İlham Əliyev: Biz
öz siyasətimizlə, addımlarımızla və praktiki
işlərimizlə islam aləminin bir birinə daha da
yaxın olmasına çalışırıq
Müsəlman ölkələrinin
həmrəyliyi, birliyi çox böyük strateji əhəmiyyət
daşıyır. Müstəqil Azərbaycan dövlətini
İslam dünyası ilə birgə tariximiz, mədəniyyətimiz
və mənəviyyatımız birləşdirir. Təsadüfi
deyil ki, Azərbaycan İslam Konfransı Təşkilatının
ən önəmli üzvlərindəndir və bu nüfuzlu
beynəlxalq qurumun daha da möhkəmlənməsinə
öz layiqli töhfəsini verir. Bakının 2009-cu il
üçün İslam mədəniyyətinin paytaxtı
elan edilməsi də bunun əyani təsdiqidir.
"Bakı-İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ilinin təntənəli
açılış mərasimindəki nitqində Prezident
İlham Əliyev ölkəmizin İKT çərçivəsində
fəal rol oynadığını önə çəkərək
deyib: "Biz öz siyasətimizlə, addımlarımızla
və praktik işlərimizlə İslam aləminin bir-birinə
daha da yaxın olmasına çalışırıq,
İslam həmrəyliyinin daha da möhkəm olmasına
çalışırıq. Buna böyük ehtiyac var. Biz
bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə,
həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq
etməliyik".
Son illər Azərbaycan
dünyaya daha sürətlə inteqrasiya edir, öz siyasi və
iqtisadi gücünü artırır. Təqdirəlayiq
haldır ki, ümumdünya maliyyə və iqtisadi
böhranı aparıcı dövlətlərə belə
ciddi ziyan vurduğu halda, Azərbaycan bu tənəzzüldən
kənarda qala və əksinə, inkişafını davam
etdirə bilmişdir. Dünyanın ən iri və nüfuzlu
maliyyə qurmlarından olan, Dünya
Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanı ən
islahatçı ölkə elan etməsi də təsadüfi
deyildir.
Son beş ildə həyata
keçirilən köklü iqtisadi və siyasi islahatlar Azərbaycanın
gücünü daha da artırıb. Hazırda ölkəmiz
dünyada baş verən hadisələrə təsir
imkanlarına malikdir.
İndi bütün beynəlxalq
qurumlar, dünya dövlətləri üçün ölkəmiz
həm də birgəyaşayışa və
tolerantlığa nümunə kimi tanınır. Dövlətimizin
başçısının hazırkı qloballaşma
dövründə beynəlxalq siyasi, iqtisadi, sosial
maraqların ortaq məxrəcini tapması və
xalqımızın milli mənafeyinə uyğun fəaliyyət
proqramı nəticəsində Azərbaycan paytaxtı
müxtəlif beynəlxalq tədbirlər keçirilən
mühüm regional mərkəzə çevrilib. Dövlətimizin
Avrasiya və digər iqtisadi məkanlara sürətlə
inteqrasiyası, bunun da nəticəsində istər
aparıcı, istərsə də inkişaf etməkdə
olan ölkələrin nümayəndələrinin Azərbaycana
səfərləri informasiya blokadasının
dağılmasına səbəb olub. Qərb dünyası birmənalı şəkiidə
Azərbaycanın bütün millətlərin, xalqların,
irqlərin birgə yaşayışı və tolerantlıq
üçün hər bir dövlətə örnək
olmasını təsdiq eləyir.
Azərbaycanın
İslam dünyasındakı daim artan nüfuzunun və
İslam mədəniyyətinin inkişafında zəngin mədəni
irsinin qorunmasındakı rolunun nəticəsidir ki, 2007-ci il
noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə
keçirilmiş V İslam konfransında qəbul edilmiş qətnaməyə
əsasən Bakı şəhəri 2009-cu il
üçün "İslam mədəniyyətinin
paytaxtı" elan olunmuşdur. Sonuncu din olan İslamın
real mahiyyətini bəşəriyyətə əməli və
praktiki nümunələrlə təqdim etmək
qloballaşan dünyada ümumbəşəri əhəmiyyət
daşıyır. Müsəlmanların müqəddəs kitabı
Qurani-Kərim insanlara elm və təhsili inkişaf etdirməyi,
iqtisadi əlaqələr yaratmağı, bir-birini sevməyi,
birgəyaşayışı buyurur, hər cür
zorakılığı, təcavüzü rədd edir.
İslam vicdan azadlığını və
tolerantlığı təqdir edir.
"Bakı-İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ilinin
açılış mərasimindəki nitqində Prezident
İlham Əliyev bu vacib məsələyə xüsusi
toxunub: "İslam qardaşlıq dinidir, tolerantlıq,
dözümlülük dinidir. Dünyada bizim müqəddəs
dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün
İslam dünyasının özünü təqdim etməsi
üçün atılan addımlar mədəniyyət sahəsində
də özünü büruzə verməlidir.
Çünki İslam dünyasının çox zəngin
tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətlərimiz
dünya birliyinə olduğu kimi təqdim edilməlidir".
