Anım mərasimi

 

Bu günlərdə Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar toplantı keçirildi. Tədbirdə ermənilərin 1992-ci il fevralın 26-da xocalılılara qarşı törətmiş olduğu vəhşilikləri əks etdirən video formatlı fotolar nümayiş etdirildi. Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev Xocalı əhalisinin etnoqrafik tarixindən, orada o vaxtkı gənclərin yüksək hərbi-vətənpərvərlik tərbiyəsindən danışdı. O, xatırlatdı ki, bu gün dünyanın 70-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı xatirə tədbirləri keçirilir.

Ümumi tarix kafedrasının müdiri Şirxan Səlimov çıxış edərək, ermənilərin Qafqaza gəlişi tarixindən danışdı, Ermənistanın bir dövlət kimi keçən əsrin 20-ci illərində 9,6 min kvadratkilometrlik bir ərazidə yarandığını qeyd etdi.

Daha sonra, digər müəllim, magistr və tələbələrin hərbi-vətənpərvərlik mövzusunda çıxışları dinlənildi. Qeyd edildi ki, torpaqları Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanda üzərlərinə böyük məsuliyyət düşən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ailədən gəlir. Hər bir valideyn bunu nəzərə almalıdır. Azərbaycan tarixi (təbiət və texniki ixtisaslar üzrə) kafedrasının müdiri tarix elmləri namizədi Əmirxan İsayev nikbin bir fikirlə tədbirə yekun vurdu: "Bir ölkənin qələbə çalması üçün birinci növbədə onun iqtisadiyyatı güclü olmalıdır. Azərbaycan güclü iqtisadiyyatını əldə edib və Ermənistan bunu bilir".

                                                   

 

Rauf İLYASOĞLU,

 

Respublika.- 2009.- 28 fevral.- S. 5.