”AtaBank” 15 illiyini qeyd etdi
20 noyabrda "Excelsior
Hotel Baku" otelinin "Afurja" zalında "AtaBank"
ASC-nin 15 illik yubileyinə həsr olunmuş konfrans
keçirildi. Tədbirin əvvəlində
"AtaBank"ın ötən illər ərzində fəaliyyətini
geniş əks etdirən sənədli xronika nümayiş
etdirildi. "AtaBank" ASC idarə
heyəti sədrinin müavini Müseyib Əliyev ümummilli liderimiz
Heydər Əliyevin başqa sahələrlə yanaşı,
bankların inkişafına göstərdiyi diqqət və
qayğıdan danışdı. Bildirdi ki, 1993-cü ilin
noyabrından fəaliyyətə başlayan "AtaBank" bu
gün Azərbaycanın ən böyük kommersiya
banklarından birinə çevrilmişdir.
Korporativ və fərdi
müştərilərə tam xidmətlər kompleksini təqdim
edən "AtaBank" yüksək texnologiyalı universal
bank sayılır. "AtaBank"ın filial şəbəkəsi
də genişləndirilmişdir. Cari ildə bankın "Səbail",
"Nizami", "Xəzər" filialları fəaliyyətə
başlamış və bununla da bankın xidmət şəbəkəsinin
sayı 20-yə çatmışdır. Bu xidmət bölmələrinin
10-u regionlarda yerləşir.
Son bir il ərzində
"AtaBank"ın bankomat şəbəkəsi daha da
genişləndirilərək sayı 24-dən 46-ya
çatdırılmışdır. Fəaliyyət göstərən
bankomatların 13-ü regionlarda yerləşir. Bank tərəfindən
bu günədək ümumilikdə 273 ədəd POS terminal
quraşdırılmışdır.
"AtaBank"ın
xarici əlaqələri daha da inkişaf etdirilmişdir.
İsveçrənin "Credit Suisse", Rusiyanın
"VneşTorqBank" və "RusslavBank", BƏƏ-nin
"Mashreq" banklarında müxbir hesabı
açılmışdır. Hazırda bankın Avstriya,
İsveçrə, Türkiyə, Rusiya, Ukrayna və s.
ölkələrdə də müxbir hesabı mövcuddur.
"AtaBank" keyfiyyətli
idarəetmə sisteminin müasir standartlara uyğunluğunun
təmin edilməsi məqsədilə, sertifikatlaşdırma
işlərini müvəffəqiyyətlə başa
çatdıraraq "Burcan Veritas" şirkəti tərəfindən
03 aprel 2007-ci il tarixli, 210667 nömrəli bütün növ
bank xidmətlərini əhatə edən "İSO 9001 :
2000" sertifikatı ilə təltif edilmişdir və cari
ilin aprel ayında təkrar audit keçirilərək
sertifikat qüvvədə saxlanılmışdır.
2008-ci ilin sonuna kimi
"AtaBank" yeni "Məlumat Mərkəzi"ni
müştərilərə təqdim etmək ərəfəsindədir.
Buradan müştəri nəinki bank və məhsullar
haqqında məlumat ala biləcək, hətta öz
hesabı haqqında da informasiya almaq imkanına malik
olacaqdır.
Regionlarda kiçik və
orta sahibkarlığın maliyyələşdirilməsi
"AtaBank"ın mühüm strateji məqsədlərindən
biridir. Müəyyən etibar qazanmış "AtaBank"
hazırda "Sahibkarlığa Kömək Milli Fondu"
Dövlət Proqramı üzrə əsas operatorlardan biri
hesab olunur. SKMF-nin xətti ilə verilmiş kreditlərin
ümumi həcmi 12.0 milyon manata yaxındır. Bank tərəfindən
verilmiş ipoteka kreditlərinin sayı 88 ədəd təşkil
edir və ümumilikdə 3.6 milyon manatı keçmişdir.
2008-ci il oktyabr
ayının yekunlarına görə "AtaBank"ın
depozit portfeli 2,4 faiz və ya 1,8 milyon manat artaraq 76,5 milyon manat
olmuşdur. Qeyd edək ki, 2008-ci ilin əvvəlinə bu
göstərici 74,6 milyon manat təşkil edirdi. Son 1 il ərzində
fiziki şəxslərin müddətli depozitləri 46,5 faiz və
ya 16,3 milyon manat artaraq 51,4 milyon manat təşkil etmişdir.
"AtaBank"ın
xalis mənfəəti də on ay ərzində kifayət qədər
artmışdır. 2008-ci il ərzində bankın ümumi gəlirləri
ilin əvvəlinə nisbətən 7,6 milyon manat və ya 62
faiz artaraq 19,9 milyon manatı keçmişdir. Qeyd edək ki,
01.11.2008-ci il tarixinə bankın aktivlərinin gəlirlilik dərəcəsi
(ROA) 4,91 faiz, kapitalın gəlirlilik səviyyəsi isə
44,05 faiz təşkil edir. Keçən ilin müvafiq
dövrünə bu göstəricilər 3,58 faiz və 27,5
faiz təşkil edirdi.
2008-ci il ərzində
bankın nizamnamə kapitalı 3,5 milyon manat artırılaraq
15,0 milyon manata çatdırılmışdır. Noyabr
ayının əvvəlinə bankın məcmu kapitalı
20,1 milyon manatı keçmişdir.
2009-cu ildə
"AtaBank"ın maliyyə göstəricilərinin
artımı və institusional inkişafının daha da
uğurla davam etdirilməsi planlaşdırılır. Belə
ki, bank 2009-cu ildə xidmət şəbəkəsini
genişləndirməyi, əməkdaşların professional səviyyəsini
daha da təkmilləşdirməyi, yeni xidmətlər və
məhsullar tətbiq etməyi, beynəlxalq kredit və depozit
reytinqini almağı və s. məqsədləri
qarşısına qoymuşdur.
Tədbir belə bir
inamla yekunlaşdı ki, bank Azərbaycanın parlaq gələcəyi
və iqtisadi inkişafı naminə bundan sonra da inamla fəaliyyət
göstərəcək.
Vəliyev M.
Respublika.- 2008.- 21
noyabr.- S.6.