Görkəmli ərəbşünas
Ərəbşünaslıq,
xüsusilə ərəb filologiyası Azərbaycanda orta əsrlərdən
bəri qüvvətli elm sahələrindən biri hesab olunur.
Azərbaycan alimləri ta qədimdən ərəb
filologiyasının, o cümlədən ərəb
dilçiliyinin inkişafında müstəsna rol
oynamışlar. Təkcə onu qeyd etmək kifayətdir ki, Xətib
Təbrizi (1030-1109), XII əsrdə yaşamış
Hübeyş Tiflisi, X-XIII əsrlərdə yaşamış
İzəddin Zəncanı, İbrahim Şəkəvi Ərəşi,
Sədullah Bərdəi, Cəmaləddin Ərdəbili, Əbu
Bəkr Marağayı kimi görkəmli Azərbaycan alimləri
ərəb dilçiliyinə elmi-metodoloji baxımdan bir
çox yeniliklər gətirmiş, beləliklə də ərəb
dilçiliyinin Azərbaycan məktəbini yaratmışlar.
XX əsrdə Azərbaycanda
ərəb dilçiliyinin elmi inkişafı görkəmli
alimimiz, hamımızın müəllimi, mərhum professor Ələsgər
Məmmədovun adı ilə bağlıdır. İkinci
Dünya müharibəsindən sonra Moskvada Xarici Dillər Hərbi
İnstitutunu bitirmiş Ələsgər Məmmədov Azərbaycana
qayıtdıqdan sonra nisbətən qısa bir müddət ərzində
Azərbaycan Respublikasında güclü ərəbşünaslıq
məktəbinin yaradılmasına nail olmuşdur.
Çağdaş Azərbaycan
ərəbşünaslığının görkəmli
nümayəndələrindən biri də filologiya elmləri
doktoru, professor Mənuçehr Abbas oğlu Pənahidir. 1929-cu
ildə Cənubi Azərbaycanın Maku şəhərində
məşhur yazıçımız Abbas Makulu Pənahinin
ailəsində dünyaya göz açmış Mənuçehr
bizdən fərqli olaraq ərəb dilini Bakıda deyil,
doğma vətəni İranda öyrənmişdir.
1946-cı ildə hərbi təhsil almaq məqsədilə
Şimali Azərbaycana gələn Mənuçehr Pənahi
sonralar Bakıda Xarici Dillər İnstitutunun ingilis dili
şöbəsini bitirmiş, lakin aspiranturaya ingilis dili
üzrə deyil, ərəb dili üzrə daxil olaraq o
zamankı SSRİ məkanında ən güclü
samişünaslıq mərkəzlərindən biri hesab edilən
Gürcüstan Respublikasının paytaxtı Tbilisiyə ezam
olunmuşdur. O zamanlar Gürcüstan Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun direktoru, akademik
G.V.Sereteli idi. Tbilisidə dünya şöhrətli ərəbşünas,
akademik G.V.Seretelinin yanında mükəmməl aspirantura kursu
keçən Mənuçehr 1961-ci ildə bu böyük
alimin rəhbərliyi altında yazdığı "Ərəb
səslərinin müasir Azərbaycan ədəbi dilində
ifadəsi" adlı namizədlik dissertasiyasını
müdafiə etmişdir.
M.Pənahinin bu mövzu
ilə əlaqədar çap etdirdiyi məqalələr təkcə
Azərbaycanda deyil, o zamankı SSRİ məkanında ərəbşünaslar
və türkoloqlar arasında böyük maraq doğurmuşdur.
Müdafiədən sonra əmək fəaliyyətini AMEA
Şərqşünaslıq İnstitutunda davam etdirən Mənuçehr
Pənahi ərəb dilinin nəzəri məsələlərinə
dair silsilə məqalələr çap etdirmişdir.
Azərbaycan, rus, ərəb,
fars, ingilis dillərini mükəmməl bilən, buna görə
də geniş dilçilik diapazonuna və arsenalına malik
olan Mənuçehr Pənahi bir an belə elmi işdən
aralanmamış, ərəb dilinin nəzəri məsələləri
üzrə öz elmi axtarışlarını mütəmadi
olaraq davam etdirmişdir. Məhz belə bir gərgin əmək
sahəsində o, 1973-cü ildə Tbilisidə akademik
G.V.Seretelinin rəhbərliyi altında yazdığı "Ərəb
dilində mürəkkəb sözlər və izafət tipli
sabit söz birləşmələri" adlı doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
etmiş və bununla da Azərbaycanda ərəb dili üzrə
ilk elmlər doktoru olmuşdur. Mənuçehr müəllimin
bu tədqiqat işi Gürcüstan, Rusiya və Azərbaycan
alimləri tərəfindən yüksək qiymətləndirilmiş,
ərəb dilçilərinin ciddi marağına səbəb
olmuşdur.
