İnsanlıq tarixinə qara ləkə

 

Paytaxtın hər yerində olduğu kimi, Binəqədi rayonunda da Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirilməsi bir neçə gün davam etmişdir. YAP Binəqədi rayon təşkilatının qərargahında təşkil olunmuş "Dəyirmi masa" "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusuna həsr olunmuşdur. 150 nəfər gəncin qatıldığı mərasimdə Binəqədi RİH başçısı Alı Qocayev, Milli Məclisin üzvləri Hacı Madər Musayev, Rəfael Cəbrayılov, Eldar İbrahimov iştirak etmişlər.

"Dəyirmi masa"da çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, bu mərasim Xocalı faciəsi ilə bağlı rayonda keçirilən silsilə tədbirlərdən biridir. Binəqədili gənclər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etməsini, dinc insanların vəhşicəsinə qətlə yetirilməsini acı hisslərlə xatırlayır, şəhidlərin ruhunu əziz tuturlar. Xalqımıza qarşı törədilən bu növbəti soyqırımı hadisəsi heç vaxt unudulmayacaq, beynəlxalq ictimaiyyət tərəfindən ermənilərin insanlıq tarixinə qara ləkəsi kimi qəbul olunacaqdır.

Binəqədi RİH başçısı Alı Qocayev və millət vəkilləri də Xocalı faciəsinin dəhşətlərindən, qaçqın və məcburi köçkünlərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdılar.

Xocalı hadisəsinə həsr olunmuş film nümayiş etdirildikdən sonra ümumtəhsil məktəblərində bu mövzuya həsr olunmuş inşa müsabiqəsinin qalibləri rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olundular.

Qeyd edək ki, həm rayon, həm də Bakı şəhəri üzrə inşa müsabiqəsində 1-ci yerə çıxan 217 saylı məktəbin şagirdi Nübar Əlizadə xüsusi mükafata layiq görüldü.

 

* * *

 

Binəqədi rayonunda keçirilən başqa bir tədbirdə Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilmişdir.

Rayonun ərazisində yerləşən 2 saylı evtikmə kombinatının Görədil massivindəki pansionatında təşkil olunmuş görüşdə bildirildi ki, Binəqədi rayonunda Xocalıdan 30 ailə məskunlaşmışdır. Bunlardan 15 ailə həmin pansionatda yerləşdirilmişdir. Binəqədi RİH başçısının humanitar məsələlər üzrə müavini Eldar Ağayev qeyd etdi ki, ölkə başçısının tapşırığına əsasən rayonda məskunlaşmış bütün qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalıdan olan ailələrə həmişə diqqət və qayğı göstərilir, onların sosial vəziyyətinin, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir.

Görüşdə rayonda məskunlaşmış Xocalıdan olan ailələrə Binəqədi RİH tərəfindən maddi yardım və ərzaq bağlaması verilmişdir.

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2009.- 28 fevral.- S. 5.