Tarix ən böyük
təcrübə bazasıdır. İslam ölkələrinin
tarixində müsəlman dövlət
başçılarının və sərkərdələrinin
insanpərvərliyi, ədaləti barədə kifayət qədər
sənədlər vardır. Təsadüfi deyil ki, elə
İslam şəhəri paytaxt elan olunur ki, o, həm öz
ölkəsi səviyyəsində mühüm tarixi
keçmişə malik, həm də İslam və bəşər
mədəniyyətinə elm, incəsənət, ədəbiyyat
sahəsində dəyərli töhfələr vermiş
olsun. Bundan başqa, həmin şəhərdə müasir tələblərə
cavab verən elmi-tədqiqat, arxeoloji təhsil mərkəzləri,
fərdi və kollektiv mədəni tədbirlər təşkil
edə biləcək müvafiq qurumlar fəaliyyət göstərməlidir.
Digər daha mühüm tələb isə həmin məkandakı
mövcüd cəmiyyətin qan damarında min illər boyu
axan insan sevgisi, bundan irəli gələn birgəyaşayışı,
dini tolerantlığı həyat norması kimi qəbul etməsi
vacibdir. Bütün yuxarıda qeyd edilənlər Bakıda
mövcuddur, ona görə də şəhər İslam
paytaxtı elan olunmuşdur. Bundan başqa, Azərbaycan
İslam Konfransı Təşkilatının ən fəal
üzvlərindən biridir. Müstəqillik
yaşının cəmi 17 olmasına baxmayaraq dövlətimiz
rəhbərinin başçılığı və səmərəli
aktiv fəaliyyəti ilə İslam ölkələrinin həmrəyliyinə
və birliyinə öz zəruri töhfəsini verməkdədir.
Ölkə Prezidenti İlham Əliyev bu tədbirdə
çıxışı zamanı demişdir: "...Son illər
Azərbaycanda çoxsaylı tədbirlər
keçirilmişdir, xarici işlər nazirlərinin
toplantısı, mədəniyyət və turizm nazirlərinin
toplantısı. Növbəti illərdə daha da çox tədbirlər
keçiriləcəkdir".
Göründüyü
kimi, bu mühüm tədbir tarixi xatırlatmaq
üçün keçirilmir. Əsas məqsəd cəmiyyətlərin
tarixi mədəni təcrübə bünövrəsi üzərində
islam sivilizasiyasının dəyərlərinə əsaslanan
bəşəri toplumların bugününü və gələcəyini
yaratmaq və yaşatmaqdır. Qurani-Kərim buyurur ki, biz
insanlardan millətlər və xalqlar yaratdıq ki, bir-birinizi
yaxşı tanıyasınız. Beləliklə, Yaradan həm
insanların bir kökə bağlı olmalarını bildirməklə
yanaşı, həm də onların birgəyaşayışına,
milli-mədəni dəyərlərinin mövcudluğuna və
inkişafına da işarə edir, bu isə öz növbəsində
dünyada sülh və sabitliyə nail olmağa
çağırır.
Dünyada siyasi sabitliyə,
əmin-amanlığa nail olmaqda, millətlərin,
xalqların, dövlətlərin qarşılıqlı səmərəli
iqtisadi, siyasi, sosial əlaqəlar şəraitində
yaşamasında İslam sivilizasiyasının son dərəcə
böyük əhəmiyyəti vardır. Ərəb, Asiya və
Afrika regionlarındakı sivilizasiyaları İslam mədəniyyəti
paytaxtları vasitəsilə bir araya gətirməyin məqsədi
keçmişi, bugünü və gələcəyi birləşdirməklə
irqi və irsi mənsubiyyətinə, mədəniyyət
köklərinə və digər xüsusiyyətlərinə
görə fərqlənən insanların anlaşmasına,
birgəyaşayışına, əlaqələrinin
qarşılıqlı zənginləşməsinə,
müharibələrin, yanlış konsepsiyaların
qarşısının alınmasına nail olmaqdır.
İslam sivilizasiyasının qapıları hər kəsə,
hər bir xalqa, millətə açıqdır. Bu
paytaxtların elan olunması bütün dünyada baş verən
dağıdıcı xaosun,
çaşqınlığın, gələcəyə
ümidsizliyin qarşısını almağa xidmət edir.
Dövlət başçısı İlham Əliyev
çıxışında bu tədbirin mühüm beynəlxalq
əhəmiyyətini dəqiqliyilə açıqlayıb:
"Bütün bu təşəbbüslər bir məqsəd
güdür: dünyada sülh bərqərar olsun, təhlükəsizlik
təmin olunsun, dünyada müharibələr olmasın və
sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm
olsun və yaxşı nəticələr versin".
İslam Konfransı Təşkilatı
baş katibinin müavini Atta Əlmənnan da bu tədbirin
sivilizasiyaların yaratdığı tarixi və mədəni
təməl üzərində əmin-amanlıq, sülh, birgəyaşayış
körpüsü olacağı arzusundan bəhs etmişdir. O,
Azərbaycanın işğal olunmuş əraziləri barədə
fikir söyləmiş və qeyd etmişdir ki, "...
bütün müsəlman ümməti" ölkənin ədalətli
mövqeyini dəstəkləyir və "qanunsuz olaraq zəbt
edilmiş torpaqlarının tam azad edilməsinə qədər"
arxasında dayanır.
Bakının regional
islam paytaxtı elan olunması bir daha Azərbaycanın
qüdrətinin artmasını, beynəlxalq mərkəzə
çevrilməsini, millətimizin imzasının imzalar
içində seçilməsini sübut edir.
Ataş CƏBRAYILOV.
Respublika.- 2009.- 1 mart.- S. 1.