Qadına məhəbbət

 

Qadın dedikdə gözümüzün önündə müqəddəs bir varlıq canlanır. Qadın sirli bir dünyadır. Bu dünya, rəssamların əsərlərində, şairlərin şeirlərində, bəstəkarların musiqilərində vəsf olunur. Onların dünyasında hər şeyi tapa bilərik. Sevgini, xəyalları, qayğını, nəvazişi. Qadın xoşbəxtliyə gedən yolun yolçusudur. Qadın anadır. Kimliyindən asılı olmayaraq hər bir şəxs analar qarşısında baş əyir. Yer üzündə elə bir müqəddəs varlıq yoxdur ki, anadan əziz olsun. Ulu öndərimiz Heydər Əliyevin qadınlara arxalandığını, onları özünün dayağı hesab etdiyini bildirərək Azərbaycan qadını haqqında dediyi sözləri yada salaq: "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır".

8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu günü bütün dünya təntənəli şəkildə qeyd edir. Bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzində "Qadına məhəbbətlə" adlı tədbir keçirildi. Tədbir Azərbaycanın qadın bəstəkarları—Firəngiz Əlizadə, Sevda İbrahimova və Adilə Yusifovanın əsərlərindən ibarət konsertlə başladı. İfa olunan musiqi nömrələri insanı ayrı bir dünyaya aparırdı. Onlar sanki öz daxili aləmlərinin gözəlliyini musiqiyə hopdurmuşdular. Və bu gözəlliyi hamı duyur, anlayırdı. Konsertdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, müğənnilərdən Brilliant Dadaşova, Nisə Qasımova, Fidan Hacıyeva və b. tanınmış sənətkarlar iştirak edirdilər.

Konsertdən sonra Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərginin açılışı oldu. Burada nümayiş olunan əsərlər qadının gözəlliyini, incəliyini, zərifliyini təcəssüm etdirirdi. Ən çox diqqətimizi çəkən Cəmilə Mustafayevanın əsərləri oldu. Onun "Bacılar", "Beşlik", "Səma rəqsi", "Sarı Gəlin", "Su pərisi" və s. əsərləri qadının daxili aləminin gözəlliyindən xəbər verirdi. Hər bir əsərdə ayrı bir hiss duyulurdu. Sərgidən sonra gənc modelyerlərin "Şərq və Qərb" adlı moda təqdimatı oldu. Bu silsilə tədbirlər martın 13-nə kimi davam edəcəkdir.

 

 

Şəbnəm HÜMBƏTOVA

 

Respublika.- 2009.- 8 mart.- S. 3.