Xocalı faciəsi beynəlxalq  hüquqi-siyasi qiymətini alacaq

 

Xocalı faciəsi dünyada törədilmiş ən ağır cinayət və soyqırımıdır. Erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 17 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Ümumiyyətlə, o gün 613 nəfər soydaşımız qəddarlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir düşdü.

Bu faciə iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Hələ XIX əsrdən başlayaraq "Türkmənçay" müqaviləsindən dərhal sonra Naxçıvan və İrəvan xanlıqları hesabına yaradılan erməni vilayətinin ərazisi sonra getdikcə Azərbaycan torpaqları hesabına genişləndirilmiş və nəticədə bugünkü Ermənistan Respublikası yaradılmışdır. Belə ki, XX əsrdə erməni daşnakları Azərbaycan xalqına qarşı dəfələrlə kütləvi deportasiya və soyqırımı aksiyaları həyata keçirmişdir və Qərbi Azərbaycandan bütün azərbaycanlılar əzəli torpaqlarından zorla çıxarılmışdır.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anıldığı bu günlərdə faciənin canlı şahidlərindən biri Oruc Cabbarovla redaksiyamızda həmsöhbət olduq. O, Ağdamın Əhmədavar kəndindəndir. Münaqişənin başlandığı ilk günlərdən Ağdamın özünü-müdafiə batalyonunda ermənilərə qarşı döyüşüb. Əhmədavar rotasının tərkibində Ağdamla Əsgəran arasındakı 18 və 19-cu postlarda keşik çəkib. 1992-ci il fevralın 26-da ermənilərin təcavüzünə məruz qalan Xocalı sakinlərinin imdadına və harayına çatmaq üçün yaradılan əməliyyat dəstələrindən birinə başçılıq edib. Yeri gəlmişkən xatırladaq ki, 1988-ci ilə qədər Xocalının 3 minə yaxın əhalisi var idi. 1992-ci ilin əvvəlində bu rəqəm 7 mini ötmüşdü. Şəhər əhalisinin artımı Ermənistanın ayrı-ayrı bölgələrindən əzab və işgəncə ilə qovulmuş soydaşlarımızın, habelə Fərqanədər kütləvi köçürülmüş mexseti türklərinin hesabına olmuşdu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni millətçiləri tərəfindən Xocalıda ən dəhşətli soyqırım törədildi. Şəhərin dinc sakinləri vəhşiliklə, qəddarlıqla kütləvi qətlə yetirildi. Soyuq və sazaqlı qış günündə Xocalıdan Ağdama tərəf düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Fevralın 26-sı və 27-si gecə qətliamdan salamat qalanlar Ağdam istiqamətində irəliləməyə çalışırdılar. Sıx meşələr, qurumuş çayların yatağı da azğınlaşmış, silahlı ermənilərdən günahsız insanları—uşaqları, qadınları qocaları qoruya bilmirdi. Mərmi və güllələrin yağışı altında salamat qalanların sayı dəqiqə-dəqiqə azalırdı. Ağdam özünümüdafiə batalyonları müxtəlif istiqamətlərdən düşmənə zərbələr vurur, köməksiz insanları xilas etməyə çalışırdılar. Əməliyyat dəstələrindən birinə başçılıq edən Oruc Cabbarov dinc insanlara böyük müsibətlər gətirən həmin günləri belə xatırlayır:

-Biz səkkiz nəfər idik, Məhəbbət, Natiq, Xosrov, Canpolad, İsgəndər, Yaşar, Samir və mən. Fevralın 26-da Şelli kəndini, Qara Qayanı ələ keçirdik. Canlı qüvvə sarıdan böyük itki verən erməni quldurları geri çəkildilər. Bu əməliyyatdan sonra sağ qalanları xilas etmək üçün imkan yarandı. Həmin gündən sonra biz iki həftəyə qədər çöllərə, düzlərə səpələnib qalmış günahsız insanların cəsədlərini çıxarmaq üçün gecə-gündüz çalışdıq. O günlər uşaqların, qadınların ərşə ucalan ah-naləsi, axıtdıqları acı göz yaşları hələ də yadımdadır...

Qarabağ döyüşçüsü Oruc Cabbarov özünü müdafiə batalyonunun Əhmədavar rotasının tərkibində Canyataq, Gülyataq, Xramord döyüşlərində böyük şücaət göstərib. Sonralar 708 saylı hərbi hissənin birinci batalyonunun 1-ci rotasının komandiri kimi Sucanlı əməliyyatında 70-ə yaxın erməni yaraqlısının məhv edilməsində hünər göstərib. O, 1994-cü ilin yanvar-fevral aylarında keçirilən Güllücə döyüşlərində düşmənə canlı qüvvə sarıdan böyük tələfat verməklə dörd hərbi texnikanı-2 tank, 1 BMP və 1 "Ural" maşınını hərbi qənimət kimi ələ keçirib.

Oruc Cabbarov hazırda ailəsi ilə birlikdə Quzanlının Fin qəsəbəsində yaşayır. Üç uşaq atasıdır. Dövlətin qaçqın və köçkünlərə göstərdiyi qayğıdan razılıqla danışır. Sabaha böyük ümidlərlə baxır. Oruc Cabbarov əmindir ki, Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayət dünya ictimaiyyətinin diqqətini yetərincə cəlb edəcək və bu cinayət beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətini alacaq.

 

 

Ş.ƏLİZADƏ

 

Respublika.- 2009.- 28 fevral.- S. 6.