Ömrün mənalı anları

 

O bu dünyaya insanlara yaxşılıq, xeyirxahlıq etmək, yıxılanın qolundan tutmaq, kimsəsizə arxa-dayaq olmaq üçün gəlmişdi. Bəlkə də həyatda erkən yaşlarında ata-anasını itirib yetimliyin acısını yaşadığı, arxa-dayaq duranı olmadığından büdrəyə-büdrəyə yaşamağın, çarpışmağın, mübarizə aparmağın nə qədər çətin olduğunu bildiyi üçün edirdi bunu. Amma yox! Zəhra xanımın əməllərinin, xeyirxahlığının əsasında onun insanlara sevgisi dayanırdı. Tanrı ondan insani keyfiyyətləri əsirgəməmiş, yaxşı əməlləri onu insanlığın ən uca zirvəsinə ucaltmışdı.

Onun haqqında danışarkən birmənalı şəkildə "Gözəl insandır!" deyərdilər. Gördüyü iş, əməlləri Tanrıya da, bəndəyə də xoş gedirdi və bu adı daşımağa mənəvi haqq qazanmışdı. Zəhra xanım Quliyeva hələ sağlığında ikən özünə qəlblərdə bir abidə ucaltmış, el anası olmuşdu. Xalq arasında onu belə tanıyıb, belə də sevmişdilər: yüksək insani keyfiyyətləri, şəfalı və şəfqətli həlimliyi, alicənablığı, kübarlığı ilə...

Azərbaycan qadınının simvolu sayılırdı Zəhra xanım. Yüksək mədəniyyət, intellekt, aydın təfəkkür, dərin analitik mühakimə... Onun xalq arasındakı böyük nüfuzunun əsasında bu amillər dururdu.

1923-cü il yanvarın 18-də Bakıda doğulub. Atası Tahir bəy ali təhsilini mühəndis, anası Camal xanım evdar qadın idi. Ailənin ilk övladı kimi əzizlənmiş, sevilmişdi. O, gözəl-göyçək, qayğıkeş anası, son dərəcə mədəni, alicənab, diqqətli, övladcanlı atasının sevgisindən tər çiçək kimi gündən-günə ətirlənir, təravətlənirdi. Arıq, sısqa irigözlü, qaraca qızcığaz hər gün dəyişir, gözəlləşirdi. Dövrünün ziyalısı olan Tahir bəy Zəhra üçün Almaniyadan dayə də gətirtmişdi. Beləcə, dərslərdən əlavə, musiqi təhsili də alır, alman dilini öyrənir, valideynlərinin qayğısı ilə əhatə olunurdu. 1933-cü ilin dekabrını o, ömrünün sonuna qədər unutmadı. Bir sərt qış günü anası Camal xanımı itirəndə onun cəmi 10 yaşı var idi. Bu yaşda xəzan vurmuşdu təzə-təzə pöhrələyən fidanı. Bu itkinin ağrısını sonralar dərk etmişdi, həyat yoldaşı Məmmədağa Səttarovu erkən itirəndə atasız qalmış qızı Cəmiləyə: "Atasız, anasız uşaq qanadsız quş kimidir, qanadsız nə etmək olar?" söyləmişdi. Təbii ki, bu sözlərin mənasını da çox-çox sonralar başa düşmüşdü. Cəmilə xanım: "Anam insanı atalı-analı, qohum-əqrəbalı daha güclü sayırdı. Əslində, mən özümü gücsüz hesab etmirdim, çünki anam mənə atasızlığımı unutdurmuşdu, mən onunla həmişə özümü güclü bilmişəm"-deyir.

Tahir bəy nəcib, vətənpərvər, öz dilinə, millətinə, yurduna bağlı bir insan idi və övladlarını da bu ruhda, bu əqidə və məsləkdə tərbiyə edirdi. Zəhra xanım bu barədə belə deyirdi: "Mən əvvəlcə rus bölməsində təhsil alırdım. Ancaq atamın məni rus bölməsindən çıxarıb Azərbaycan bölməsinə keçirməsinin səbəbini sonralar bildim. Allah onun ruhunu şad etsin. O, necə də uzaqgörən insan imiş. Mən Azərbaycan-doğma ana dilimi mükəmməl bildiyimə görə yalnız atama borcluyam, minnətdaram".