Yeri gəlmişkən
qeyd etmək istəyirəm ki, mən də Mənuçehr
müəllimlə yanaşı, aspirantura və doktorantura
kurslarını bu dünya şöhrətli alimin yanında
bitirmişəm. Bizim hər ikimiz görkəmli alim, gözəl
insan, akademik G.V.Seretelini həmişə minnətdarlıqla
xatırlayır, onunla, həmçinin digər məşhur
gürcü şərqşünasları S.S.Cikiya,
T.V.Qamkrelidze, G.K.Sereteli, A.S.Lekiaşvili, V.Q.Axvlediani,
A.A.Qvaxariya, N.N.Canaşiya və başqaları ilə
keçirdiyimiz günləri ömrümüzün ən
xoşbəxt və mənalı anlarından hesab edirik.
Professor M.Pənahi
samişünaslıqda ilk dəfə olaraq ingilis və
fransız dillərindən ərəb dilinə keçən
mürəkkəb və sabit söz birləşmələrinin
ərəb dilində hansı qanunauyğunluqlar əsasında
mürəkkəb söz kimi formalaşmasını tədqiq
etmişdir. Ərəb aləmində geniş əkssəda
doğuran bu tədqiqatın əsas müddəaları
1971-ci ildə Mərakeşin paytaxtı Rabatda nəşr
olunan məşhur "əl-lisan əl-ərəbi"
jurnalında nəşr olunmuşdur.
Mənuçehr Pənahi
ilk dəfə Azərbaycan alimi Ağa Mirzə Əli oğlu
Mustafa Bakuvinin "Təcridül lüğə" əsəri
haqqında məlumat vermişdir. Qeyd etmək lazımdır
ki, Bakuvinin bu mənzum əsəri Azərbaycan dilinin qrammatikasına
həsr olunmuş və farslar üçün nəzərdə
tutulmuşdur.
Onun "Azərbaycan
dili və paniranizm" adlı irihəcmli məqaləsi
Berlində çap olunmuş və mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Onu da qeyd etmək
lazımdır ki, professor M.Pənahinin elmi yaradıcılığı
təkcə ərəb dili ilə məhdudlaşmır. O I nəşri
40 min, II nəşri 45 min sözdən ibarət “Azərbaycanca-ingiliscə
lüğət”in tərtibçilərindən və
"Rusca-Azərbaycanca idman terminləri lüğəti"nin
iki tərtibçisindən biridir.
O, eyni zamanda Azərbaycan
Dövlət Dəniz Akademiyasının I-II kurs tələbələri
üçün yazılmış "İngilis dili" dərsliyinin
həmmüəlliflərindəndir.
M.Pənahinin qələmindən
100-dən artıq əsər, dərslik, dərs vəsaiti, məqalə,
lüğət çıxmışdır. O, 28-dən
artıq beynəlxalq elmi konfransda maraqlı məruzələrlə
çıxış etmişdir.
Mənuçehr müəllim
öz zəngin biliyini və təcrübəsini heç
zaman heç kəsdən, xüsusilə gənclərdən
əsirgəmir. Onun rəhbərliyi altında neçə-neçə
namizədlik dissertasiyası müdafiə olunmuşdur. M.Pənahi
bir çox namizədlik və doktorluq dissertasiyasının
müdafiəsində opponent kimi çıxış
etmiş və etməkdədir. Professor M.Pənahi
respublikamızda və onun hüdudları xaricində
yaxşı tanınan görkəmli alimlərimizdən
biridir. Müasir Azərbaycan ərəbşünaslığını
Mənuçehr Pənahisiz təsəvvür etmək
mümkün deyildir.
Filologiya elmləri
doktoru, professor Mənuçehr Pənahi bu gün
ömrünün ən müdrik çağını
yaşayır. Mən fürsətdən istifadə edərək
bu nəcib və xeyirxah insanı, görkəmli alimi, mehriban
dostu anadan olmasının 80 illiyi münasibətilə ürəkdən
təbrik edir, ona uzun ömür, cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
Vasim MƏMMƏDƏLİYEV,
akademik.
Respublika.- 2009.- 1 mart.- S. 7.