İlham Əliyev: Biz indi peyk buraxmaq, Azərbaycanda kosmos sənayesi yaratmaq ərəfəsindəyik

 

Dövlətimizin başçısı dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə çox yaxşı əlaqələr qurulduğunu və bunun davam etdiriləcəyini vurğulayıb

 

Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətində şaxələndirmə mühüm yer tutur. Şaxələndirmədə informasiya-kommunikasiya texnologiyaları sektoru ən əhəmiyyətli sahələrdəndir. Davos Ümumdünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev ABŞ-ın CNBC (Si-en-bi-si) televiziya kanalına verdiyi müsahibədə Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətinə də aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib ki, hazırda informasiya-kommunikasiya texnologiyaları dünyada iqtisadiyyatın ən perspektivli sahələrindəndir və bu, təkcə iqtisadiyyat deyil, həm də bilikdir, təhsildir, ümumi inkişaf və müasirləşmədir: "Biz dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə çox yaxşı əlaqələr qurmuşuq və bunun davam etdiriləcəyinə ümid edirəm. Biz indi peyk buraxmaq, Azərbaycanda kosmos sənayesi yaratmaq ərəfəsindəyik. Çox böyük planlarımız var və ümid edirəm ki, məqsədlərimizə nail olacağıq".

Bu gün Azərbaycanın inkişaf strategiyası çərçivəsində uğurla həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, telekommunikasiya və informasiya texnologiyaları sektorunda da öz bəhrələrini verməkdədir. Son illər ölkəmizdə telekommunikasiyanın inkişafı üzrə əldə olunan nəticələr sayəsində yeni texnologiyaların tətbiqinə və yeni xidmətlərin göstərilməsinə nail olunub. Əsasən də regionlarda və ucqar yaşayış məntəqələrində xidmətin əhatə dairəsi genişlənib. O cümlədən yüzlərlə ucqar kənddə peyk texnologiyası vasitəsilə müasir telekommunikasiya xidməti yaradılıb. Ölkəmizdə internet xidmətlərinin göstərilməsində də əsaslı nəticələr əldə olunub. Bu gün Azərbaycan hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada gedir. Təsadüfi deyildir ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxarmışdır. Bu yüksək qiymətin arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur.

Azərbaycanın inkişaf strategiyasının əsas məqamlarının: şaxələndirmə və modernləşdirmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təmin olunması olduğunu vurğulayan cənab İlham Əliyev bildirib ki, bununla bağlı müasir informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr prioritet təşkil edir: "Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir. Biz bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olmuşuq. Qeyd etdiyim kimi, indi informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir. Biz hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intelektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq".

Məlumat üçün bildirək ki, ölkəmizin yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatının qurulmasında İKT-nin rolunu genişləndirmək üçün regional əhəmiyyətli bir neçə layihə hazırlanıb. Eyni zamanda, ölkəmizdə kosmik sənayenin inkişafı üçün iki telekommunikasiya süni peykinin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma və müqavilələr tərtib edilib. Hər iki layihə kommersiya tipli və rentabellidir. Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcəkdir. Mümkündür ki, 2010-cu ildə birinci, 2011-ci ildə isə ikinci süni peyk orbitə çıxarılsın.

İkinci irihəcmli layihə ölkəmizdə “regional innovasiya zonası” adlı texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı və ixracını təmin edən genişmiqyaslı xüsusi iqtisadi zonanın yaradılmasıdır.

Region ölkələrinin və müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb edən daha bir layihə Azərbaycanın dövlət başçısının bir neçə ölkənin prezidenti ilə müzakirə etdiyi Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasıdır. Bu magistral İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu—Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və həmin regionlarla müqayisədə zəif inkişaf etmiş, təxminən 20 ölkəni əhatə edəcəkdir.

Ekspertlərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Layihənin təşəbbüskarı Azərbaycan tərəfi olmaqla, əksər ölkələr və müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq ölkəmizdə beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə regional mərkəzə çevrilməsi üçün inkişaf planlarına toxunan Prezident İlham Əliyev bildirib ki, bu gün biz boru kəmərləri, avtomobil yolları, İpək Yolu, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inşa edirik: "Bunlar həm əlverişli coğrafi mövqeyimiz, həm də konkret proqramlarımız əsasında həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunda nəzərdə tutduğumuz işlər Azərbaycanı inkişafın yeni mərhələsinə gətirib çıxaracaqdır".

 

 

Şükür ƏLİZADƏ,

 

Respublika.- 2009.- 22  fevral.- S. 1.