Azərbaycanı xoşbəxt gələcəyə aparan yol

 

Oktyabrın 15-də Azərbaycan xalqı azad, şəffaf və demokratik seçkilərdə növbəti dəfə öz tarixi seçimini etdi. Xalq növbəti beş ildə də ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi görmək istədiyini təsdiqləyərək böyük səs çoxluğu ilə onu ölkə Prezidenti seçdi.

Seçicilərin inamının möhkəm əsasları vardır. Biz cənab İlham Əliyevin fəaliyyətini ilk prezidentlik dövründə Azərbaycanın həyatının sürətlə yaxşılığa doğru dəyişməsində gördük. Cənab İlham Əliyevin ilk prezidentlik dövrü həyatımızın hər sahəsində uğurlu gələcəyə möhkəm təminat verən əlamətdar hadisələrlə zəngin olmuşdur. Əgər biz son beş ilin yekunlarına ümumi şəkildə qiymət versək, inamla deyə bilərik ki, Azərbaycan böyük öndərimizin arzuladığı kimi, getdikcə dövlət müstəqilliyini möhkəmləndirir və dünya birliyində mövqelərini daha da gücləndirir. Son on beş il ərzində on illərə bərabər bir yol keçilib. Azərbaycan daxili sabitliyə, iqtisadiyyatın inkişaf tempinə, investisiya qoyuluşunun həcminə, beynəlxalq aləmdə qazandığı  imicinə və digər parametrlərə görə bir çox ölkələrdən qabağa getmişdir.

"Bizim siyasətimizin əsasında bir amal, bir məqsəd dayanır: Azərbaycanın güclənməsi, qüdrətli dövlətə çevrilməsi, Azərbaycan xalqının rahat, firavan yaşaması. Bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik, milli həmrəylik, milli birlik var, inam var. Bizim gücümüz birliyimizdədir, birgə fəaliyyətimizdədir..." Bu sözlər ölkə Prezidenti İlham Əliyevə məxsusdur və onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir. Cənab İlham Əliyevin 2003-cü ildən bəri dövlət başçısı vəzifəsində fəaliyyəti xalqa və dövlətə sədaqətlə xidmət etmək amalı üzərində qurulmuşdur. O, dəstəyini xalqdan aldığı kimi, fəaliyyətinin məqsədini də ölkənin çiçəklənməsi, insanların daha yaxşı yaşamaları üçün əlverişli şərait yaratmaqda görür. Bunun təsdiqini isə dövlət başçısının respublikamızda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, doğma ev-eşiklərindən didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, çadır şəhərciklərinin ləğvi, əmək haqlarının, pensiya və digər müavinətlərin mütəmadi artırılması ilə bağlı imzaladığı fərman və sərəncamlarda görmək mümkündür.

Dövlət başçısı İlham Əliyevin birinci prezidentlik müddətində fəaliyyətini ilk növbədə, xəlqilik nöqteyi-nəzərindən xarakterizə etmək mümkündür. Artıq tarixə dönən beş il "Prezident-Xalq" birliyinin əyani təzahürünə çevrilmişdir. Dövlət başçısı demək olar ki, bütün bölgələrə səfərlər etmiş, paytaxtın əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri ilə yüzlərlə görüşlər keçirmişdir. Bunlar heç də adi protokol xarakterli səfərlər və yaxud görüşlər deyildir. Ölkə Prezidentinin vaxtaşırı bölgələrə getməsi, insanlarla sıx ünsiyyət qurması onun öz seçiciləri qarşısında hesabatı kimi dəyərləndirilməlidir. Məsələnin başqa tərəfi də önəmlidir. Prezident yerlərdə olarkən, insanlarla söhbətlər apararkən problemlər barədə, necə deyərlər, ilk mənbədən məlumat alır, ölkədəki ab-hava ilə daha yaxından tanış olur ki, bunlara sonradan dövlətin daxili siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində mütləq diqqət yetirilir. Bu barədə söhbət açarkən bölgələrin, qeyri-neft sektorunun ümumi inkişaf proseslərindən geri qalması, əhalinin məşğulluğunun təmin edilməsi kimi bir vaxtlar çox kəskin dayanan problemləri xatırlamaq yerinə düşərdi. Öz fəaliyyətində, dövlət siyasətinin formalaşmasında xalqın təkliflərinin nəzərə alınmasına böyük önəm verən cənab İlham Əliyev ölkə üçün taleyüklü əhəmiyyət daşıyan problemlərin qısa müddətdə həllinə nail olmaqdan ötrü sosial-iqtisadi inkişaf proqramları qəbul etdi. Bildirdi ki, onun ilk prezidentlik müddətində respublikada 600 min yeni iş yeri açılacaqdır. Biz beş ilin yekununda cənab Prezidentin xalqa verdiyi vədlərin yüksək səviyyədə yerinə yetirildiyinin şahidiyik.

