İlham Əliyev: Biz bir birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha sıx əməkdaşlıq etməliyik

 

Dövlətimizin başçısı Azərbaycanın islam ölkələrinin həmrəyliyi, birliyi üçün böyük töhfə verdiyini vurğulayıb

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Konfransı Təşkilatı və bu quruma üzv ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına, müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm vermiş, bu məsələyə daim diqqət və qayğıyla yanaşmışdır. Prezident İlham Əliyev "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki nitqində Azərbaycanın İslam ölkələrinin həmrəyliyi, birliyi üçün böyük töhfə verdiyini vurğulayıb: "...biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik".

Bakının İslam mədəniyyətinin paytaxtı qərarının qəbul edilməsində İslam Konfransı Təşkilatının və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) çox böyük rolu olmuşdur. Bu gün həm İslam Konfransı Təşkilatı, həm də İSESKO ilə ölkəmiz arasında əlaqələr çox yüksək səviyyədədir. İslam mədəniyyətinin inkişafı sahəsində baş verən dəyişikliklər bilavasitə müstəqilliyimizin uğurları ilə bağlıdır. Azərbaycanda İslamın yenidən dirçəlişi, layiqli təşəkkülü və dini həyatımızın problemlərinin əməli həlli ölkəmizin həm siyasi-iqtisadi inkişafının, həm də mənəvi intibahının önündə durmuş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur.

Xatırladaq ki, ümummilli liderimizin təkcə Azərbaycanda deyil, bütün bölgədə sülhün bərqərar olunmasında, mənəvi dəyərlərin qorunub-saxlanmasında, tolerantlıq mühitinin yaranmasında, əməkdaşlığın genişləndirilməsində böyük xidmətləri olmuşdur. Ulu öndərin göstərişləri əsasında Azərbaycanda və ümumən Qafqazda İslamın mövcud durumunun öyrənilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi yollarının araşdırılması, İslam ölkələri arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi məqsədilə 1998-ci ildə Bakıda "Qafqazda İslam sivilzasiyası" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumdakı nitqində İslamın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil etdiyini vurğulaması ümummilli liderimizin Azərbaycanda milli-mənəvi dəyərlərin formalaşmasında islam dininin, mədəniyyətinin oynadığı rola verdiyi tarixi qiymətdir.

Bu gün Azərbaycanda İslam dini və mədəniyyəti inkişaf edir və digər dinlərə, mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşayır. Bu dinlərin, mədəniyyətlərin birgə yaşayışına çox gözəl nümunədir. Bu dünya xalqları üçün, o cümlədən İslam aləmi üçün xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, "İslam mədəniyyəti paytaxtları" proqramı barədə qətnamə İSESKO-nun təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III  konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuş "İslam mədəniyyətinin paytaxtları" proqramı təsdiqlənmişdir. Proqrama əsasən, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir. Digər tərəfdən, Azərbaycanın paytaxtı həm də dini, milli və etnik tolerantlıq mərkəzi kimi dünyada tanınır. 2007-ci il noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə keçirilmiş V İslam Konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdir. Eyni zamanda İslam ölkələrinin mədəniyyət nazirlərinin növbəti, VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır. Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı elan edilmişdir. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər İslam mədəniyyəti paytaxtı olmalıdır.

Ölkəmizin paytaxtında iki gün davam edən tədbirdə Avropa və İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyeri, İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta əl-Mənnan, dövlət qurumlarının, diplomatik nümayəndəliklərin rəhbərləri, xarici qonaqlar, ziyalılar və digər şəxslər iştirak etdilər.

Mərasimdəki çıxışlarda qeyd edildi ki, Bakı tarixi şəhərdir və bir çox sivilizasiyaların mədəniyyətlərini özündə qovuşdurur. Bu mərasimin məhz Bakıda keçirilməsi çox önəmlidir və Azərbaycan öz zəngin tarixinə, adət-ənənələrinə əsaslanaraq, müsəlman dünyasında və İslam dəyərlərinin qorunub saxlanmasında rolunu get-gedə artırır.

İslam ölkələrinin həmrəyliyinin müxtəlif aspektlərinə diqqət çəkən cənab İlham Əliyev öz nitqində bildirib ki, Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır.

 

 

Ş.ƏLİZADƏ,

 

Respublika.- 2009.- 21 fevral.- S. 5.