Xocalı soyqırımı
Azərbaycan xalqına
qarşı düşünülmüş şəkildə
Ermənistanın hakim dairələri tərəfindən ən
dəhşətli və ağlasığmaz üsullarla həyata
keçirilmiş Xocalı soyqırımı bəşər
tarixinə ən ağır cinayətlərdən biri kimi
daxil olmuşdur. Ermənilərin törətdiyi bu
soyqırımı Xatun, Xirosima, Naqasaki cinayətləri ilə
bir sırada durur. Bütün beynəlxalq hüquq
normalarını tapdalamaqla həyata keçirilmiş bu
vandalizm aktı təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş cinayət əməlidir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi:
"Bütövlükdə Azərbaycan xalqına
qarşı yönəldilmiş Xocalı soyqırımı
öz ağlasığmaz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım,
eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir".
7 min əhalisi olan
Xocalı şəhərində erməni vandalları tərəfindən
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş
cinayətlər nəinki burada baş verənləri görənləri
sarsıtmışdı, eləcə də bu əməllər
barədə eşidənləri belə dəhşətə
gətirir. Həmin cinayət əməlləri haqqında
toplanmış çoxsaylı faktlar və şahid ifadələri
baş verən kütləvi qırğının
miqyasını qismən də olsa təsəvvürə gətirməyə
imkan verir. Şahidlərdən birinin dediyinə görə,
Xocalı sakini Əntiqəni erməni hərbçiləri
yalnız ona görə diri-diri yandırmışdılar ki,
o, "bu yerlər böyük Ermənistanın bir hissəsidir"
sözlərini deməkdən imtina etmişdi. Digər
Xocalı sakini Səriyyə Talıbova gördüyü dəhşətlərdən,
keçirdiyi sarsıntılardan uzun müddət özünə
gələ bilməmişdir. Ermənilərin gözləri
qarşısında erməni qəbirinin üstündə 4
mesxeti türkünün və 3 azərbaycanlının
başını kəsmiş, daha 2 azərbaycanlının
gözlərini çıxarmışdılar.
Bütövlükdə
həmin gün Xocalı əhalisindən 613 nəfər erməni
vəhşiliyinin qurbanı olmuş, 487 nəfər şikəst,
olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar,
qadınlar əsir götürülərək
ağlasığmaz erməni təhqirlərinə və
zülmünə məruz qalmış, 150 nəfər itkin
düşmüş, 8 ailə bütövlüklə məhv
edilmiş, 24 ailədən hər iki valideyn, 130 ailədə
valideynlərdən biri öldürülmüşdür.
Öldürülənlərin 106-sı qadın, 83-ü
uşaq olmuşdur. 56 nəfər erməni cinayətkarları
tərəfindən xüsusi qəddarlıq və
amansızlıqla qətlə yetirilmişdir, onlar diri-diri
yandırılmış, başları kəsilmiş, üzlərinin
dərisi soyulmuş, körpə uşaqların gözləri
çıxarılmış, hamilə qadınların
qarınları yarılmış, meyitləri təhqir
olunmuşdur. Bu cinayət əməllərinin törədilməsində
Rusiyanın 366-cı motoatıcı hərbi alayı
böyük əksəriyyəti ermənilərdən ibarət
olan şəxsi heyətilə birlikdə fəal iştirak
etmiş, hərbi hissənin bütün növlərdən
olan hərbi texnikası və silah sursatı döyüş əməliyyatlarına
cəlb olunmuşdur.
Öldürülmüş,
şikəst edilmiş, əsir götürülmüş və
itkin düşmüş insanların tərkibinin öyrənilməsi
göstərmişdir ki, cinayət
düşünülmüş şəkildə, özü
də daha çox dinc mülki əhaliyə qarşı
törədilmişdir. Mütəxəssislərin
araşdırmaları göstərmişdir ki,
Xocalının məhv edilməsi üzrə əməliyyatda
erməni hərbi birləşmələri beynəlxalq sənədlərlə
istifadəsi qadağan edilmiş, 5,45 kalibrli güllələrdən
və kimyəvi silahlardan da istifadə etmişlər.
