İlham Əliyev: Azərbaycanın iqtisadi
inkişafı dünyada ən sürətlidir
Dövlətimizin başçısı Bərdədə,
Yevlax və Mingəçevir ictimaiyyətinin nümayəndələri
ilə görüşlərində bölgələrdə
yaşayan insanların rifahının
yaxşılaşdırılması üçün
bütün tədbirlərin görüldüyünü
vurğulayıb
Azərbaycanda iqtisadi və siyasi
islahatlar uğurla davam etdirilir. Beş il bundan əvvəl
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın təsdiqi,
2004-cü ilin fevral ayında proqramın icrasına
başlanması və uğurla həyata keçirilməsi
ölkəmizin davamlı iqtisadi inkişafını təmin
edib. Son beş ildə ölkəmizin bütün bölgələrində
yeni müəssisələr, fabriklər və zavodlar
açılır, yeni məktəblər, müalicə-diaqnostika
mərkəzləri tikilir, yollar salınır, su, qaz xətləri
çəkilir, elektrik stansiyaları inşa edilir, hava
limanları, mehmanxanalar və müxtəlif xidmət sahələri
istifadəyə verilir. Bu, Azərbaycanın ümumi
inkişafının təzahürüdür. Prezident
İlham Əliyev Bərdə, Yevlax və Mingəçevir
ictimaiyyətinin nümayəndələri ilə görüşlərində
ölkəmizin inkişafının çox dinamik, çox
müsbət və hərtərəfli olduğunu
vurğulayıb.
Ötən müddət
ərzində həm regionların sosial-iqtisadi inkişaf
proqramının, həm də digər proqramların
icrası ölkə iqtisadiyyatının sürətli
inkişafına güclü təkan verib.
Belə ki, son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə
artmışdır. Adambaşına düşən gəlir
5500 dollara çatmışdır. Azərbaycanda sənaye
istehsalı 2,5 dəfə artmışdır və bununla
yanaşı, sənayeləşmə prosesi çox geniş
vüsət almışdır. Nəticədə, 766 min yeni
iş yeri açılmışdır ki, bunun da 547 mini
daimidir. Yoxsulluğun səviyyəsi kəskin şəkildə
azalmış, 49 faizdən 13 faizə
düşmüşdür. Aparılan uğurlu iqtisadi
islahatlar nəticəsində büdcə xərcləri 12 dəfədən
çox artmışdır. İndi ölkəmizin valyuta
ehtiyatları 18 milyard dollardan çoxdur. Bu statistik göstəricilər
böyük uğurlardan xəbər verir.
Son beş ildə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində bütün
bölgələrdə olduğu kimi, Bərdə, Yevlax və
Mingəçevirdə də mühüm işlər
görülüb, abadlıq-quruculuq, tikinti işləri
aparılıb, infrastruktur yeniləşdirilib, sosial problemlər
tədricən aradan qaldırılıb.
Yevlax şəhərində
uşaq xəstəxanasının
açılışında iştirak edən Prezident
İlham Əliyev bildirib ki, bu, mənim Yevlaxa
üçüncü səfərimdir, çox şadam ki,
son illər ərzində Yevlaxda nəinki
gördüyümüz bu dəyişikliklər baş verib,
eyni zamanda rayonun iqtisadi potensialı möhkəmlənibdir:
"Yevlaxda son beş ildə ümumi daxili məhsul bir
neçə dəfə, 3-4 dəfə artıbdır. Bu, onu
göstərir ki, burada görülən işlər,
aparılan islahatlar, quruculuq çox yüksək səviyyədədir.
Azərbaycanın hərtərəfli inkişafı
üçün iqtisadiyyatın bütün sahələri
inkişaf etməlidir. Azərbaycanın iqtisadi inkişafı
dünyada ən sürətlidir. Son beş ildə bizimlə
bu sahədə rəqabət aparmaq qabiliyyətində olan başqa
ölkə yoxdur".
