Azərbaycan 2009-cu ildə də iqtisadi inkişaf tempinə görə öz liderlik mövqeyini qoruyub saxlamaq əzmindədir

 

Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi və neft qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə Azərbaycan böyük inamla öz dinamik inkişafını davam etdirir. 2008-ci ildə iqtisadi inkişaf tempinə görə lider ölkə kimi tanınan Azərbaycan 2009-cu ildə də öz liderlik mövqeyini qoruyub saxlamaq əzmindədir. BMT-nin "Dünyanın iqtisadi durumu və 2009-cu ildə inkişaf perspektivləri" adlı məruzəsində bildirildiyi kimi, bu il də iqtisadiyyatı ən dinamik inkişaf edən ölkə yenə də Azərbaycan olacaq, onun iqtisadiyyatı 14 faiz artacaqdır. Bu fakt öz-özlüyündə bir daha sübut edir ki, iqtisadiyyatda qazandığımız uğurları neft amili ilə bağlamağa cəhd göstərənlər bərk yanılırlar.

Prezident İlham Əliyev İsveçrəyə səfəri çərçivəsində Reuters agentliyinə verdiyi müsahibədə bir daha vurğulayıb ki, hazırkı böhran vəziyyətində və neftin qiymətlərinin aşağı düşməsi şəraitində göstəricilərimizi nəzərə alsaq görərik ki, iqtisadi inkişafımızın əsas uğuru neft deyildir. İqtisadi islahatlar, qeyri-neft sektorunda artım, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühiti fikirlərimizi əsaslandıran əsas amillərdir.

Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, enerji amili iqtisadiyyatımızın inkişafında vasitəçi rolunu oynayıb. Keçən əsrin 90-cı illərində təbii sərvətlərimizdən istifadə edərək tənəzzülə uğramış iqtisadiyyatımızı dirçəltmək və dinamik inkişaf yoluna çıxartmaq tarixi zərurətdən və dövrün tələbindən irəli gəlirdi.

Məlum olduğu kimi, Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə ölkəmiz öz müstəqilliyini əldə etdiyi dövrdə iqtisadiyyatımız dərin böhran içərisində idi. Sənaye dayanmış, sovet vaxtında fəaliyyət göstərmiş bütün zavod və fabriklərin iş ahəngi tamamilə pozulmuşdu. Sənaye istehsalında və ümumən iqtisadiyyatda müşahidə olunan tənəzzül həddən artıq böyük idi. İnflyasiya 100 faiz təşkil edirdi. Ölkəmizin Ermənistan tərəfindən müharibəyə cəlb olunması, bir-birinin ardınca xeyli yaşayış məntəqələrimizin erməni qəsbkarları tərəfindən işğal edilməsi, qaçqınlar və məcburi köçkünlər ordusunun yaranması, ən əsası isə hakimiyyət uğrunda çəkişmələr mövcud vəziyyəti daha da ağırlaşdırır, xarici və daxili düşmənlərimizin əl-qol açmasına münbit şərait yaradırdı. Belə bir dövrdə ölkəmizin yeganə yolu təbii sərvətlərimizdən istifadə etmək və potensial sərmayədarlar üçün əlverişli şərait yaratmaq idi. Bunun üçün isə ön cəbhədə atəşkəsə nail olunmalı, ölkədə ictimai-siyasi sabitlik yaradılmalı, dünyanın iri neft şirkətləri ilə səmərəli iş aparılmalı idi. Xalqın tələbi ilə 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində həm ölkədə ictimai-siyasi sabitlik yaradıldı, həm atəşkəs əldə olundu və həm də dünya tarixinə "Əsrin müqaviləsi" adı ilə düşmüş nəhəng neft müqaviləsi imzalandı. Düşmənlərimiz bu neft müqaviləsinin gələcək perspektivlərini yaxşı gördükləri üçün müxtəlif yollarla onun həyata keçməsini əngəlləməyə çalışırdılar. Lakin Heydər Əliyev iradəsi, Heydər Əliyev qətiyyəti düşmənlərimizin bütün planlarını puça çıxartdı.

