Azərbaycanda sahibkarlığın inkişafına çox
böyük dəstək var
Prezident İlham Əliyev sahibkarlığın
inkişafı üçün gələcəkdə də
lazımi tədbirlər görüləcəyini
vurğulayıb
Azərbaycan
beynəlxalq aləmdə dinamik iqtisadi inkişafa malik ölkə
kimi tanınır. Ölkəmiz maliyyə qurumlarının
hesabatlarında investisiya cəlbediciliyi baxımından da
öndədir. Azərbaycanla iqtisadi ticarət əməkdaşlığında
maraqlı olan dövlətlərin sayının artması da
fikrimizi bir daha təsdiqləyir. Bu gün Azərbaycanın
140-dan artıq dövlətlə ticarət əlaqəsi
mövcuddur.
Ölkə
iqtisadiyyatında mühüm rolu olan sahibkarlığın
inkişafı üçün əlverişli biznes mühiti
yaradılıb. Bazar iqtisadiyyatının əsas
aparıcı qüvvəsi olan sahibkarlığın
inkişafı daim dövlətin diqqətindədir. Son illər
bu sahədə çox böyük irəliləyiş əldə
edildiyini, sahibkarlıqla məşğul olmaq
üçün prosedur qaydalarının tamamilə sadələşdirildiyini
vurğulayan dövlətimizin başçısı İlham
Əliyev bildirib ki, "Bir pəncərə" prinsipinin tətbiqi
bu sahədə demək olar ki, böyük
dönüşdur: "... və deyə
bilərəm ki dövlət tərəfindən və
Prezident tərəfindən sahibkarlığın
inkişafına çox böyük dəstək var".
Məlumat
üçün bildirək ki, ötən beş ildə
dövlət büdcəsindən sahibkarlığın
inkişafına ayrılan vəsaitin həcmi ilbəil
artıb. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə
7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu
layihələrin 87 faizi, kreditlərin isə 70 faizi
regionların payına düşür. Təkcə 2008-ci ildə
7350 sahibkar subyektinin təqdim etdiyi layihələr maliyyələşdirilib.
ÜDM-də özəl sektorun payının ötən il
84,5 faiz təşkil etməsi dövlətin bu sahənin
inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Ötən il ərzində ÜDM-in real artımı 10,8
faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft
sektoru üzrə isə 15,7 faiz olub.
Bu gün Azərbaycanın
özəl sektoru öz məhsulları ilə nəinki daxili
bazarı təmin edir, eyni zamanda bu məhsulların ixrac
potensialı da ilbəil artır. Azərbaycan məhsulları
dünya standartları səviyyəsindədir və beynəlxalq
sertifikatlara malikdir. Emal müəssisələrinin fəaliyyəti
də genişdir. Bu gün ölkəmizdə bölgənin ən
böyük emal müəssisələri var və yeniləri
də yaradılır. Məsələn, Biləsuvar süd
emalı zavodu öz çoxçeşidli məhsulları ilə
nəinki ölkəmizi, həm də bütün bölgəni
təmin edəcəkdir. Yaxud İmişli şəkər
zavodu Azərbaycanın tələbatını tam ödəməklə,
xarici ölkələrə də məhsul ixrac edir.
Sahibkarlığın
inkişafı üçün gələcəkdə də
lazımi tədbirlərin görüləcəyini
vurğulayan cənab İlham Əliyev bildirib ki, bu il
Sahibkarlığa Kömək Milli Fondu tərəfındən
veriləcək kreditlərin həcmi artırılacaqdır:
"Son dövrdə hər il 100 milyon dollar səviyyəsində
vəsait ayrılırdı. Bu il daha da çox həcmdə
ayrılacaqdır. Çünki əvvəlki illərdə
verilən kreditlər qayıtmağa başlayıbdır. Bu
da çox vacibdir. Yəni sahibkarlar əksər hallarda kreditlərdən
səmərəli istifadə ediblər və o kreditlər
qayıdır, qayıtdıqca yenidən iqtisadiyyatın
inkişafı üçün kreditlər şəklində
güzəştli şərtlərlə sahibkarlara veriləcəkdir".
Beynəlxalq Valyuta
Fondunun və Dünya Bankının hesabatlarında ölkəmizdə
həyata keçirilən sistemli iqtisadi islahatlar və 2009-cu
il üçün Azərbaycanın inkişaf perspektivləri,
hazırlanmış büdcə sənədləri, dünya
maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin
qarşısının alınması ilə bağlı
görülən tədbirlər müsbət qiymətləndirilib.
Azərbaycan iqtisadiyyatına
qoyulan sərmayələrin həcmi də ekspertlərin gəldiyi
qənaətlərin doğruluğunu təsdiqləyir. Belə
ki, son beş ildə iqtisadiyyata qoyulan investisiyaların həcmi
38 milyard manat təşkil etmişdir. Bunun 16 milyard manatı
daxili, 22 milyard manatı isə xarici investisiyalar olmuşdur.
Çox müsbət haldır ki, 2003-cü ildə daxili sərmayələrin
payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici
75 faiz təşkil etmişdir.
Qeyri-neft sektoruna qoyulan sərmayələr
son beş ildə 6,2 dəfə artıb. Bu müddətdə
onun xüsusi çəkisi 2003-cü ildə 26,8 faizdən,
2008-ci ildə 69 faizdən artıq olub. Bu da onu göstərir
ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft
sektorunun inkişafı istiqamətində çox
mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan dövlətinin
son beş ildə bölgələrə çox böyük
sərmayə qoyduğuna böyük önəm verən cənab
İlham Əliyev bildirib ki, bununla bərabər, özəl
sektorun inkişafı üçün böyük həcmdə
kreditlər, güzəştli şərtlərlə kreditlər
ayrılmışdır, sahibkarlığın
inkişafına böyük dəstək verilmişdir; həm
mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək:
"Yəni bütün bu amillər birləşəndə,
əlbəttə ki, uğura nail olmaq mümkündür və
Azərbaycanın son beş il ərzində keçdiyi yol
bunun əyani sübutudur".
Hazırda dünyada dərinləşən
maliyyə böhranının təsiri nəticəsində hətta
bir çox aparıcı ölkələrin iqtisadiyyatında
yaranan durğunluğa baxmayaraq, Azərbaycan iqtisadiyyatı
inkişaf etməkdədir. Belə ki, dünya iqtisadiyyatı
2003-cü illə müqayisədə ümumilikdə 25,4
faiz, o cümlədən ABŞ-da 13,3 faiz , Avropa
İttifaqında 13,7 faiz, MDB ölkələrində 45,4 faiz
artdığı halda, Azərbaycan iqtisadiyyatı 2,6 dəfə
artıb.
Azərbaycanın əldə
etdiyi iqtisadi göstəricilər beynəlxalq ekspertlər tərəfindən
dəyərləndirilir, ölkəmizin təcrübəsi
yüksək nailiyyət kimi nümunə göstərilir. Son
illər ərzində ölkəmizdə aparılan uğurlu
iqtisadi islahatların böyük əhəmiyyət kəsb
etdiyini vurğulayan cənab İlham Əliyev bildirib ki, əgər
dünyanın ən birinci, ən qabaqcıl maliyyə qurumu
olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına
görə ilin bir nömrəli islahatçı ölkəsi
kimi tanıyırsa və bunu bəyan edirsə, bu
özü-özlüyündə göstərir ki,
uğurlarımızın təməlində bizim siyasətimiz,
düzgün xəttimiz və Azərbaycanda gedən müsbət
proseslər dayanır.
Ş.ƏLİZADƏ,
Respublika.- 2009.- 15 mart.- S. 4.