Məlumat
üçün bildirək ki, ötən illər ərzində
Yevlaxda rəqabətə davamlı məhsul buraxan iri istehsal
müəssisələri yaradılmışdır. 2008-ci ildə
istehsal edilmiş 12 milyon 300 min manatlıq sənaye məhsulunun
6,6 milyon manatlığı ixrac olunmuşdur. 67 milyon
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur. Son beş ildə 12 mindən çox, o
cümlədən 6272 daimi iş yeri
açılmışdır. 2008-ci ildə bütün maliyyə
mənbələri hesabına kapital qoyuluşunun həcmi
151,9 milyon manat olmuşdur. 2004-2008-ci illərdə 954 layihə
həyata keçirilmiş, əhalinin təbii qaz və
elektrik enerjisinə olan tələbatını ödəmək
istiqamətində mühüm işlər
görülmüş, təhsil və səhiyyə obyektləri
tikilmişdir.
Bərdə şəhərində
Müalicə-Diaqnostika Mərkəzinin
açılışında iştirak edən dövlətimizin
başçısı İlham Əliyev bu mərkəzin həm
Bərdə sakinlərinə, həm də qonşu rayonlarda
yaşayan insanlara ən yüksək səviyyədə xidmət
göstərəcəyinə əminliyini ifadə edib. Cənab
İlham Əliyev Bərdədə həm sosial infrastrukturun,
həm də sənaye infrastrukturunun yaradılması prosesinin
çox sürətlə getdiyini vurğulayıb: "Bərdə
Azərbaycanın qədim şəhəridir, qədim
torpağıdır və mən çox istəyirəm ki,
burada bütün sahələrdə işlər yaxşı
getsin. İnsanlar daha da yaxşı yaşasınlar, ən
müasir infrastruktur obyektləri tikilsin, insanlara xidmət
göstərən bütün müəssisələr
yüksək səviyyədə olsun".
Qeyd edək ki, Müalicə-Diaqnostika
Mərkəzində 260 nəfər
çalışacaqdır. Bu tibb ocağında qəbul,
şüa diaqnostikası, hemodializ, anesteziologiya, reanimasiya,
konsultativ diaqnostik poliklinika şöbələri, əməliyyat
bloku vardır.
Bundan əlavə, mərkəzdə
150 yerlik konfrans salonu, əczaxana fəaliyyət göstərir.
Quraşdırılmış monitorun köməyi ilə 4 cərrahiyyə
otağında aparılan əməliyyatları birbaşa izləmək
mümkün olacaqdır. Buradakı avadanlıq Almaniya,
Yaponiya və digər inkişaf etmiş ölkələrdən
gətirilmişdir. Mərkəzdə tibbi xidmət və
müalicə tam pulsuz aparılacaq.
Bölgələrin hərtərəfli
inkişafı Mingəçevir şəhərinin
timsalında da özünü göstərir. 2003-cü ilə
nisbətən 2008-ci ildə ümumi məhsul istehsalının
həcmi 1,7 dəfə artaraq 275 milyon manata, o cümlədən
sənaye məhsulunun həcmi 1,3 dəfə artaraq 192 milyon
manata çatmışdır. Əsas kapitala yönəldilən
investisiyalar 29 dəfə artaraq 41,3 milyon manat,
tikinti-quraşdırma işlərinin həcmi 26 dəfə
artaraq 34,2 milyon manat təşkil etmişdir.
Azərbaycanın digər
bölgələri kimi, Mingəçevirin də sürətlə
inkişaf etdiyini bildirən Prezident İlham Əliyev
vurğulayıb ki, bundan sonra da Mingəçevir şəhərinin
gözəl tarixini, Azərbaycan üçün strateji şəhər
olduğunu nəzərə alaraq, ona xüsusi diqqət
göstəriləcəkdir.
Hazırda bölgələrdə
həm sosial infrastrukturun, həm də sənaye infrastrukturunun
yaradılması prosesi çox sürətlə gedir.
Dövlətimizin başçısının Bərdə,
Yevlax və Mingəçevirə səfəri bir daha təsdiqləyir
ki, cənab İlham Əliyev hər bir bölgənin, hər
bir regionun inkişafına xüsusi diqqət yetirir.
Ş.ƏLİZADƏ,
Respublika.- 2009.- 8 mart.- S. 1.