Görkəmli geoloq alim
Geologiya sahəsində
Azərbaycanın görkəmli alimlərindən biri, Beynəlxalq
Geoekoloji Akademiyanın akademiki, Avropa-Asiya Geofiziki Cəmiyyətinin
həqiqi üzvü Mir Həmid Məmmədov 1933-cü ildə
qədim Gəncə şəhərində anadan olmuşdur.
Təbiət elmlərinə,
xüsusən də geologiya elminə sonsuz maraq və həvəsi
onu Bakı Dövlət Universitetinin geoloji-kəşfiyyat
fakültəsinə gətirmiş, qəbul
imtahanlarını uğurla verərək tələbə
adını qazanmışdır.
Hələ tələbəlik
illərindən geoloji tədqiqatlara başlayan M.Məmmədov
müstəqil geoloji fəaliyyətinin artıq ilk illərində
Azərbaycanın hazırlıqlı və öndə gedən
geoloqlarından biri olmuşdu. Dərin elmi biliyə və təfəkkürə
malik olan M.Məmmədov 1962-ci ildə Azərbaycan Elmlər
Akademiyasının (indiki AMEA) Geologiya İnstitutunda
aspiranturaya qəbul olunur və 1966-cı ildə dissertasiya
işini müvəffəqiyyətlə müdafiə edərək
geologiya-mineralogiya elmləri namizədi adına layiq
görülmüşdür.
Elmi-nəzəri biliklərini
istehsalatda həyata keçirmək məqsədi ilə
keçmiş SSRİ Geologiya Nazirliyinin Cənub geokimyəvi
ekspediyasında işə düzəlmişdir. Qısa
müddətdə öz bilik və bacarığı ilə
fərqlənən alimin yüksək təşkilatçılıq
qabiliyyəti özünü burada büruzə verir.
Gənc olmasına
baxmayaraq, o, müxtəlif illərdə Geologiya İdarəsində
geoloji partiya və ekspedisiyalarda rəis kimi fəaliyyət
göstərir. İşlədiyi müddətdə respublika ərazisində
bir sıra faydalı qazıntı yataqlarının, o
cümlədən Micdağ, Şəkərdərə, Vejnəli,
Filizçay, Katex kimi yataqların aşkar edilməsində
onun xüsusi xidmətləri olmuşdur.
1972-ci ildə elm sahəsinə
yenidən dönən M.Məmmədov bu sahədə də
parlaq istedada malik olduğunu bir daha təsdiqlədi.
Keçmiş SSRİ Geologiya Nazirliyinin nəzdində olan Mərkəzi
Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutunun (METDKİ)
Azərbaycan Şöbəsində laboratoriya müdiri kimi fəaliyyətə
başlayan M.Məmmədov 1973-1988-ci illərdə öz təşəbbüsü
və bilavasitə iştirakı ilə yaradılmış
METDKİ-nin Cənub kompleks təcrübi-metodik geoloji
eksredisiyasının rəhbəri vəzifəsinə qədər
yüksəlmiş, daha sonra METDKİ-nin Cənub
filialının direktoru təyin edilmişdir.
1992-ci ildə M.Məmmədovun
bilavasitə iştirakı və təşəbbüsü
ilə "AZƏRQIZIL" Dövlət Şirkəti
yaradıldı və respublika Prezidentinin fərmanı ilə
o, şirkətin prezidenti təyin edildi.
Azərbaycanın
müxtəlif regionlarında 54 perspektivli və potensial
perspektivli qızıllı strukturların, yeni köklü və
səpinti qızıl yataqlarının aşkar edilməsi,
Çovdar yatağının
qızıllılığının öyrənilməsi,
Göygöl qalxımında "Buzluq", "Kəpəz",
"Tulallar" yataqları və bir sıra qızıl təzahürləri
olan sahələrin aşkar edilməsi birbaşa onun adı ilə
bağlıdır. Onun metodiki rəhbərliyi altında
qısa müddət ərzində minimal xərclərlə
bir sıra yataqların ehtiyatları yenidən işlənib
qiymətləndirilmiş və ehtiyatları
hesablanmışdı. Bu da Azərbaycanın dağ-mədən
sənayesinin mineral xammal bazasının 15 dəfə
genişləndirilməsinə imkan vermişdi.