Məlumdur ki, bu və ya digər ölkənin hərtərəfli inkişafı, milli maraqlarının maksimum dərəcədə qorunması üçün onun iqtisadi potensialı əsas rol oynayır. Bu cəhətdən cənab İlham Əliyevin rəhbərliyi altında ötən beş ildə iqtisadi sahədə qazanılan nailiyyətlər çox sevindiricidir. Son illər ölkəmizdə dövlət başçısının qəbul etdiyi regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının uğurla həyata keçirilməsi ilə yadda qalmışdır. Beş ildə respublikamızda iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılması, regionların dirçəldilməsi, kənd təsərrüfatında ənənəvi istehsal sahələrinin inkişafının təmin edilməsi, fermerlərin texnika ilə təchizatının yaxşılaşdırılması, özəl bölmədə sahibkarların üzləşdikləri problemlərin həlli, investisiya mühitinin daha da münbitləşdirilməsi, güclü milli sahibkarlar təbəqəsinin formalaşdırılması üçün intensiv tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısı İlham Əliyevin iradəsi ilə iqtisadiyyatın dinamik və hərtərəfli inkişafına yönəldilən bütün bu tədbirlərin nəticələrini statistik göstəricilərdə izləmək mümkündür. Sevindirci haldır ki, respublikamızda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı ilbəil artır. Ötən il bu göstərici 25 faizi ötmüşdür ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Son beş ildə ölkədə aparılan əsaslı iqtisadi islahatların nəticəsində respublikamızda iqtisadiyyatın həcmi 96 faiz yüksəlmişdir. Belə bir fakt məmnunluq doğurur ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu getdikcə artır. Təkcə ötən il bu göstərici 6 milyard manatdan çox olmuşdur. Ən önəmli cəhət isə odur ki, bunların böyük əksəriyyəti daxili investisiyalardır. Əgər bir vaxtlar Azərbaycan xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının investisiyalarına ciddi ehtiyac duyurdusa, indi bunun tamam əksinin şahidiyik. Hazırda ölkəmizdə bir sıra kifayət qədər iri infrastruktur layihələri məhz daxili imkanlar hesabına reallaşdırılır, hətta respublikanın iqtisadi gücü o həddədək yüksəlmişdir ki, artıq Azərbaycanın özü regional layihələrə sərmayələr yönəldir.

Cənab İlham Əliyevin ilk prezidentlik müddəti bir sıra möhtəşəm layihələrin reallaşdırılması ilə əlamətdar olmuşdur. Bu sırada ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və çox böyük səyləri hesabına əfsanədən reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istismara buraxılmasını xüsusi vurğulamaq gərəkdir. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi uğurla davam etdirilir. Ölkə Prezidentinin vurğuladığı kimi, bunlar dünya əhəmiyyətli layihələrdir və həm Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə öz töhfəsini verir, həm də bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərir.

Cənab İlham Əliyevin dövlət başçısı vəzifəsində uğurlu fəaliyyəti barədə söhbət açarkən çox həssas sahə olan təhsilə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və daha da zənginləşməsinə, Azərbaycanda XXI əsrin tələblərinə uyğun insan potensialının yetişdirilməsinə göstərilən diqqət və qayğını xüsusi vurğulamaq gərəkdir.