Elə həmin ildən də ölkə iqtisadiyyatının dirçəliş və inkişaf mərhələsi başlandı. Neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna və sosial sahələrə daxili və xarici investisiyalar qoyuldu. Ölkəmizə siyasi və iqtisadi dividendlər gətirə biləcək nəhəng infrastruktur layihələr həyata keçirilməyə başlandı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilərək istifadəyə verildi. Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisinə start verildi. Tarixi "İpək yolu"nun bərpası istiqamətində nəhəng işlər görüldü. Dövlətimizin başçısı İlham Əliyev hələ bir neçə il öncə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin ölkəmizə gətirəcəyi siyasi və iqtisadi dividendlərdən danışarkən bəyan edirdi ki, Azərbaycana böyük valyuta axını gözlənilir və bu, ilk növbədə təhsilə, səhiyyəyə, sosial sahələrə ayrılmalıdır.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 766 min yeni iş yeri açıldı, 1600 məktəb tikildi, 6 modul tipli stansiya tikilərək istifadəyə verildi. Bununla da ölkəmiz elektrik enerjisi idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrildi. Hazırda ölkəmiz Gürcüstana və Türkiyəyə elektrik enerjisi və təbii qaz ixrac edir.

Dünyanın beynəlxalq nüfuzlu qurumları tərəfindən də birmənalı şəkildə qəbul olunduğu kimi, bu gün Azərbaycanın hərtərəfli tərəqqisinin əsasında iqtisadiyyatımızın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət dayanır. Bircə faktı deyək ki, son beş ildə ölkə iqtisadiyyatının inkişafına 38 milyard manat investisiya qoyulmuşdur ki, bu da 1998-2003-cü illərlə müqayisədə 6,2 dəfə çoxdur.

Cənab İlham Əliyevin vurğuladığı kimi, son beş il ərzində Azərbaycanın sənaye istehsalı iki dəfədən çox artmışdır. Biz, demək olar ki, işsizliyi aradan qaldıra bildik. Regionların inkişafı Proqramı bizə son beş il ərzində 766 min yeni iş yeri açmaq imkanı yaratdı. Bu proqram hazırda Azərbaycanın bütün bölgələrinin daha tarazlı şəkildə inkişafını təmin edir. Bir sözlə, sürətli iqtisadi inkişaf, iqtisadi islahatlar, enerji siyasəti, güclü sosial proqramlar, təhsilə, səhiyyəyə və informasiya texnologiyalarının inkişafına qoyulan sərmayələr bu gün Azərbaycanın reallığıdır.

Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru daim diqqət mərkəzində saxlanılır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Buna görə də Azərbaycan öz inkişafını, sadəcə təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Dövlətimizin başçısı İlham Əliyev Davosda keçirilən Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumunda hindistanlı iş adamının "Sizin fikrinizcə neft və qaz hasilatından əldə olunan gəlirlər gələcəkdə nəinki Azərbaycanın, həm də bütün Avropa regionunun iqtisadi rifahı üçün nə kimi rol oynaya bilər?- sualını cavablandırarkən vurğulayıb ki, gələcəkdə də enerji amili iqtisadi inkişafımızda və müəyyən dərəcədə siyasi təşəbbüslərimizdə əsas yer tutsa da, biz neftin qiymətlərindən və neft hasilatından asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı üzərində ciddi şəkildə düşünürük: "Günlərin birində neft və qaz tükənəcəkdir. İqtisadiyyatı irəliyə doğru aparan və inkişaf etmiş ölkələrin uğurunun əsas səbəbi bilik, texnologiya və təhsildir".

Son beş ildə ölkəmizdə ÜDM-in 2,6 dəfə artması, hazırda ölkəmizin 20 milyard dollar maliyyə ehtiyatlarına malik olması bir daha göstərir ki, Azərbaycanın davamlı inkişaf strategiyası elmi əsaslar üzərində qurulmuş və ölkəmizi daha zəngin və qüdrətli dövlətə çevirə biləcək uzunmüddətli strategiyadır. Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, gələcəkdə bu strategiya ölkəmizə neftin qiymətindən asılı olmamaq imkanı yaradacaqdır: "Biz artıq neft sektoruna böyük sərmayələr qoymuş, dövlət maliyyə vəsaitləri və kreditlər hesabına özəl sektora güclü şəkildə dəstək vermişik. Hazırda biz qeyri-neft sektorunun inkişafının bəhrəsini, iqtisadiyyatımızın şaxələndirilməsinin faydasını görürük".

 

 

Xaliq MƏHƏMMƏDOĞLU,

 

Respublika.- 2009.- 26 fevral.- S. 1.