Zəhra Quliyeva gözəl natiqlik məharətinə malik idi. O, ən böyük auditoriyanı bir anın içində ələ almağı, inamlı çıxışı ilə fikirlər yürütməyi və onu qəbul etdirməyi çox gözəl bacarırdı.

Anasının ölümündən sonra ailədə onun yerini sevimli şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın bacısı Nəzirə xanım tutdu: "Mənə ana demə, ana bir dənə olur, məni xala deyə çağır, sizə analıq edəcək, böyüdəcəyəm"— deyən Nəzirə xanım həqiqətən onlara analıq etdi, ana nəvazişini göstərdi, sonradan özünün həyata gətirdiyi daha iki övladı ilə bərabər beş yetim böyütdü, hamısına ali təhsil verdi. Uşaqların dayəsinin hərəkətlərini xoşlamadığından onu işdən azad etdirib evin, ailənin bütün qayğılarını öz üzərinə götürdü. Zəhra xanım hafizəsində möhürlənib qalmış acılı-şirinli uşaqlıq illərinin o məqamlarını belə xatırlayırdı: "Ailədə beş uşağın əziyyətini Nəzirə xala çəkirdi. Atamla çox mehriban dolanırdılar. Bizi öz uşaqlarından ayırmırdı. Tale yenə bizi sınağa çəkdi. Atamı qəfil ölüm apardı. Çox çətinlik çəkirdik. Üstümüzdə zəhməti çox idi, bunu unutmaq olmaz...". Ailənin yükü təkcə Nəzirə xanımın üzərinə düşmürdü. Zəhra da bacı və qardaşlarının qayğısını çəkir, zərif çiyinlərini ən ağır yükün altına verməkdən cəkinmir, öz böyüklüyünü göstərirdi.

Zəhra xanım gözəl mənəviyyata malik bir insan idi və onun mənəvi dünyası hələ kiçikliyindən formalaşmışdı: "Atamdan təhsilə, elmə həvəs, zəka, səxavət, humanistlik,  torpağa,  xalqa  məhəbbət dərsləri almışam. Anamdan zəriflik, incəlik, mərhəmət, sədaqət, fədakarlıq, sevgi hissləri əxz etmişəm. Nəzirə xala mənim üçün cəfakeşlik, şəfqət, dəyanət timsalı olub. Xalqımızın adət-ənənələri, folkloru, ədəbiyyat və incəsənəti mənəvi dünyamı formalaşdırıb"-deyirdi el anası.

Bir dəfə Zəhra xanıma belə bir sual vermişdilər: "Həyatda yenidən peşə seçimi qarşısında qalsaydınız, hansını seçərdiniz?" Cavabı belə olmuşdu: "Göz bir aləmdir, ecazkar möcüzələr aləmi, sirri açılmamış dünya. Göz balaca, zərif olsa da onun funksiyası, insan həyatı üçün rolu əvəzedilməzdir. Xalq deyimlərinə baxın: "Göz insan bədəninin padşahıdır", "Gözlər söz demədən danışır", "Gözlərin danışığını incə qəlbli insanlar başa düşür" və s. Belə möcüzəli, sirli-sehrli gözü qoyub başqa sahəni seçərəmmi? Həyatda mənə belə bir imkan verilərsə, insanlara səadət, işıq, dünyaya baxış bəxş etmək üçün yenidən oftalmologiyanı seçərəm!".

Professor Zəhra Quliyeva 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru olmuşdur. Təcrübəli pedaqoq, istedadlı alim, bilikli həkim, mahir oftalmoloq-cərrah Zəhra xanım uzun müddət oftalmologiya kafedrasına rəhbərlik etmiş, sevimli müəllimi Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ümnisə xanım Musabəyovanın ənənələrinə sadiq qalaraq həkim və elmi-pedaqoji kadrların yüksək səviyyədə hazırlanması sahəsində əzmlə çalışmışdır. Dörd namizədlik dissertasiyasının elmi rəhbəri, 4 monoqrafiyanın, 160-dan artıq elmi məqalənin, "Göz xəstəlikləri" kitabının, 4 dərs vəsaitinin, 1 ixtira və 4 səmərələşdirici təklifin müəllifi idi.

