Tariximizin acı həqiqətləri

 

Tarix boyu xalqımızın başına çox bəlalar gəlmişdir, lakin XX əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi bunların ən dəhşətlisidir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı barədə demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Bu faciədən 17 il keçir. Xalqımız hər il olduğu kimi, bu il də o dəhşətli hadisənin ildönümünü qeyd edir. Fevralın 26-da saat 17:00-da Vətənimizin hər yerində bir dəqiqəlik sükut elan edildi. Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olundu, yaddaşlarımız bir daha təzələndi. Qan yaddaşımızın Xocalı faciəsi ilə yazılmış acı bir səhifəsi təkrar vərəqləndi...

Gəncliyə Yardım Fondunda keçirilən anım mərasimini fondun prezidenti Ahmet Tecim açaraq Xocalı soyqırımının təkcə Azərbaycana, türklüyə deyil, bütün insanlığa qarşı törədilmiş terror olduğunu dedi: "Xocalıda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu, əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşdur. 8 ailə bütövlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". O, bu faciənin dünya miqyasında tanınması üçün çox işlər gördü. İndi Prezident İlham Əliyev və Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü iş aparır. Bu faciəni törədənlər indi özlərindən soyqırımı uydurub dünyaya qəbul etdirmək istəyirlər. Onların türklərə qarşı törətdikləri soyqırımları heç zaman unudulmayacaq. Türkiyə ilə Azərbaycan hər zaman bir yerdə olacaqdır. Mustafa Kamal Atatürk demişkən: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir".

Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dedi: "Ermənilər Xocalıda heç faşistlərin belə törətmədikləri vəhşiliklər etdilər. Bu, insanlığa yaraşmayan ən dəhşətli terror aktı idi və təkcə Xocalıya deyil, bütün xalqımıza qarşı 200 ildən bəri həyata keçirdikləri soyqırım siyasətinin davamı idi. Xocalı faciəsi həm də SSRİ rəhbəri M.Qorbaçovun Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi hadisələrdən biridir.

Ümumiyyətlə, Dağlıq Qarabağ hadisələri planlı şəkildə təşkil olunmuşdu. Əvvəl 1988-ci il fevralın 26-da Sumqayıt hadisəsi törədildi, sonra 1992-ci il fevralın 26-da Xocalıda soyqırım, onun ardınca digər hadisələr baş verdi. Xocalı faciəsini yaşayan hər bir Xocalı sakini böyük hörmət və ehtirama layiqdir. Qan yerdə qalmır. Xalqımızın başına gətirilən müsibətlərə son qoyulacaq. Ölkə başçısı İlham Əliyev torpaqlarımızın azad olunması istiqamətində məqsədyönlü iş aparır, bütün dünyaya bizim sülhsevər xalq və hər şeyin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğumuzu bəyan edir. Eyni zamanda torpaqlarımızı hərb yolu ilə də almağa qadir olduğumuzu dəfələrlə söyləyir. Mən əminəm ki, haqq, ədalət öz yerini tapacaqdır.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin I müavini Erkan Özoral ermənilərin törətdikləri vəhşiliyin unudulmaması üçün türkün unutqanlıq xəstəliyindən birdəfəlik xilas olmasının gərəkliyini söylədi. Türkün öldürməkdən, qırıb-dağıtmaqdan çox-çox uzaq olduğunu, əksinə, bütün insanlarla sülh içində yaşamaq arzusu ilə yaşadığını dedi: "Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bizi bir-birimizdən ayırmağa çalışanlar hərzaman olub, indi də var, sabah da olacaq. Ancaq Türkiyə və Azərbaycan bir ocağın iki qolu, bir ananın iki oğludur. Başımıza gətirilənləri bir daha yaşamamaq üçün onları unutmamalıyıq".

Milli Məclisin deputatları Elman Məmmədov, Novruz Aslanov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 1988-ci ildən başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri, Qarabağın qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımın ağır nəticələrindən danışdılar. Qeyd olundu ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Etnik təmizləmə sovet dövründə də davam etmişdir. Xocalı faciəsi ermənilərin həmin siyasətinin davamıdır. Biz bu faciəni unutmamalıyıq.

Böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün zəruri bir məsələ kimi qarşıda durur. Daim gənclərlə işləyən Gəncliyə Yardım Fondunun Xocalı soyqırımının ildönümü ərəfəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Bakı şəhər orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirdiyi "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda inşa yazı müsabiqəsi də məhz buna xidmət edir. Qeyd edək ki, bu müsabiqənin qalibləri fəxri diplom və pul mükafatına layiq görülmüşdür.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərin vətənpərlik ruhunda tərbiyə olunması istiqamətində görülmüş işlərdən, Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı, Heydər Əliyev Fondunun Moskva filialının direktoru Leyla Əliyevanın Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindən gördüyü işləri yüksək qiymətləndirdi.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev öz çıxışında ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə qayğısından danışdı.

Tədbirin sonunda Türkiyənin "İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi" beynəlxalq humanitar təşkilatı tərəfindən 150 şəhid ailəsinə yardım paylandı.

 

 

Zümrüd ABDULLAYEVA,

 

Respublika.- 2009.- 28 fevral.- S. 5.