Şöhrətli xalq dilçisi

 

21 fevral beynəlxalq ana dili günüdür

 

Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada duran, türk və Avropa dilçiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanovun bu günlərdə 80 yaşı tamam oldu. Dünya şöhrətli alim 1929-cu il yanvarın 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

Afad Qurbanov Gürcüstan Respublikasının Hamamlı orta məktəbində müəllim və direktor, V.İ.Lenin adına APİ-də (indiki ADPU-da) dekan müavini, dekan, kafedra müdiri, rektor vəzifələrində işləyib, müəllimliklə alimliyi qovuşdurmağı bacarıb. Görkəmli alimin formalaşmasında xüsusi rolu olan, ona elmin dərinliklərinə enməyi təlqin edən mərhum professor Ə.Dəmirçizadə 58 il əvvəl yazırdı: "A.Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir". Bu fikirlərin nə qədər uzaqgörənliklə ifadə edildiyinə heyran olmaya bilmirsən. Çünki A.Qurbanov minlərlə filoloq-müəllim, 60-dan çox elmlər namizədi və doktoru yetişdirmiş, dilçilik, pedaqogika və metodikaya dair 70-dən çox kitab, 500-ə qədər məqalə çap etdirmişdir.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə "S.Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası" (1986), "Azərbaycan onomalogiyası məsələləri" (1986), "Poetik onomastika" (1988), "Azərbaycan dilinin onomalogiyası" (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Professor A.Qurbanovun dövlət mükafatına layiq görülmüş "Azərbaycan dilinin onomalogiyası" kitabının elmi dəyəri barədə Xəlil Açıqgöz yazır. "Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsində nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar". Akademik M.Şirəliyevin "Azərbaycan onomastika məktəbi və onun gələcəyi" adlı məqaləsi də həmin kitabın təhlilinə həsr edilib. Akademik M.Şirəliyevin məqaləsində göstərilir: "A.Qurbanovun "Azərbaycan dilinin onomalogiyası" adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur". Azərbaycan dilçiliyində öz orijinal tədqiqatları ilə ad-san qazanmış onlarca alim, o cümlədən bu sətirlərin müəllifi məhz A.Qurbanovun "Onomastika məktəbi"nin yetirməsidir.

Professor A.Qurbanov eyni vaxtda müxtəlif problemlər üzərində işləməyi bacaran tədqiqatçıdır. Təkcə onu xatırlatmaq kifayətdir ki, müəllifin 1993-cü ildə fərqli problemlərə həsr edilmiş "Ümumi dilçilik" - II cild, "Türkoloji dilçilik", "Azərbaycanlı adları: uşağa necə ad seçməli?" kimi fundamental əsərləri işıq üzü görüb.

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası" (1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dünyanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur.

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".

A.Qurbanov ümumi dilçilik problemlərinə xüsusi diqqət yetirən alimlərdəndir. Onun əsərlərində dünya dillərindəki universallıq, ümumbəşəri dil və vahid yazı sisteminin inkişaf etdirilməsi, terminologiyanın zənginləşdirilməsi kimi problemlər barədə maraqlı təhlillər verilmişdir.

S.Vurğunun dram əsərlərinin dil baxımından təhlili, türkologiyada dilçiliyin yeri və funksiyası, müasir türk dillərinin qruplaşdırılması və onun Altay dilləri sistemində yeri, onomalogiyaya dair terminlər lüğətinin hazırlanması, apelyativlərlə onomastik vahidlərin sərhədinin müəyyənləşdirilməsi, onomastik vahidlərin komponentlərinə görə qruplaşdırılması, onlarca onomastik vahidin etimologiyasının dəqiqləşdirilməsi kimi problemlər ilk dəfə A.Qurbanovun yaradıcılığında elmi həllini tapmışdır.

A.Qurbanov Azərbaycan dilçiliyi tarixində elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı kimi şöhrətlənmişdir. Təsadüfi deyildir ki, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfransları, "Azərbaycan nitq mədəniyyəti problemləri" (1987), "Azərbaycan terminologiyası problemləri" (1988), "Ortaq türk dili problemləri" (1999) və s. konfranslar məhz Afad Qurbanovun adı ilə bağlıdır. Afad Qurbanov Alma-Ata, Ankara, Bişkek, Daşkənd, Moskva, Tbilisi və s. şəhərlərdəki ən tanınmış türkoloqları həmin genişləndirmiş, digər tərəfdən, onu Ümumtürk səciyyəli bir elmi məclisə çevirə bilmişdir.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur. Əlavə edək ki, o, 1975-ci ildən bu vaxta qədər Azərbaycanda dilçilik ixtisası üzrə bütün müdafiə şuralarının üzvü olub, gənc dilçi kadrların yetişməsində öz köməyini əsirgəməyib.

