Tarixə işıq salan nəşrlər
"Qismət"
nəşriyyatının çap etdiyi yeni kitabların təqdimat
mərasimi keçirildi
Dünən Atatürk Mərkəzində
yeni nəşrlər - "Türk Qafqaz İslam Ordusu və
ermənilər. 1918.", "Missioner" kitablarının,
"Müasir İnkişaf İctimai Birliyinin "Türk
Eli" jurnalının təqdimat mərasimi keçirildi.
Türkiyə səfirinin, tanınmış tarixçilərin,
ziyalıların, millət vəkillərinin və ölkə
mediayasının nümayəndələrinin iştirak etdiyi
tədbiri "Müasir İnkişaf İctimai Birliyinin sədri
Mübariz Aşırlı açaraq yeni nəşrlər
barədə məlumat verdi. Qeyd etdi ki, milli mənəvi dəyərlərimiz,
tariximiz, dinimizlə bağlı çoxsaylı kitablar
çap edən "Qismət" nəşriyyatı tərəfindən
oxuculara təqdim olunan bu yeni nəşrlər Türk Qafqaz
İslam Ordusunun Azərbaycana gəlişinin 90 illiyi ilə əlaqədar
silsilə nəşrlərin uğurlu davamıdır.
Yeni nəşrlərin
hazırlanmasında və ərsəyə gətirilməsində
xüsusi xidməti olan Xəlil Öztürk
çıxışında vurğuladı ki, hər bir
insanın yaradanı, ailəsi, cəmiyyət və
yaşadığı mühit milləti və vətəni
qarşısında vəzifə və borcu vardır. Vacib
olan bir həqiqət də vətəni vətən edən
şəhid və qazilərimizin unudulmamasıdır.
Onların dövlət və din üçün etdiklərini
heç zaman yaddan çıxarmamalıyıq. Unutmamanın
və unudulmamanın ən gözəl və dolğun yolu
yazılardır, kitablardır. Biz "Qismət" nəşriyyatı
olaraq əlimizdən gələn qədər çap
etdirdiyimiz kitablar vasitəsilə bu borcumuzu yerinə yetirməyə
çalışırıq.
Oxuculara təqdim olunan
yeni nəşrlərdən biri Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin
90 illiyi münasibətilə Mustafa Görüryılmazın
yazdığı "Türk Qafqaz İslam Ordusu və ermənilər.
1918." kitabıdır. Kitabda türk ordusunun Azərbaycanda
göstərdiyi döyüş mübarizəsindən ətraflı
bəhs olunur. Xatırladım ki, kitabın müəllifi
Mustafa Görüryılmaz TRT-nin Bakı nümayəndəliyinin
rəhbəri olubdur. Azərbaycanda olduğu dövrdə
türk ordusunun gəlişi ilə bağlı bütün mənbələrdən
istifadə edib, o dövrü xatırlayan bir çox
insanların xatirələrinə istinad etmişdir. Məhz bu
canlı xatirələr kitaba ayrı bir rəng və kövrəklik
qatmışdır.
İkinci
kitabımız Əhməd Həmdi Paşanın müəllifi
olduğu "Missioner" əsəridir. Katolik kilsəsinin əhalisi
müsəlman olmayan ölkələrdə
xristianlığı yaymaq məqsədi daşıyan
missionerlik fəaliyyəti bu kitabda ibrətamiz şəkildə
qələmə ahınıbdır. Bu kitabı hər bir
müsəlman türk gəncin oxuması çox vacibdir.
Üçüncü nəşrimiz
"Müasir İnkişaf İctimai Birliyi ilə birlikdə
çap etdiyimiz "Türk Eli" dərgisidir. Dərginin
bu sayı Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin
90 illiyinə həsr olunubdur. Jurnalın redaksiya heyəti həm
Azərbaycan, həm də Türkiyənin dəyərli elm
adamlarından təşkil olunubdur. Jurnal türk
dünyasının birgə mədəniyyətinə, tarixinə
işıq salmaq, onun ayrı-ayrı coğrafiyaları
arasındakı əlaqələrin, körpülərin daha
da təkmilləşdirilməsinə xidmət etməklə
Türk dünyasının ümumi problemlərini üzə
çıxarmaq və onların aradan qaldırılması
yollarını axtarmaq məramı daşıyır.
"Türk Qafqaz
İslam Ordusu və ermənilər. 1918." kitabını
Azərbaycan dilinə çevirən və ön söz
müəllifi professor, millət vəkili, Azərbaycanda
Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov qeyd
etdi ki, bu kitabla oxucular bir daha o dövrün hadisələrinə
obyektiv qiymət vermək şansı əldə edəcəklər.