Xocalı soyqırımının dəhşətli nəticələri
rus, ingilis, fransız, alman, amerikalı və s. ölkələrdən
olan jurnalistləri və ekspertləri də dəhşətə
gətirmişdi. Rusiyanın "Memorial" Hüquq
Müdafiə Mərkəzi digər cinayətlərlə
yanaşı, ermənilər tərəfindən diri
adamın baş dərisinin soyulması faktının
olduğunu da qeyd etmişdir. Bir sıra başqa qeyri-hökumət
təşkilatları və müstəqil ekspertlər tərəfindən
də çoxlu belə faktların olduğu təsdiq
edilmişdir.
Bütün bunlar
göstərir ki, ermənilərin törətdiyi Xocalı
soyqırımı bir tərəfdən hərbi cinayətdirsə,
digər tərəfdən dinc əhaliyə qarşı
törədilmiş kütləvi terror aktıdır.
Xocalı Ağdam yolunda pusquda durmuş erməni hərbçiləri
tərəfindən dinc mülki əhalinin kütləvi
şəkildə gülləbaran edilməsi və qətlə
yetirilməsi faktı da belə nəticəyə gəlməyə
əsas verir. Rusiyanın qeyd olunan hüquq-müdafiə mərkəzinin
verdiyi məlumatda göstərilirdi ki, yalnız 4 gün
müddətində Ağdama Xocalıda qətlə
yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş,
onlarca meyidin təhqirə məruz qalması faktı aşkar
edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o
cümlədən 13 uşaq) məhkəmə tibbi
ekspertizadan keçirilmiş və müəyyən
edilmişdir ki, 151 nəfər güllə yaralarından, 20 nəfər
qəlpə yaralarından, 10 nəfər küt alətlə
endirilmiş zərbədən aldığı xəsarətlərdən
ölmüşdür. Bununla bağlı Xocalı
soyqırımının on illiyi ilə əlaqədar Azərbaycan
xalqına müraciətində ulu öndərimiz Heydər Əliyev
dünya xalqlarının diqqətini məsələnin məhz
bu tərəfinə yönəldərək demişdi:
"Bu amansız və qəddar soyqırım aktı
insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu".
Ermənilərin cinayət
əməlləri haqqında əldə olunmuş
çoxsaylı faktlar göstərir ki, Ermənistan
Respublikası BMT-nin Baş Assambleyasının 1948-ci ildə
qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyyannaməsinin
2, 3, 5, 9, 17-ci maddələrini, BMT-nin Baş
Assambleyasının 1948-ci ildə qəbul etdiyi "Fövqəladə
hallar zamanı və silahlı münaqişələr
dövründə qadın və uşaqların müdafiəsi
haqqında Bəyyannamə"ni, 1948 -ci il 9 dekabr tarixli
"Soyqırım cinayətinin qarşısının
alınması və ona görə cəza verilməsi"
haqqında Konvensiyanın müvafiq maddələrini kobud
şəkildə pozmuşdur. Sonuncu sənədlə müəyyən
olunmuş anlayışa əsasən: Hər hansı milli,
etnik, irqi və ya dini qrupu tam, yaxud qismən məhv etmək məqsədi
ilə törədilən aşağıdakı hərəkətlər
soyqırım cinayəti kimi başa düşülür:
a) Belə qrupun üzvlərinin
öldürülməsi;
b) Belə qrupun üzvlərinə
ciddi bədən xəsarətləri və əqli
pozğunluq yetirilməsi;
c) Qəsdən əvvəlcədən
hər hansı qrup üçün onun tam, yaxud qismən
fiziki məhvinə aparan həyat şəraitinin
yaradılması;
d) Belə qrupun daxilində
uşaq doğumunun qarşısının alınmasına
yönəldilmiş tədbirlərin tətbiq olunması;
e) Uşaqların zorla
bir qrupdan digər qrupa verilməsi.
