MTN-in 90 illik yubileyi

 

Dünən Yasamal Rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 illik yubileyi-Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi. Tədbirdən öncə iştirakçılar rayon icra hakimiyyətində ulu öndərimiz Heydər Əliyevin büstünün önünə əklil qoydular. Sonra rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açdı və bildirdi ki, bu il Azərbaycanın dövlət müstəqilliyini təmin edən, xalqımızın təhlükəsizliyinin qorunmasında, ölkədə ədalətin və qanunçuluğun təmin edilməsində xüsusi yeri olan Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 ili tamam olur. Azərbaycan xalqı zaman-zaman özünün müstəqilliyinə, istiqlalına, təhlükəsizliyinə doğru irəliləyərək çətin yol keçmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli maraqların qorunmasında, Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin ədəbiliyinin və dönməzliyinin qorunmasında, Milli Təhlükəsizlik Orqanlarının fəaliyyətini daima yüksək qiymətləndirir. Əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, əmək haqları və hərbi rütbəyə görə maaş artımı və digər vacib məsələlərin həlli dövlət başçısının göstərdiyi xüsusi qayğısının nəticəsidir. Məruzəsinin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdə və əldə etdikləri uğurlarda böyük xidmətləri olan MTN-in naziri Eldar Mahmudovu və digər əməkdaşlarını rayon ictimayyəti adından və şəxsən öz adından bu şanlı yubiley münasibətilə təbrik etdi və uğurlar arzuladı. Sonra tədbirdə MTN-nin Yasamal Rayon İdarəsinin rəisi polkovnik Mütəllim Usubov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının 1991-ci ildə siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik Nazirliyi ilə əvəz olundu.

1993-ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev milli təhlükəsizlik orqanlarının xalqın və dövlətin maraqlarına xidmət edən çevik, mütəşəkkil orqana çevrilməsi naminə böyük səylə çalışdı, bu məqsədlə bir sıra vacib fərman və sərəncamlar imzaladı. MTN-nin Akademiyasının yaradılması barədə ulu öndərin imzaladığı sərəncam isə təhlükəsizlik orqanları üçün kadrların, xüsusi təhsilli mütəxəssislərin hazırlanması üçün böyük töhfə olmuşdur.

Yubiley mərasimində çıxış edən Milli Təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev çıxış edərək ictimayyətin MTN-ə bu cür diqqət və qayğısına görə öz dərin təşəkkürünü bildirdi.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Yasamal rayon prokuroru Həsrət Pirməmmədov, rayon məhkəməsinin sədri Ələddin Cəfərov və digər natiqlər çıxış edərək MTN işçilərini təbrik etdilər, öz ürək sözlərini söylədilər. Tədbirin sonunda Milli Təhlükəsizlik Orqanlarının son 5 ildə erməni və digər terrorizminə qarşı apardığı uğurlu əməliyyatlardan bəhs edən sənədli film nümayiş olundu.

 

 

Gülşən HÜSEYNOVA,

 

Respulika.- 2009.- 15 mart.- S. 5.