Mustafa Görüryılmazın gərgin
çalışmalarının nəticəsi olan kitabda
müəllifin yalnız Qafqaz İslam Ordusunun Azərbaycandakı
fəaliyyətini araşdırmaqla qalmadığını,
eyni zamanda Dağıstan hərəkatının məqsədini,
məramını da təqdim və təhlil etdiyini görmək
mümkündür. Müəllifin kitabda Qafqazın və Azərbaycanın
coğrafi mövqeyindən ictimai-siyasi durumuna qədər olan
bütün məsələləri işıqlandırması,
I Dünya müharibəsi ərəfəsində Osmanlı
imperiyasındakı vəziyyət, Azərbaycan Xalq
Cümhuriyyəti ilə bağlı da oxucuya geniş məlumatlar
verməsi onun məlumat dairəsinin genişliyindən, Azərbaycana,
ümumən Türk dünyasına olan sevgisindən irəli
gəlir. Kitabda ermənilərin Azərbaycanda əhaliyə
qarşı törətdikləri qətliamlar və Qafqaz
İslam Ordusunun bu qətliamları nə şəkildə
önlədiyi də geniş əks etdirilmişdir. Kitabın
mühüm əhəmiyyətə malik olduğunu
düşünürəm. Çünki təxminən 70 il ərzində
sovet imperiyasının əsarəti altında yaşayan Azərbaycanda
Qafqaz İslam Ordusu və onun fəaliyyəti ilə
bağlı həqiqətlərin işıq üzü
görməsinə imkan verilmədi. Bir sıra hallarda qəhrəman
türk əsgərlərinə, onların Qafqazda
bolşevik-daşnak qüvvələrinə qarşı
mübarizəsinə qərəzli münasibət göstərildi.
Ona görə də bu
sahədə daha çox araşdırmalar aparılmalı,
real faktlar cəmiyyətə, Azərbaycan və Türkiyə
ictimaiyyətinə təqdim olunmalıdır.
Akademik Vasim Məmmədəliyev
kitabla bağlı fikirlərini bölüşərək
"Missioner" kitabının da olduqca dəyərli məzmunu
barədə danışdı. Bildirdi ki, Əhməd Həmdi
Paşanın şəxsən qələmə
aldığı türkiyəli məşhur
ilahiyyatçı, professor M.Camal Sofioğlunun nəşrə
hazırladığı və Azad Yaşarın Azərbaycan
dilinə uyğunlaşdırdığı "Missioner"
kitabı bir ingilis missionerinin və ya bir missioner kadrın necə
yetişdirildiyini ortaya qoyan qiymətli əsərdir. "Qismət"
nəşriyyatında hazırlanıb oxuculara təqdim olunan
bu kitabda missionerlərin, xüsusilə İslam
dünyasındakı fəaliyyətləri, onların
islamı və müsəlmanları parçalayaraq təfriqəyə
salma ideyaları, müsəlman cəmiyyətinin içinə
girərək, şəhər, kənd, qəsəbə,
dağlıq, səhralıq, düzənlik bilmədən
müxtəlif yollarla, hətta adlarını, geyim-keçimlərini,
həyat tərzlərini dəyişərək və özlərini
bölgə insanından biri kimi burada xristianlaşdırma
siyasətini aparmaları və xristian dəyərlərinin təbliğatı
tarixi faktlarla üzə çıxarılır. Bu gün təqdim
olunan yeni nəşrlər hər iki qardaş xalqın milli-mənəvi
dəyərləri, tarixi barədə sanballı nümunələrdir.
Türkiyənin Azərbaycanda
səfiri Hulusi Kılıç bu nəşrlərin tarixi əhəmiyyəti
barədə danışaraq Türkiyənin hər zaman Azərbaycanın
yanında olmasını, onun haqq işini dəstəkləməsini
vurğuladı. Belə nəşrlərin hər iki dövlət
arasında mədəni və tarixi əlaqələrinin
inkişafında mühüm rol oynadığını qeyd
etdi.
"Qismət" nəşriyyatının
direktoru Zahid Məmmədrzayev yeni kitabların yüksək səviyyədə
hazırlanmasında zəhməti və köməyi olan hər
kəsə təşəkkürünü bildirdi.
Kitabların geniş oxucu kütləsinin böyük
marağına səbəb olacağına
inandığını bildirdi. Nəşriyyat Azərbaycanın,
ümumən türk dünyasının mənəvi dəyərləri,
tarixi ilə bağlı bundan sonra da kitablar çap etmək
niyyətindədir.
Çıxışlarda
belə bir inam ifadə olundu ki, belə sanballı
araşdırmaların sayının artmasına böyük
ehtiyac var. Çünki bu araşdırmalar Azərbaycan-Türkiyə
əlaqələrinin möhkəmlənməsi istiqamətində
dəyərli töhfələr verir.
Kamal M.
Respublika.- 2008.- 28 noyabr.- S.5.