Ailə və cəmiyyətdə qadınların rolu böyükdür

 

Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır.

Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadın təmsil olunur (vitse-spiker), parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var. Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr sarıdan özünü ən rəngarəng şəkildə büruzə verir. Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə assosiasiya olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

Minnətdarlıq hissi ilə qeyd etmək olar ki, ulu öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradırdı, onları daha məsul vəzifələrə irəli çəkirdi.

Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. Ulu öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda, müqəddəs Ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu və deyirdi: "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsiyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır." Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın düyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.

Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, Ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından biz qadınların üzərinə böyük məsuliyyət düşür.

Mən uzun illərdir ki, ədliyyə sistemi orqanlarında çalışıram. Burada çalışanlar, xüsusilə də qadınlar dövlətimizin, eləcə də Ədliyyə Nazirliyinin qayğısı ilə əhatə olunur və onların əməyi yüksək qiymətləndirilir. Belə ki, ötən il noyabrın 21-də dövlət başçısı tərəfindən təltifim məni rəhbərlik etdiyim Bakı Nikah Evinin müdiri kimi işimə daha həvəslə, məsuliyyətlə yanaşmağa sövq edir.

Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. İnanıram ki, Həcər qeyrətli Azərbaycan qadınları bu mövqeyi qoruyub saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcəkdir. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayıram.

 

 

Həqiqət SƏLİMOVA,

Ədliyyə Nazirliyinin Bakı Nikah

Evinin müdiri.

 

Respublika.- 2009.- 8 mart.- S. 4.