İqtisadiyyatda özəl bölmənin payı daha da artır

 

Bildiyimiz kimi, ötən ildən başlayaraq bütün dünyanı qlobal iqtisadi böhran bürümüş və bu tendensiya artan sürətlə davam etməkdədir. Hətta inkişaf etmiş ölkələrdə iri sənaye müəssisələri, şirkətlər böhrandan ziyan çəkməklə istehsalı kəskin şəkildə azaltmış, bunun nəticəsində də işçilərin kütləvi ixtisarlarına və işdən çıxarılmalarına başlanmışdır. Böhranın qarşısını almaq və onun təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür, istehsalı bərpa etmək üçün dövlət tərəfindən maliyyə yardımları göstərilir. Dünyada gedən maliyyə böhranının aradan qaldırılması üçün dövlət başçıları, alimlər, iqtisadçılar bir araya gəlir, müxtəlif yollar arayırlar.

Əlbəttə, bu proses, dünyada yaşanan maliyyə böhranı Azərbaycanı da narahat etməyə bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son nitqlərinin birində bu məsələyə münasibət bildirərək demişdir: "Bildiyiniz kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir".

Statistik rəqəmlərə nəzər salaq. Son 5 ildə ölkə üzrə 27 min 500 yeni iş yeri, müəssisə açılmışdır. 766 min yeni iş yeri yaradılıbdır ki, bunun da 548 mini daimidir. Təkcə 2008-ci ildə 120 min yeni iş yeri açılmışdır. Buradan belə bir qənaətə gəlmək olar ki, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda yeni infrastruktur layihələri həyata keçirilmiş, hətta 120 min adam işlə təmin olunmuşdur. Məhz dövlət başçısının yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması ilə bağlı həyata keçirdiyi proqram iqtisadi böhrana qarşı qabaqlayıcı tədbirlərdən biri kimi dəyərləndirilməlidir.

Hazırda dünyanın hər bir nöqtəsində böhran öz təsirini göstərdiyi bır vaxtda ayrı-ayrılıqda yox, bütün ölkələr birləşib bu məsələdə yekdil qərar qəbul etməlidirlər. Son vaxtlar bu istiqamətdə bir sıra beynəlxalq sammitlər və mötəbər tədbirlər keçirilmişdir. Məsələn, ötən il oktyabrın 24-25 tarixində Bakıda "MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası" mövzusunda I Beynəlxalq Bank Konfransı, martın 11-də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşü keçirilmişdir. Bu tədbirlərdə dünya maliyyə böhranının təsirini azaltmaq məqsədilə bank və ticarət əlaqələrinin gücləndirilməsi məsələləri təklif olunmuşdur.

Artıq bir çox dünya dövlətləri iqtisadiyyatın stabilləşdirilməsi üçün pul vəsaitləri ayırmağa başlamışlar. ABŞ həmin məqsədlə 780 milyard dollar vəsait ayırmışdır. Almaniya, Fransa, İtaliya və sair dövlətlər də belə addımlar atıblar. Həmin vəsaitlər müəssisələrin (şirkət, konsern, bank və sair) iş fəaliyyətinin bərpasına sərf olunur ki, bu da öz növbəsində iş yerlərinin qalması deməkdir.

Qlobal böhranın yaranmasının səbəbləri və nəticələri göz qabağındadır. Bunlardan biri alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində məhsulların anbarlarda yığılıb qalması, son anda müəssisələrin fəaliyyətini məcburi dayandırması və işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi və ixtisara salınmasıdır.

Hazırda Azərbaycanda ümumi daxili məhsulda özəl sektorun payı 85 faizdir. Bu yüksək göstəricidir. Ona görə də özəl bölmənin inkişafına ölkə rəhbərinin dediyi kimi dövlət səviyyəsində dəstək verilməli və güzəştli kreditlər sistemi davam etdirilməlidir. Bundan başqa MM-in iqtisadi siyasət daimi komissiyasından verilən məlumata görə, hökumət tərəfindən antiböhran tədbirləri proqramı hazırlanır. Ümumiyyətlə hər bir dövlətin böhranla bağlı özünəməxsus mexanizmi olmalıdır. Bütün bunlar isə respublikamızda iqtisadi böhranın qarşısının alınmasında mühüm rol oynayacaqdır.

 

 

Əkrəm ƏLİYEV,

iqtisadçı-hüquqşünas.

 

Respublika.- 2009.- 14 mart.- S. 2.