1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri, eyni zamanda, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü olub, "Səhiyyə əlaçısı" adına layiq görülüb. Zəhra xanımın nailiyyətləri, titulları çox olub. Təəssüf ki, bir qəzet yazısında bunların hamısını əhatə etmək mümkün deyil. Ancaq onun Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətindən danışmamaq qeyri-mümkündür.

Zəhra xanım ərazisinin 20 faizi düşmən tapdağı altında olan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın böyük problemlərlə üzləşmiş qadınlarına analıq qayğısı göstərməyi bacaran, onların dərdinə şərik olan, ömrünün müdrik çağında da böyük ictimai fəallıq nümayiş etdirən dövlət xadimi kimi hamının sevimlisinə çevrilmişdi.

Həyatın sərt üzü onu dəfələrlə sınağa çəksə də, keşməkeşlərdən keçsə də, özünü xoşbəxt sayırdı: "Tale məni həyatda Heydər Əliyevlə qarşılaşdırdı. Bu dahi şəxsiyyət həyatıma mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə mövqe tutmağımda həmişə mənə qayğı göstərdi. Rektor təyin olunmağım, komitə sədri olmağım Heydər Əliyevin mənə göstərdiyi etimadın, qayğının, münasibətin təzahürüdür.

Özümü xoşbəxt sayıram, ona görə ki, Heydər Əliyevin həyat yoldaşı, gözəl insan, akademik Zərifə xanımla bir yerdə işləmişəm, dostluq etmişəm. Xoşbəxtəm ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla birgə yaşamışam, çalışmışam, onları özümə arxa-dayaq saymışam".

Bəli, Zərifə xanım doğrudan da xoşbəxt taleli insanlardan idi. Ona görə ki, o həyatda öz ağlı, zəkası, savadı ilə ucalmışdı. Ona etibar edilən hər işin öhdəsindən layiqincə gələr, başladığı hər işi uğurla başa çatdırardı. İnsanların təkcə gözlərinə deyil, qəlblərinə də işıq salardı. Hər kəsdə yaxşı bir cəhət axtarıb tapar, bu cəhəti dəyərləndirər və bunun fonunda o insanın özünü dərk etməyinə zəmin yaradardı.

Allah səbirli insanları sevər, onun da böyük səbri var idi. Səbir edər, gözləyər, içinə böyük bir sevgi yığar, sonra onu insanlara paylayardı. Müdrik məsləhətlərindən hamı bəhrələnərdi.

Ömrünün sonuna kimi dövlətçiliyimizə sədaqətlə xidmət etdi Zəhra xanım. Onu hər evdə tanıyır, gəlişini səbirsizliklə gözləyirdilər. Hər görüşü, hər çıxışı qızlarımıza, qadınlarımıza inam aşılayır, qarşılaşdıqları problemlərin həllində onlara yardımçı olardı. Beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edər, ağrı-acılarımızı, erməni təcavüzünün başımıza gətirdiyi faciələri dünya qadınlarına çatdırar, haqq işimizin dəstəklənməsi yönümündə yorulmadan çalışardı.

Zəhra xanım gənc nəslə örnək olacaq bir ömür yaşadı, müasirləri üçün sadə bir həqiqəti anlatdı: Xalqının sevincinə sevinən, kədərinə şərik olan el anası ilə bir arada olmaq hər kəsə böyük fəxarət hissi aşıladı. Artıq üç ildir ki, onun dünyanı sanki gözəlliyə qərq edən, çiçək təbəssümünü görmürük, müstəqil Azərbaycanımızın inkişafına yönələn kəlmələrini, sözlərini eşitmirik. Hər an yeri görünür o gözəl insanın, o qayğıkeş el anasının...

 

         Qurbanqızı Z.

 

         Respublika.-2008.- 28 noyabr.- S.6.