İstedadlı xanəndə
Onun səsini ilk dəfə,
1998-ci ilin avqustunda Masallının Bədəlan kəndində
eşitmişəm. Və düzünü deyim ki, şaqraq səsindən
ovsunlandım. Ruzə "Şikəsteyi-fars" oxudu, sonra
"Əraq" elədi, yenidən qayıtdı "Şikəsteyi-fars"a
və oxuduğu təsnifin sonunu "Qatar'la qurtardı. Bu, xanəndədən
böyük ustalıq tələb eləyir, gərək xanəndənin
qaltanlı səsi və gözəl zənguləsi olsun. Bir
az keçəndən sonra "Çahargah" dəstgahını
"Bərdaştla başladı və ustalıqla
"Maye"yə endi, sonra "Bəstənigar"dan zilə
qalxıb "Mənsuriyyə" oxudu. Onun səsinin ahəngi
məclisdəkiləri heyrətdə qoymuşdu. Muğam
oxunub qurtardıqdan sonra "əhsən-əhsən",
"Sağ ol, Ruzə" sözləri ətrafı
bürüdü.
Sonralar Ruzənin həyat
və yaradıcılığı ilə bağlı
hüquqşünas şair Azad Talışoğlunun qələmə
aldığı nəfis tərtibatlı "Sən
oxuyanda" kitabı əlimə keçdi.
Kitab
respublikamızın professional musiqiçiləri, eləcə
də musiqisevərləri tərəfindən rəğbətlə
qarşılandı.
2005-ci ilin yanvarında
"Vahid" Poeziya Evində kitabın təqdimatı
keçiriləndə Azərbaycanın görkəmli sənətkarları,
o cümlədən Əlibaba Məmmədov, Habil Əliyev, mərhum
İslam Rzayev, Canəli Əkbərov, mərhum Səfa Qəhrəmanov,
Nəriman Əzimov, Ağasəlim Abdullayev və başqa
musiqiçilər, müğənnilər Ruzənin
yaradıcılığı haqqında yüksək fikir
söylədilər, məşhurlaşmamasının səbəbini
isə ardıcıl reklam olunmadığında gördülər,
o vaxt geniş auditoriya onun oxu tərzinə, səs
imkanlarına çox da bələd deyildi.
Ruzə İbişova
Ağdaş rayonunun Ləki kəndində anadan olmuşdur. Məktəb
illərində bir çox baxış müsabiqələrdə
qalib gəlmişdir. Bir dəfə müsabiqə zamanı
münsiflər heyətində maestro Niyazi "Qatar" təsnifinin
ifasına görə dönə-dönə Ruzəni təbrik
etmişdi. "Qızım, sən gözəl xanəndə
olacaqsan!" demişdi. Bu sözlərdən sonra daha da
ruhlanan Ruzə Bakıya gələrək sənədlərini
A.Zeynallı adına orta ixtisas musiqi məktəbinə təqdim
edir. Qəbul imtahanlarında ustad sənətkar Əlibaba Məmmədov
onun ifasından razı qalır və Ruzə mərhum Nəriman
Əliyevin sinfinə qəbul edilir. Təhsilini uğurla
başa vurduqdan sonra sənədlərini 1990-cı ildə
Musiqi Akademiyasına verir. Qəbul imtahanlarında maestro
Süleyman Ələskərov Ruzənin ifa tərzinə
xüsusi diqqətlə yanaşmış və rektorluqdan
xahiş etmişdi ki, ixtisas fəni üzrə fərqlənən
bu istedada başqa fənlərdən güzəşt edilsin.
O bu dəfə təhsilini mərhum İslam Rzayevin sinfində
başa vurur. İlk vaxtlar xalq artisti Əlibaba Məmmədovun
rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri
ansamblında çıxış edərək, Azərbaycanın
bir çox rayonlarında verilən konsertlərdə
istedadını göstərir. Gözəl muğam və
xalq mahnıları ifaçısı kimi uğur qazanır.
Ruzə İbişova
bir müddət "İRS" folklor ansamblında oxuyub,
Rusiyanın müxtəlif şəhərlərində,
Pribaltika respublikalarında qastrol səfərlərində
olub.
1996-cı ildə Azərbaycan
Radio və Televiziyasının S.Rüstəmov adına xalq
çalğı alətləri orkestrinin rəhbəri,
tanınmış dirijor, xalq artisti, professor Nəriman Əzimov
Ruzəni dahi Üzeyir bəyin yadigarı olan mötəbər
musiqi kollektivinə dəvət etdi.
Ruzə İbişova
orkestrlə Ü.Hacıbəyovun, S.Rüstəmovun,
Q.Hüseynlinin, T.Quluyevin, H.Xanməmmədovun, C.Cahangirovun,
R.Mirişlinin, N.Əzimovun 80-dən çox əsərini, həmçinin
"Çahargah", "Bayatı-kürd" muğam dəstgahlarını,
zərb muğamlardan "Kəsmə-Şikəstə"ni,
"Heyratı"nı lentə yazdırmışdır.