Afad Qurbanovun "Azərbaycan dilçiliyi problemləri" (I cild, Bakı, "Nurlan", 2004) kitabı nəzəri və tətbiqi dilçiliyin ən aktual məsələlərinə həsr edilib. Giriş, 5 bölmə - 20 fəsildən ibarət olan əsərdə Azərbaycan dilçiliyinin qarşısında duran problemlər dəqiqləşdirilib. Afad Qurbanovun araşdırmalarından məlum olur ki, "Azərbaycan dilçiliyi tarixi", "Azərbaycan dilçiliyinin inkişaf dövrləri", "Ulutürk dil problemləri", fəlsəfi-linqvistik, psixoloji-linqvistik (psixo-linqvistika), riyazi-linqvistik, coğrafi-linqvistik, texniki-linqvistik, pedaqoji-linqvistik kimi ümumdilçilik təməlli problemlər, "Azərbaycan dilinin fonemlər sisteminin digər türk dillərinin səslər xəzinəsilə tarixi-müqayisəli istiqamətdə araşdırılması", "Budaq morfeminin əhatəli tədqiqi", "Azərbaycan yazısının tarixi", "Tam əhatəli orfoqrafiya qaydalarının hazırlanması", "Azərbaycan dilinin böyük leksik lüğəti"nin hazırlanması, "Müasir Azərbaycan dilinin etimoloji lüğəti"nin yaradılması və s. kimi məsələlər Azərbaycan dilçiliyində bir problem olaraq qalmaqdadır. Maraqlıdır ki, Afad Qurbanov dilçiliyimizdəki problemləri müəyyənləşdirməklə bərabər, onların həlli yollarını da göstərir. Müəllifin təqdim etdiyi konsepsiya səciyyəli nəzəri müddəalara istinad edilməklə onlarca monoqrafiya, dərslik, lüğət, məqalə və tezis hazırlamaq mümkündür ki, bu da Azərbaycan dilçiliyinin inkişafına təkan verə bilər.

Ümumi dilçilik, türkoloji dilçilik və Azərbaycan dilçiliyinin inkişaf dövrləri ilə bağlı müxtəlif fikirlər vardır. A.Qurbanov mövcud tədqiqatlara əsaslanmaqla ümumi dilçilik, türkoloji dilçilik və Azərbaycan dilçiliyinin inkişaf dövrlərini dəqiqləşdirir. Müəllif düzgün olaraq türkoloji dilçilik və Azərbaycan dilçiliyi üçün eyni inkişaf dövrləri müəyyənləşdirir. Hər iki dilçilikdə I dövr ta qədimdən X əsrin sonuna qədər, II dövr XI-XVIII əsrlər, III dövr XIX əsr (I mərhələ-1801-1850; II mərhələ-1851-1900), IV dövr XX əsr-XXI əsrin əvvəlləri (I mərhələ-1901-1930; II mərhələ-1931-1970; III mərhələ-1971-2000; IV mərhələ-2001-ci ildən indiyə qədər) götürülmüş və hər bir tarixi mərhələnin ən səciyyəvi cəhətləri tədqiq edilmişdir.

Türkologiyada türk dillərinin sayı ilə bağlı fərqli fikirlər vardır. XVIII-XX əsrlərdə türk dillərinin sayı 50-60, XX əsrin sonlarındakı araşdırmalarda isə 20, bəzən də 24 göstərilmişdir. A.Qurbanov Altay dilləri ailəsi sistemində türk dillərinin sayının 23 olduğunu dəqiqləşdirməklə bərabər, tarixi inkişaf və linqvistik əlamətlər əsasında onların 5 əsas yarım qrupunu da (oğuz, qıpçaq, bulqar, qarlıq, tukyuy) müəyyənləşdirib.

A.Qurbanovun araşdırmaları göstərir ki, dilimizdəki terminlərin bir qismi qeyri-dəqiqdir və fikir dolaşıqlığı vardır. Məhz buna görə də müəllif "dilin lüğət fondu" əvəzinə "dilin lüğət tərkibi", "metodologiya və metodoloji əsas" əvəzinə "fəlsəfi əsas" terminlərinin işlədilməsini məqbul hesab edir. Bir sıra terminlərin isə semantik cəhətdən işlədilmə yerini dəqiqləşdirir. Məsələn, onomastika-xüsusi adların cəmi, onomalogiya-xüsusi adlardan bəhs edən dilçilik şöbəsi, etnonimika-etnonimlərin cəmi, etnonimiya-etnonimlər barədə biliklər, antroponimika-şəxs adları, soyadları, ləqəblər, təxəllüslərin cəmi, antroponimiya-şəxslə bağlı adlar barədə biliklər, toponimika-toponimlərin cəmi, toponimiya-toponimlərə dair nəzəri biliklər və s.

Çoxmillətli, çoxirqli və çoxdinli Qafqaz regionunun irqi tərkibi, etnik tərkibi, makro və mikro toponimikası kompleks və sistemli şəkildə tədqiqata cəlb edilməyib. Bu mənada A.Qurbanov bir qafqazşünas kimi Qafqazın irqi (avropoid irqin tərkibinə daxil olan Qafqaz irqi tipi və monqoloid irqi) və dini (islam, xristian, yəhudi) tərkibindən, xüsusilə Qafqazdakı dillərin dörd dil ailəsinə (hind-Avropa dilləri ailəsi, Altay dilləri ailəsi, sami-hami dilləri ailəsi, Qafqaz dilləri ailəsi) mənsub olmasından geniş şəkildə bəhs etmiş, Qafqazdakı abxaz, abazin, gürcü, qaraçay, qumuq, noqay, kürd, erməni, osetin, talış, tat, lahıc və s. kimi dillərin fonetik sistemi, leksik tərkibi, qrammatik (türk dilinin) Qafqazdakı aparıcı mövqeyini faktlarla bir daha təsdiqləmiş, "Qafqaz dil ittifaqı" probleminin türkoloji və Qafqaz dilçiliyinin qarşısında duran başlıca məsələlərdən biri olduğunu xüsusi olaraq göstərmişdir.

Bu günlərdə 80 yaşı tamam olan professor Afad Qurbanov indi də dilçilik, pedaqogika və metodikaya dair müxtəlif problemlər üzərində araşdırmalarını davam etdirir, ADPU-da magistr, aspirant və dissertantlara rəhbərlik edir. Dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarında iştirak edir, dilçilik konfranslarının təşəbbüsçüsü və təşkilatçısı olmaq funksiyasını özündə saxlayır. Gənclik eşqi ilə yazıb-yaradan görkəmli alimə uğurlar diləyirik.

 

 

Əzizxan TANRIVERDİ,

filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2009.- 21 fevral.- S. 4.