Azərbaycanın
çoxlu sayda yataqlarının geoloji-iqtisadi cəhətdən
yenidən qiymətləndirilməsində, onların sənaye
mənimsənilməsinə cəlb edilməsində Mir Həmid
Məmmədovun xüsusi xidmətləri olmuşdur.
Ümumiyyətlə, Azərbaycanın
ehtiyatları M.Məmmədovun rəhbərliyi altında yenidən
qiymətləndirilmişdi və istismar mənimsənilməsinin
tələbatlarına tam cavab verməsi bir daha təsdiqlənmişdir.
Bu da öz növbəsində Qafqazda Azərbaycanın
potensial, irihəcmli qızıl ehtiyatlarına malik ölkə
olduğunu deməyə imkan vermişdi.
Azərbaycanın
qızıllılığı üzrə tövsiyələr
və təkliflər xarici ekspertlər tərəfindən
yoxlanılmış və 9 qızıl yatağının kəşfi
və işlənməsi barədə Amerikanın "RV
İnvestment Group Services LLC" kompaniyası ilə
bağlanmış kontraktda öz əksini
tapmışdır. Kontraktın imzalanma miərasimində Azərbaycan
Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev
də iştirak etmişdi.
Bu kontrakt respublika
üçün beynəlxalq aləmdə əhəmiyyətli
bir kontrakt idi. Bundan əlavə, M.Məmmədov və onun rəhbərlik
etdiyi kollektivin elmi nailiyyətləri daha 6 yatağın və
filiz hövzələrinin işlənməsi
üçün digər xarici şirkətlərlə
kontrakt imzalamağa imkan vermişdi.
Azərbaycanın dolomit
yataqlarından maqneziumun alınması üçün
texnoloji proseslərin işlənməsındə,
palçıq vulkanları tullantılarının geoloji və
texnoloji tədqiqatlarla öyrənilməsındə də
onun rəhbərlik etdiyi kollektivin xüsusi xidmətləri
olmuşdu.
Mir Kamil müəllimin
rəhbərliyi altında Azərbaycanda geoekoloji sahədə
də diqqətə layiq işlər
görülmüşdür. Azərbaycanda geoekoloji elmi-tədqiqatların
koordinasiyası sahəsində həyata keçirilən
işlər məhz onun adı ilə bağlıdır.
M.Məmmədov
geologiyanın müxtəlif sahələrinə dağ-mədən
işlərinə, geoiqtisadiyyata, geotexnologiyaya və
geoekologiyaya aid 150-dən çox çap olunmuş elmi məqalələrin
və əlyazmalarının müəllifidir.
Onun elmi nailiyyətləri
beynəlxalq aləmdə də lazımınca qiymətləndirilmişdir,
1977-ci ildə o, Beynəlxalq Geoekoloji Akademiyanın akademiki,
daha sonra isə Avropa-Asiya Geofiziki Cəmiyyətinin həqiqi
üzvü seçilmişdir.
2000-ci ildə Milli
Marketinq İnstitutunun Direktiv Şurası tərəfindən
"Grand PRİX AMERİKA FOR GUOLİTU and SERVİCE"
mükafatı ilə
mükafatlandırılmışdır.
M.Məmmədovun xidmətləri
dövlət tərəfindən də layiqincə qiymətləndirilmişdi.
O, "Xalqlar Dostluğu" ordeni və bir sıra medal və
fəxri fərmanlarla təltif edilmişdir.
Bu gün 75 illik
yubileyini qeyd etdiyimiz Mir Həmid müəllim kamilliyin,
müdrikliyin zirvəsindədir. Arzu edirik ki, bundan da yüksək
zirvələrə ucalsın. Ümidvarıq ki, o, buna nail
olacaq və uzun müddət geologiya elminə öz töhfəsini
verəcək.
Hacıyeva S.
Hüseynov Q.
Respublika.- 2008.- 26 noyabr.- S.7.