Bunlar hamısı radio və televiziyanın fonduna daxil edilib.
Ruzə İbişova
barədə tanınmış sənətkarlar tərəfindən
deyilən fikirlərin bəzilərini oxuculara da təqdim
edirik:
Xalq
artisti, mərhum İslam Rzayevin vaxtilə
dedikləri: "Ruzə xanım Musiqi Akademiyasında mənim
ən savadlı tələbələrimdən biri olub və
bütün muğamları, hətta yaddan çıxmışları
belə mənimsəyərək öyrənib. Bəstəkarlarımızın
genişhəcmli əsərlərini məharətlə
oxuyur. O, çalışqan, məsuliyyətlidir, reklama yox,
oxumağa can atır. Sənətini ürəkdən sevir,
buna görə də bir çox müğənnilərdən
seçilir. Bir dəfə eşitdim ki, Ruzə S.Rüstəmov
adına xalq çalğı alətləri orkestrində
"Cahargah", "Bayatı-Kürd" muğam dəstgahlarını
oxuyur, buna bir müəllim kimi çox sevindim. Onu gözəl
gələcək gözləyir. Ruzə buna layiqdir".
Xalq
artisti, professor, maestro
Nəriman Əzimov: "Mələkxanım
Əyyubovanı da, Ruzə İbişovanı da,
"İRS" folklor kollektivindən peşəkar orkestrə
mən gətirmişəm. N.Gəncəvinin sözlərinə
Üzeyir bəyin yazdığı məşhur "Sevgili
canan" romansını ilk dəfə qadın
vokalçı olaraq məhz Ruzə İbişova bizim orkestrdə
oxuyub. Bu, böyük cəsarət, səs tələb edən
romansdır. Bunu bacaran Ruzə xanım çox istedadlı və
zəhmətsevərdir. Nəriman Əliyevin, İslam Rzayevin
ona çəkdikləri zəhmət itməyib".
Xalq artisti Habil Əliyev: "Bilirsiniz, xalq gərək
musiqisi üzərində nəzarətçi olsun. Xanəndə
də məsuliyyət hiss etsin ki, bu, xalqın, millətin sərvətidir,
korlamaq olmaz. Hər yerindən duran gəlib çıxır
ortalığa. Amma Ruzə kimi təvazökarlar kənarda
qalır. Halbuki onun böyük sənəti var. Xahişə,
minnətə ehtiyacı yoxdur. Onun oxuduğu "Sevgili
canan" romansına çox sevindim. Əvəzolunmaz bir əsərin
gözəl ifası fərəh doğurur".
Xalq
artisti Mələkxanım
Əyyubova: "Ruzə
xanımla sənət yolumuz eynidir. O da mənim kimi əvvəlcə
"İRS" folkloransamblında, sonra isə Azərbaycan
Televiziyası və Radiosunun S.Rüstəmov adına xalq
çalğı alətləri orkestrində oxuyub. Bu gün
də Mədəniyyət və İncəsənət
Universitetində birlikdə işləyirik, gözəl xanəndədir,
muğamı düzgün ifa və tədris edir".
Ruzə
İbişovanın ifasını bir dəfə dinləyənlər
onu mütləq yadda saxlayırlar. Yavər Kələntərlini,
Rübabəni, Fatmanı da xatırladır, amma daha çox
öz yolunu oxuyur.
Tez-tez hərbi hissələrdə,
Heydər Əliyev adına Hərbi Akademiyada kursant, zabit və
əsgərlərin qarşısında hərbi-vətənpərvərlik
mövzusunda konsert proqramları ilə
çıxışlar etmiş, akademiyanın fəxri fərmanını
və qiymətli hədiyyələrini almışdır.
Onunla söhbətimiz
muğama bügünkü münasibətdən düşəndə
dedi: "Muğamlarımıza, onların ifaçılarına böyük dövlət
qayğısı var. Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın
qədim muğam sənətinin dirçəlməsinə
göstərdiyi qayğı, muğamın dünyada tanınması
üçün həyata keçirdiyi tədbirlər
hamımızın ürəyincədir. Beynəlxalq Muğam
Mərkəzinin açılması muğamlarımıza, mədəniyyətimizə
qayğının təzahürüdür. Vətəndir, vətənpərvərlikdir
muğam sənəti".
Ruzə İbişova
yaradıcı xanəndədir. Onun "Mədəniyyətə
qayğı sabahımıza qayğıdır",
"Füzuli poeziyası və musiqi dünyamız",
"Seyid Şərq musiqisinin incisidir" məqalələri
sanballı elmi əsərlərdir. İstedadlı bir Azərbaycan
qızı kimi səhnəyə gəlib və bu gün bir ləyaqətli
azərbaycanlı ananın duyğularını məlahətli
səsi ilə dünyaya bəyan edir.
Rafiq Xan SAYADOĞLU,
"Min Bir Mahnı"
nəşriyyatının direktoru.
Respublika.- 2009.- 7 mart.- S. 7.