəsi doğma yurda sevgi, əməksevərlik, böyüklərə ehtiram və sairdir.

 

Deməyək ki, artıq gedib ömrümüz,

Düşünək: mənalı ötüb ömrümüz.

Qalıb izləhmiz neçə gülşəndə,

Palıd ağacıtək bitib ömrümüz,

Ömür təqvimindən günlər düşəndə.

 

 Qədimdə ən qatı cinayətkarları, lənətə gəlmişləri çarmıxa çəkməklə edam edirdilər. Çarmıx lənət, nifrət rəmzinə çevrilmişdi. İsa Məsihin edamından sonra çarmıx yeni məna kəsb elədi. Tofiq Mütəllibov yaradıcılığındakı qərənfillər kimi:

 

Dinləyin sözümü ellər, ay ellər,

Hər biri qəlbimdə necə səsləşib.

Bu adi çiçəklər, bu qərənfillər,

Məzarlar üstündə müqəddəsləşib.

 

 T.Mütəllibov yaradıcılığında insanın insana, cəmiyyətə ("Tək səbir" pyesi) və təbiətə biganəliyi acı həqiqət kimi təsvir olunur və özünəməxsus şəkildə qınaq hədəfinə çevrilir. Meşədə yüz yaşlı ağac yüz yaşlı nurani pirin gözləri qarşısında vəhşicəsinə qol-budaq edilir. Qoca da, meşədəki ağaclar da təşvişə düşür. Fəqət, cəllad baltasına tuş gələn palıd isə məğrur dayanır, ayaq üstə can verərək vüqarını sındırmır. Adama elə gəlir ki, onun gözləri önündə doğranan ağac deyil, əlləri, qolları kəsilən Babəkdir. Şairin poetik məharəti bizi bu həqiqətə inandırır:

 

Ağac can atır, onu

Sıxılan görməsinlər.

Ömrünün son anında

Yıxılan görməsinlər.

Qoca ağac büdrəmir,

Can verir ayaq üstə.

 

T.Mütəllibov təbiət lövhələrini, hadisələrini təsvir edəndə sanki əlinə Səttar Bəhlulzadənin fırçasını götürür. Oxucunun gözləri qarşısında onu bütün rəngləri, çalarları ilə canlandırır:

 

Qoynuna mirvaritək,

Düzübdü təzə qarı.

Sahil bulvarı

 

Bu baxımdan "Göstərdi öz varını" şeiri diqqəti daha çox çəkir. Meşədəki, bağlardakı təbiət möcüzələri olan ağaclardan söz açan şair bilici səyyah kimi çəmənliyə enir və burada ətri hər yanı bürüyən gözəl çiçəklərlə incə qızların vəhdətini yaradır.

Bu şeirləri oxuyanda sanki təbiət gözəlliyi ilə insan gözəlliyi müsabiqəsinin şahidi olursan. Gözəlliklər yarışında başını itirirsən.

Tofiq Mütəllibovun şeirlərinə görkəmli bəstəkarlar—M.Məmmədov, R.Mustafayev, Ş.Axundova, O.Rəcəbov, A.Məlikov, T.Bakıxanov, T.Babayev, D.Dadaşov və b. bəstələdiyi mahnıların sorağı bütün dünyaya yayılmış, milyon-milyon musiqisevərlərin ruhunu bu gün də oxşamaqdadır.

Tofiq Mütəllibov çalışdığı mətbu orqanlarında unudulmuş insanların həyat və yaradıcılığına işıq salmağı üstün tuturdu. Təəssüf ki, indi şairin özü unudulmaq təhlükəsilə üz-üzə qalıb. Gənc nəsil onun yaradıcılığından uzaq düşüb. Onun 1992-ci ildə işıq üzü görmüş "Durnaların qanadında" son kitabı da kiril əlifbası ilə çap olunduğundan kitabxanalardan yığışdırılıb.

Tofiq Mütəllibov 1929-cu ildə Naxçıvanda ziyalı ailəsində dünyaya göz açmışdı. 1992-ci ildə Bakıda əbədiyyətə qovuşdu. Cəmi 63 il yaşadı. Onun dünyəvi ömrü sənətkar ömrünü qabaqladı, oxunmamış neçə-neçə nəğməsi, deyilməmiş şeiri, işıq üzü görməmiş dram əsərləri yarımçıq qaldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il Uşaq ili elan edilmişdir. Yaradıcılığının böyük hissəsini uşaqlara həsr etmiş görkəmli şair-dramaturq Tofiq Mütəllibovun 80 illik yubileyi və "Cücələrim"in ilk səhnə həyatının 60 illiyi də bu ilə düşür. Əgər bunlar xoş bir təsadüfdürsə, onda deməli, ölməz sənətkarımızı layiqincə qiymətləndirmək zərurətinin zamanı da yetişmişdir.

 

 

Mətin KAMAL.

 

Respublika.- 2009.- 19 fevral.- S. 7.