Soyqırım cinayəti
hesab edilən əməllərlə ermənilərin Xocalıda
törətdikləri kütləvi qırğın
faktlarının müqayisəsi göstərir ki, ermənilərin
hərəkətləri əsl soyqırımdır və bu
barədə toplanmış çoxsaylı faktlar Ermənistan
Respublikasını beynəlxalq hüquq normalarına uyğun
olaraq Beynəlxalq Məhkəməyə vermək
üçün bütün hüquqi əsaslar verir və həmin
gün uzaqda deyil.
Qeyd etmək
lazımdır ki, Xocalıda törədilmiş vandalizm
aktının unudulmaması üçün hər il
xüsusi anım tədbirlərinin keçirilməsi, bu
kütləvi qırğının soyqırım kimi
tanıdılması istiqamətində son vaxtlar bir sıra
vacib addımlar atılır. İlk növbədə
Xocalı soyqırımı ilə əlaqədar zəruri
işlərin görülməsi üçün hüquqi əsasların
yaradılması məqsədi ilə verilmiş Azərbaycan
Respublikası Prezidentinin 1 mart 1994-cü il tarixli və 25
fevral 1997-ci il tarixli fərmanlarının və Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qəbul
edilmiş müvafiq qərarların böyük əhəmiyyətini
qeyd etmək lazımdır.
Bu istiqamətdə
müvafiq dövlət qurumları tərəfindən
aparılan genişmiqyaslı işlərlə yanaşı,
Xocalı soyqırımı haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması və
tanıdılması istiqamətlərində
qeyri-hökümət təşkilatlarının, ümumiyyətlə
geniş ictimayyətin bu işlərə cəlb olunması
çox vacibdir.
Son illər Heydər Əliyev
Fondunun və onun Moskvadakı nümayəndəliyinin Xocalı
soyqırımının tanıdılması istiqamətində
apardığı genişmiqyaslı işləri xüsusi
qeyd etmək lazımdır. Fondun saytında faciənin dəhşətlərini
əks etdirən çoxlu yazı və şəkillər
yerləşdirilmişdir və həmin materiallar geniş
ictimaiyyət arasında böyük əks-səda doğurur.
Azərbaycanlıların diaspor təşkilatlarının
müxtəlif ölkələrdə gördüyü
işlər də təqdirəlayiqdir. Məsələn,
Xocalı şəhərində ermənilərin Azərbaycanlılara
qarşı törətdikləri soyqırım hadisəsinin
tanınması ilə bağlı Ukrayna, Azərbaycanlıları
Konqrensinin Ukrayna parlamentinə müraciətini qeyd etmək
lazımdır. Analoji addımlar Azərbaycanlıların
geniş təmsil olunduğu digər MDB ölkələrində
də atılmalıdır.
Bununla yanaşı, ənənəvi
siyasi və güc mərkəzləri olan qərb ölkələrinin
ictimaiyyətinin də Xocalıda ermənilər tərəfindən
Azərbaycanlılara qarşı törədilmiş cinayətlər
haqqında məlumatlandırılması vacibdir və bu
istiqamətdə hələ çox iş görülməlidir.
Ötən illərin təcrübəsi göstərmişdir
ki, Qərbi Avropa ölkələrində Azərbaycan diasporu
təşkilatlarının Xocalı soyqırımı ilə
əlaqədar təşkil etdikləri tədbirlərə hər
il daha çox yerli əhali qatılır və iştirak
edir.
Xocalı
soyqırımı qurbanlarının xatirə muzeyinin
yaradılması da çox vacibdir. Bu muzeyin hazırda harada
yerləşməsindən asılı olmayaraq, Xocalı və
işğal altında olan digər torpaqlarımız azad
olunandan sonra Xocalının ən görkəmli yerinə
köçürülə bilər. Burada eyni zamanda
soyqırım qurbanlarının xatirəsinə böyük
abidə ucaldılması və erməni vəhşiliklərindən
zərər çəkmiş bütün şəxslərin
adlarının orada qeyd olunması da nəzərdə
tutulmalıdır.