İlk prezidentlik müddətində fəaliyyətinin əsas istiqamətləri siyasi sabitliyin qorunması, bu zəmində ölkənin iqtisadi yüksəlişinə nail olunması, insan amili və sosial sferanın inkişafı olmuşdur. Cənab Prezident respublikanın sosial-mədəni inkişaf perspektivlərindən söhbət açarkən bəyan etmişdir ki, iqtisadi tərəqqinin yaratdığı imkanlar ilk növbədə Azərbaycanın insan potensialının inkişafına yönəldilməlidir. Bunun təsdiqi kimi son beş ildə sosial layihələrin reallaşdırılması ilə bağlı çoxlu sayda nümunələr göstərə bilərik. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının, səhiyyə obyektlərinin, idman qurğularının inşası, Bakının yol infrastrukturunun yeniləşdirilməsi bu sıradadır.

Son beş ildə dövlət başçısı cənab İlham Əliyevin səyləri ilə respublikamızda sabitliyin qorunmasının, siyasi kursun davamlılığının təmin edilməsinin əhəmiyyətini iş adamları daha yüksək dəyərləndirirlər. Bu bizə yeni layihələri həyata keçirməyə imkan verir. Ölkəmizin sosial-iqtisadi göstəricilərinin yaxşılaşmasında sahibkarlığın, özəl bölmənin rolu getdikcə artır. Bir iş adamı kimi, mənim üçün çox fərəhlidir ki, artıq respublikamızda ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 70 faizi ötmüşdür. Ölkədə sahibkarlığın belə geniş intişar tapması, ilk növbədə respublika Prezidentinin qayğısı və iş adamlarını daim dəstəkləməsi ilə bağlıdır. O öz çıxışlarında sahibkarların hamisi olduğunu dəfələrlə bəyan etmişdir. Biz son beş ildə bunun əyani şahidiyik. Dövlət başçısı sahibkarlara qayğını özəl bölmənin inkişafına impuls verən sərəncam və fərmanlarda təsdiqləmişdir. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən bir qədər sonra respublikanın iş adamları ilə görüş keçirdi. Həmin görüşdə ölkə Prezidenti iş adamlarını narahat edən problemlerlə ətraflı tanış oldu, özəl sektorun inkişafına hərtərəfli kömək göstərəcəyini bəyan etdi.

Respublikanın bütün iş adamları kimi, rəhbərlik etdiyim "Azərtəchizat-M" MMC şirkətinin təmsilçiləri də respublikada dövlət başçısının qayğısı ilə yaradılan əlverişli sahibkarlıq mühitindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Çox şadıq ki, dinamik inkişaf edən Azərbaycanda xidmət sahəsi də ilbəil daha yüksək səviyyəyə qalxır və bu işdə bizim də töhfəmiz vardır. Bizim fəaliyyətimizin xüsusiyyəti elədir ki, daim insanlarla, ələlxüsus da gənclərlə təmasda oluruq. Bu isə ikiqat məsuliyyət deməkdir. Gərək yüksək xidmət mədəniyyəti göstərib müştəriləri razı salasan, onların zövqünü təmin etmək üçün daim axtarışda olasan, yeni əlaqələr qurasan. Əks halda bazar iqtisadiyyatı şəraitində rəqabətə tab gətirmək qeyri-mümkündür. "Azərtəchizat-M" MMC şirkəti Azərbaycan istehlakçılarının tələbatını yüksək səviyyədə ödəmək üçün dünyanın ən qabaqcıl istehsalçıları ilə əlaqələr qurub. Hazırda Bakıda və respublikanın digər şəhərlərində geniş xidmət şəbəkəmiz fəaliyyət göstərir.

Gələcək planlarımız da genişdir. Biz ölkəmizdəki əlverişli sahibkarlıq mühitindən bəhrələnərək "Azərtəchizat-M" MMC şirkətinin fəaliyyətini daha da genişləndirməyi, şəbəkəmizə yeni, daha müasir xidmət məntəqələri daxil etməyi planlaşdırırıq.

 

Yusifov E.

 

 Respublika.- 2008.- 26 noyabr.- S.2.