Xocalı Soyqırımına həsr olunmuş kitab sərgisi
Fevralın 26-da Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasında Xocalı soyqırımının 17-ci
ildönümünə həsr olunmuş sərgi
açılıb.
Sərgidə Xocalı
soyqırımının dəhşətli və faciəli səhifələrini
əks etdirən fotoşəkillər, 120-yə yaxın
müxtəlif dillərdə kitab və jurnallar nümayiş
etdirilir.
Sərgi-mitinqi Mərkəzi
Elmi Kitabxananın elmi işlər üzrə direktor
müavini Firəngiz Hüseynova açmış və
demişdir ki, Xocalı hadisəsi Azərbaycanın tarixində
ən qanlı səhifə, bəşər tarixində
insanlıq əleyhinə törədilmiş ən
ağır cinayətlərdən biridir. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə baş vermiş bu faciə
Azərbaycan xalqına qarşı həyata keçirilən
soyqırım idi. Bütün bu erməni vəhşilikləri
oxucuların nəzərinə çatdırılan kitablarda
öz əksini tapmışdır.
Təqdim olunan nəşrlərin
arasında AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutunun direktoru, mərhum professor Rövşən
Mustafayevin redaktəsi ilə hazırlanmış "Erməni
terror və quldur birləşmələrinin bəşəriyyətə
qarşı cinayətləri (XIX-XXI əsrlər)"
müxtəsər xronoloji ensiklopediyası, V.Arzumanlı və
X.Baxşəliyevanın "Türk dünyası və
"Böyük Ermənistan" xülyası", Səriyyə
Müslümqızının "Qar üstünə qan
yağdı", "Ümid olmasa ölərəm"
(ingilis dilində), "Ölümündən o yandakı Xocalı",
İsmət Qayıbov və Azad Şərifovun "Erməni
terrorizmi", Nəsiman Yaqublunun "Xocalı
qırğını", Fazil Güneyin "Qara qan",
Tatyana Çaladzenin "Sostradaniye", Ziyyəddin Sultanovun
"Xocalı faciəsi", Həvva Məmmədovanın
"Şəhidlər və şahidlər" (Erməni
terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsi kimi)",
Sabir Əsədov və İsrafil Məmmədovun
"Terrorizm (səbəb və nəticələri)",
Sabir Hüseynovun "Xocalıdan gələn səs" və
İstanbul Araşdırma Mərkəzi tərəfindən nəşr
olunmuş "Katliam" və s. kitablar, eləcə də
"Qolos Karabaxa" qəzeti var.
Sərgidə Azərbaycanın
Milli Qəhrəmanı, mərhum jurnalist Çingiz
Mustafayevin çəkdiyi lentlərdən
götürülmüş fotoşəkillər ənənəvi
və virtual şəkildə nümayiş etdirilir.
İsmət SƏFƏROV
Respublika.- 2009.- 28 fevral.- S. 5.