Digər vacib məsələ
Xocalı cinayətlərinin şahidi olmuş şəxslərin
xatirələrinin sənədləşdirilməsi,
bunların əsasında sənədli və bədii filmlərin
çəkilməsi, BMT-nin işçi dillərinə tərcümə
edilməsi və geniş yayılması üçün
lazımi işlərin təşkilidir. Bundan başqa
İnternetdə Xocalı soyqırımına həsr
olunmuş çox saylı veb. saytlar yaradılmalı və
burada ermənilərin Xocalıda azərbaycanlılara
qarşı törətdikləri cinayət əməllərini
ifşa edən çoxsaylı yazılı sənədli
materiallar və sənədlər yerləşdirilməlidir.
Xocalı soyqırımı haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında
bunların böyük əhəmiyyəti ola bilər.
Xocalıda ermənilərin
törətdiyi cinayət əməllərinin bir xüsusiyyətinə
də xüsusi diqqət yetirmək lazımdır. Bu cinayət
eyni zamanda Azərbaycan mədəniyyətinin
bütövlükdə ümumibəşəri mədəniyyətin
məhv edilməsinə yönəldilmiş bir hərəkətdir.
Bəllidir ki, Xocalı ən qədim insan məskənlərindən
biridir. Dünya mədəniyyətində xüsusi yeri olan
Xocalı-Gədəbəy mədəniyyəti məhz burada
formalaşmışdır. Bu ərazi Azərbaycanın ən
qədim tarixinə aid çox saylı tarix-memarlıq və
mədəniyyət abidələri ilə zəngindir.
Xocalı işğal olunana qədər burada çoxlu sayda
qoç və yəhər şəkilləri olan qəbirlər,
son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqanlar,
türbələr, qalalar, müqəddəs ziyarətgahlar,
alban kilsələri və s. abidələr olmuşdur.
İndi onların çoxu ermənilər tərəfindən
məhv edilmiş, bir qisminin görkəmi dəyişdirilərək
saxtalaşdırılmışdır. Mədəniyyət və
Turizm Nazirliyi bu barədə çoxlu sayda faktlara malikdir. Bununla
əlaqədar, ermənilərin Xocalıdakı
ümumdünya məhv etmələri ilə bağlı məsələ
daha dərindən öyrənilməli,
araşdırılmalı, irsinin məhv faktlarla sənədləşdirilməli
və YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsində
müzakirəyə çıxarılmalıdır.
Bu gün həyat öz
axarı ilə davam etməkdədir. Xocalının sağ
qalmış sakinləri respublikamızın 51 rayon və
şəhərində məskunlaşmışlar. Onlar hər
cür diqqət və qayğı ilə əhatə
olunmuşlar. Dövlət başçısının
tapşırığı ilə müvafiq dövlət
qurumları, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi, Xocalı Rayon İcra Hakimiyyəti,
onun yerli nümayəndəlikləri Xocalı sakinlərinin
normal həyat ritminə qaytarılması və dinc quruculuq
işlərinə cəlb edilməsi, keçirdikləri
sarsıntıların unudulmaması və mövcud problemlərin
həlli üçün bütün vasitələrdən
istifadə edirlər. Artıq xocalılılar da
respublikamızın sürətli iqtisadi yüksəlişində
fəal iştirak etməyə çalışırlar.
Xocalılar böyük əminlik hissi ilə inanırlar ki,
erməni işğalı altında olan bütün
torpaqlarımız yaxın vaxtlarda möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında azad olunacaq və Xocalı soyqırımını
törətmiş erməni cinayətkarları öz layiqli cəzalarını
alacaqlar.
Eyni zamanda dünya
ictimaiyyəti də Xocalı soyqırımı və erməni
vəhşilikləri haqqında əsl həqiqətləri
biləcək və bununla bağlı öz kəskin
mövqelərini bildirəcəklər. Elə Xocalı
qaçqınlarının BMT, Avropa İttifaqı və
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
müraciətində də bu inam hissləri öz əksini
tapmışdır: "Biz inanırıq ki, dünyanın
BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu
beynəlxalq təşkilatları, sülhsevər ölkələri
Ermənistan dövlətinin belə təcavüzkarlığına
və özbaşınalığına qarşı tədbir
görəcəklər".
R.AĞADƏDƏBƏYOV
N.ƏLİOĞLU.
Respublika.- 2009.- 21 fevral.- S. 3.